Mehdiyevlərin şirkəti maliyyə hesabatını açıqladı – 12 milyon manat gəlir

Mehdiyevlərin şirkəti maliyyə hesabatını açıqladı –

Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərən aparıcı şirkətlərdən birinin – “Şərq-Qərb” ASC-nin (VÖEN - 2000043631) 2024-cü ildə gəlirləri 11 milyon 713 min manat, xalis mənfəəti isə 844,7 min manat olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat ASC-nin sonuncu maliyyə hesabatında yer alıb.
Məlumat üçün bildirək ki, “Şərq-Qərb” ASC-nin 2023-cü ildə xalis mənfəəti 648,4 min manat, 2022-ci ildə 1 milyon 393,6 min manat, 2021-ci ildə isə 1 milyon 153 manat olub.
Onu da qeyd edək ki, “Şərq-Qərb”in 2024-cü il üçün açıqladığı hesabatda ASC-nin 2023-cü ildəki xalis mənfəəti 1 milyon 043,5 min manat göstərilir. Lakin ötən il 2023-cü il üçün açıqladığı hesabatda ASC-nin 2023-cü ildəki xalis mənfəətinin 648,4 min manat olduğu göstərilib. Ötən il hesabatda “Vergidən çıxılmayan xərclər” olaraq göstərilən 395 min manat, bu il açıqlanan hesabatda “Xalis mənfəət” bölməsinə əlavə olunub.
Məlumat üçün bildirək ki, “Şərq-Qərb” ASC 14 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 589 min 879 manat olan ASC Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 17 ünvanında yerləşir.
ASC ilə eyni ünvanda “Şərq-Qərb Mülk” MMC, “Şərq-Qərb Nəşriyyat Evi” MMC və “Qlobal East West” MMC də yerləşir.
Qeyd edək ki, bu ünvanda vaxtı ilə 4 nömrəli Bakı Kitab Mətbəəsi fəaliyyət göstərib. 2001-ci ildə özəlləşdirilərək “Şərq-Qərb” ASC-yə çevrilib.
“Şərq-Qərb” ASC-nin səhmlərinin 96%-inin Mehdiyev Teymur Ramiz oğluna məxsus olduğu qeyd olunub. Reyestr məlumatlarında Mehdiyev Teymur Ramiz oğlunun qeydiyyat ünvanı Bakı şəhəri İstiqlaliyyat küç., ev 9, m. 31 göstərilir ki, həmin ünvanda həm də Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev qeydiyyatdadır.
Qeyd edək ki, Ramiz Mehdiyevin yeganə oğlu general-mayor Teymur Mehdiyev hal-hazırda Fövqəladə hallar nazirinin müavinidir.
“Şərq-Qərb” nəşriyyatı əsasən Elm və Təhsil Nazirliyinin kitab (dərslik) çapı ilə bağlı keçirdiyi tender müsabiqələrində qalib olur.
Onu da bildirək ki, bir neçə il əvvəl Hesablama Palatası Baş Prokurorluğa müraciət edib ki, 2019-cu ildə AMEA ilə “Şərq-Qərb” ASC arasında imzalanan 10,4 milyon manatlıq müqavilədə cinayət tərkibi olduğu üçün istintaq başlatsınlar. Hesablama Palatasının haqqında bəhs etdiyi müqavilə imzalanan zaman Ramiz Mehdiyev AMEA-nın prezidenti olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
39 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...