“SOCAR Turkey Enerji. A.Ş.” nüfuzlu mükafata layiq görülüb
Türkiyənin Antalya şəhərində, ölkənin energetika bazarı, ictimai və özəl sektor qurumlarının birgə təşkilatçılığı ilə 8-ci Türkiyə Enerji Zirvəsi keçirilib.
“Report” türk mətbuatına istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi – “SOCAR Turkey Enerji. A.Ş.” “Qızıl klapan” mükafatına layiq görülüb.
Mükafatı Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Fatih Dönməz şirkətin Biznesə dəstək üzrə rəhbəri Gülmirzə Cavadova təqdim edib.
Bununla bağlı açıqlama verən “SOCAR Turkey Enerji A.Ş.”nin xarici əlaqələr üzrə rəhbəri Murad LeCompte bildirib ki, təmsil etdiyi şirkət bütün fəaliyyətini ətraf mühitin və insan sağlamlığının qorunması əsasında qurub. Onun sözlərinə görə, hazırda “SOCAR Turkey Enerji A.Ş.” Türkiyədə ən böyük investordur və energetika sektorunın qabaqcıl şirkətlərindəndir.
“Yekun dəyəri 19,5 mlrd. dollar olacaq layihələri reallaşdırarkən ekoloji cəhətdən təmiz və bərpa olunan enerji mənbələrindən istifadə etməyə çalışırıq”, - deyə o, qeyd edib.
“Qızıl klapan” mükafatına layiq görülmələrindən qürur hissi duyduqlarını ifadə edən Murad LeCompte sosial məsuliyyət çərçivəsində ətraf mühit, təhsil, idman, mədəniyyət və incəsənət sahələrinə dəstək verməkdə davam edəcəklərini deyib. Onun sözlərinə görə, “SOCAR Turkey Enerji A.Ş.” ətraf mühitə və insanlığa fayda gətirmək üçün sosial dəyər yaratmaq uğrunda bütün imkanları ilə çalışır: “Biz həmişə insanlara və ətraf mühitə, universal dəyərlərə söykənərək investisiya edirik".
852 dəfə oxundu