“Atamın bəyənmədiyim obrazı yoxdur” - Telman Adıgözəlovun oğlu
Bu gün Azərbaycanın məşhur televiziya, teatr və kino aktyoru, xalq artisti Telman Adıgözəlovun doğum günüdür.
Telman Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən şəhərində anadan olub. Əslən ordubadlıdır. O, hələ orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak edib. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb.
Aktyor 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti və 2006-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb.
Telman Adıgözəlov 2010-cu il aprelin 15-də 56 yaşında ürək çatışmazlığından vəfat edib. Fatmayıdakı kənd qəbristanlığında torpağa tapşırılıb.
Modern.az saytı mərhum aktyoru yada salmaq üçün oğlu Tural Adıgözəlovla həmsöhbət olub.
Aktyorun oğlu saytımıza deyib ki, atası ilə hər zaman dostluq münasibətlərində olublar:
“Atamın dost-tanışları hansısa xatirələrini yada sala bilər. Amma Telman Adıgözəlov deyəndə ümumilikdə ata-oğul münasibətləri yadıma düşür. Yəni sırf bir xatirə deyil, atanın oğlu ilə keçirdiyi vaxtlar, yaşadığı günlər, göstərdiyi qayğı...
İnsan özü ilə tək qalanda həyatında yaranan müəyyən boşluqları hiss edir. Atamın yoxluğunu da belə zamanlarda hiss edirəm. Onun mənə verdiyi öyüd-nəsihətləri xatırlayıram. Xüsusilə də dar gündə, sıxıntıya düşəndə ata məsləhətinə ehtiyacının olduğunu dərk edirsən. Atam mənə hər zaman həyatla bağlı məsləhətlər verərdi, müəyyən dövlərdə cavab tapa bilmədiyim suallarda köməklik edərdi. Onunla həm də dost kimi münasibətimiz olub”.
Tural Adıgözəlov atasının bütün rollarını sevərək izlədiyini və bəyəndiyini deyib:
“Lakin ən çox sevdiyim “Evləri köndələn yar” tamaşasındakı obrazıdır. O tamaşaya baxanda elə bilirəm ki, atamın real həyatdakı gəncliyidir. Onun bəyənmədiyim obrazı yoxdur desəm, yanılmaram. Atam gözəl aktyor olsa da, biz övladları olaraq onun yolunu davam etdirmək potensialını özümüzdə görməmişik. Bacım diş həkimidir. O bu sənəti seçmək istəsə də atam qoymazdı, etiraz edərdi. Mənim də aktyorluğa deyil, idman sahəsinə həvəsim olub. Əksi olsaydı, hər halda atam mənə kömək edərdi”.
Aktyorun oğlu onun son günlərini belə xatırlayır:
“Atamın son günləri problemsiz, xoş keçib. Həmin vaxtlar normal günlərdən idi. Mən əsgərlikdə olduğum zaman 1 il müddətində heç görüşməmişdik. Hərdən düşünürəm ki, belə bir hadisənin olacağını , yəni əsgərlikdən qayıdandan bir müddət sonra atamı itirəcəyimi bilsəydim, onunla tez-tez görüşərdim, əsgərlikdə olsam da, yanıma gəlməsini istəyərdim. Sanki 1 il boşa getdi...”.
1004 dəfə oxundu