ATƏT nümayəndələri Ermənistanın təxribatları barədə ətraflı məlumatlandırılıblar - FOTO
Mayın 25-də Tərtər rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçirilməsi ilə əlaqədar rayona gəlmiş ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster ilə Tərtər İcra Hakimiyyətində görüş olub.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlara Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin mütəmadi pozulmasının rayonun gündəlik fəaliyyətinə, inzibati və yaşayış binalarına, taxıl zəmilərinə, ümumilikdə əkin sahələrinə, mal-qaraya, o cümlədən əhalinin məişət şəraitinə və digər sahələrə ciddi ziyan vurması, dinc sakinlər arasında xəsarət alma və hətta ölüm hallarına səbəb olması barədə ətraflı məlumat verib.
Xüsusi vurğulanıb ki, sonuncu monitorinqdən keçən müddətdə qoşunların qarşıdurma xəttinə yaxın olan kəndlərimizdə atəşkəsin tez-tez pozulması əhalinin yaşayış tərzini çətinləşdirir. Rayonun Hüsənli, Qazyan, Qapanlı, Yuxarı Qaradağlı, Həsənqaya, Şıxarx, Çaylı və Borsunlu kəndlərində atəşkəsin daim pozulması nəticəsində kənd əhalisi təsərrüfat işlərini apara bilmir. Qapanlı kəndində taxıl zəmilərində biçinin aparılması Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin köməyi ilə həyata keçirilib. Eyni zamanda, Sərsəng və Madagiz su anbarları işğal altında olduğundan, yaz və yay aylarında Tərtər çayına bilərəkdən suyun verilməməsi nəticəsində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı xeyli aşağı düşüb, yüzlərlə hektar əkin sahəsi susuzluqdan yanaraq məhv olub.
Diqqətə çatdırılıb ki, ATƏT nümayəndələri tərəfindən mütəmadi monitorinqlərin keçirilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri monitorinq başa çatdıqdan dərhal sonra atəşkəs rejimini pozmaqda davam edir. Cari il yanvarın 24-də keçirilən monitorinqdən hazırkı vaxtadək Tərtər rayonunun təmas xəttinə yaxın kəndləri istiqamətlərində atəşkəs rejimi Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 275 dəfə pozulub.
786 dəfə oxundu