Əmanətlərin Sığortalanması Fondu əmanətçilərə xəbərdarlıq edib
Avqustun 1-i “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank” ASC-lərin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üçün son gündür. Kompensasiyaların alınması üçün Əmanətlərin Sığortalanması Fonduna müraciət etməyən qorunan əmanətçilərdən 1 avqust 2017-ci il tarixinə kimi kompensasiyaların geri alınması üçün Fonda müraciət etmələri xahiş olunur.
“Report” bu barədə Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan adıçəkilən bankların qorunan əmanətçilərinə xəbərdarlığına istinadən xəbər verir.
“Əmanətlərin sığortalanması haqqında” qanunun 28.4-cü maddəsinə əsasən, əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 5 il müddətində saxlanılır.
Fondun “Kompensasiyaların ödənilməsi proseduruna dair” Qaydalarının 11-ci maddəsinə uyğun olaraq Qanunun 28.4-cü maddəsində qeyd edilən əmanətçinin müraciətini qeyri-mümkün etmiş hallara əmanətçinin Silahlı Qüvvələrin tərkibində həqiqi hərbi xidmətdə olması, ağır xəstəliyi, qarşısı alınmaz qüvvənin təsiri, məhkəmə qərarı ilə müraciət müddətinin uzadılması aiddir. Bu kimi hallar müvafiq sənədlərlə təsdiq edilməlidir. Qeyd edilən sənədlər təqdim edilmədiyi halda əmanətçiyə müraciət müddətini ötürməsi ilə əlaqədar kompensasiya ödənilməsindən imtina olunacaq.
Qeyd edək ki, “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank” ASC-lərdə 25 iyul 2016-cı il tarixində sığorta hadisəsi baş verib.
1072 dəfə oxundu