Tiflis prospektində tıxaclar necə ləğv olunacaq? - yeni optimallaşma
Tbilisi prospektində xaotik nöqtələrdə nəqliyyat sıxlıqlarının aradan qaldırılması, yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə optimallaşdırma işləri görüləcək. "APA-Economics" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov "YOL-1" layihəsinin təqdimatı zamanı bildirib.
T.Səfərovun sözlərinə görə, sözügedən layihə BNA və xarici konsultant şirkətin nümayəndələri ilə birgə hazırlanıb. Bu layihə Tbilisi prospekti və ona birləşən yolları əhatə edir: "Layihə üzrə Tbilisi prospekti və onunla kəsişən 5 küçə araşdırılıb və təkliflər hazırlanıb. Bunlar Tbilisi prospektinin Həsən Əliyev, İzmir, Bakıxanov küçələri kəsişmələri və birbaşa Tbilisi prospektinə təsir edən Bakıxanov-İzmir kəsişməsi və Statistika dairəsini əhatə edir".
Şöbə müdiri bildirib ki, bu 5 kəsişmədən ən çox sıxlıq Tbilisi prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsində yaşanır: "Bu kəsişmə dairə vasitəsilə tənzimlənir və bu dairədə 6 ədəd svetofor yerləşdirilib ki, onlar 2 faza sistemində çalışır. Bu dairəyə daxil olan və dairədən hərəkət edən nəqliyyat vasitələrinin sayına gəlincə, pik vaxtı 1 saat ərzində bu 8000-i ötür. Belə ki, pik saatlarda Tbilisi prospektinin şimal istiqamətindən 2000, Şəfayət Mehdiyev küçəsindən 1300, Tbilisi prospektindən "20 Yanvar" və cənub istiqamətindən 2500, Həsən Əliyev küçəsindən 1800 nəqliyyat vasitəsi dairəyə daxil olur. Bu qədər nəqliyyat vasitəsi daxil olan prospektdə nəqliyyat axınının düzgün nizamlanması tələb olunur. Tbilisi prospektində mövcud problemlərdən birincisi bu dairənin kiçik olmasıdır. Bu səbəbdən Şəfayət Mehdiyev küçəsindən dairəyə daxil olaraq "20 Yanvar" istiqamətinə və Həsən Əliyev istiqamətinə hərəkət etmək istəyən nəqliyyat vasitələri üçün çox kiçik gözləmə yeri nəzərdə tutulub. Bu gözləmə yerinin kiçik olması nəticəsində Tbilisi prospektində pik saatlarda 2 və 3 hərəkət zolağında nəqliyyat vasitələrinin sıxlığı yaranır ki, bu da Tbilisi prospekti ilə İzmir küçəsi istiqamətində hərəkət etmək istəyən nəqliyyat vasitələri üçün tıxaca səbəb olur".
Tbilisi prospektdəki ikinci problemə toxunan T.Səfərov bildirib ki, Həsən Əliyev küçəsinin svetoforla nizamlanmaması səbəbindən və Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişmədə quraşdırılan "dayanmadan keçmək qadağandır" yol nişanının olması burada daim tıxaca səbəb olur: "Nəzərə alsaq ki, Həsən Əliyev küçəsində dairəyə daxil olan nəqliyyat vasitələri həm də Şəfayət Mehdiyev və Bakıxanov küçəsi ilə hərəkət etmək istəyir, o zaman həmin ərazidə tıxacın yaranması qaçılmaz olur. Bundan əlavə ərazidə olan dayanacaq və piyada keçidləri də problemin digər səbəblərindəndir. Ərazidəki həm "20 Yanvar" dairəsi istiqamətində, həm də İzmir küçəsi istiqamətində yerləşən dayanacaq məntəqəsi kəsişmədən dərhal sonra yerləşir. Beləliklə, avtobuslar həmin dayanacaqda dayandığı halda həmin kəsişmədən çıxan nəqliyyat vasitələri öz zolaqlarına daxil ol bilmir. Nəticədə nəqliyyat vasitələri məcburən 2 və 3-cü zolaqlara çıxmalı olur. Həmin avtobuslar Şəfayət Mehdiyev, Həsən Əliyev küçələrinə dairədən geri dönmək istəyəndə 3 zolağı kəsmək məcburiyyətində qalırlar ki, bu da ərazidə tixac yaradan başqa bir amildir. Bundan başqa, 4 zolaqlı yolda nizamlanmayan piyada kəsişmədə yerləşdirilib. Beləliklə, kəsişmədə yerləşdirilən piyada keçidi həm Həsən Əliyev, həm də Tbilisi prospektindən dairəyə daxil olan nəqliyyat vasitələrinin hərəkətinə mane olur. Bu piyada keçidindən 1 saat ərzində 600 piyada istifadə edir ki, bu da kifayət qədər böyük rəqəmdir. Piyada keçidindən istifadə edənlərin sayını bu qədər çox olması nəqliyyat axını sıx olan prospekt üçün məqsədəmüvafiq hesab olunmur. Eyni zamanda dairədə yerləşən yanacaqdoldurma məntəqələrinin ("İST Petrol") giriş və çıxışlarının birbaşa Tbilisi prospekti və Şəfayət Mehdiyev küçəsinin kəsişməsində yerləşməsi də bu ərazidə konfliktlərin yaranmasına səbəb olur. Bütün bunları nəzərə alaraq, BNA Tbilisi prospektində yol hərəkətinin optimallaşdırılması, yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə təkliflər paketi hazırlayıb".
Təkliflər paketinə gəlincə, şöbə müdiri bunları qeyd edib: "Geri dönən nəqliyyat vasitələrinin sərbəst hərəkətini və gözləmə zamanı tıxac yaratmasının qarşısını almaq məqsədilə hər iki istiqamətdə gözləmə yeri təşkil edilib. Məhz geri dönən nəqliyyat vasitələrinə bir zolaq əlavə verərək gözləmələri üçün nəzərdə tutulub. Bundan əlavə, ərazidəki hər iki dayanacaq məntəqələrinin yerinin dəyişdirilməsi nəzərdə tutulub. Belə ki, "20 Yanvar" dairəsi istiqamətində yerləşən dayanacaq məntəqəsinin təxminən 100 metr, Bakıxanov küçəsi istiqamətində yerləşən dayanacaq məntəqəsinin isə "Çıraq Plaza"nın qarşısından 150 metr irəli köçürülməsi planlaşdırılır. Həmin ərazidə yerləşən piyada keçidlərinin svetoforla nizamlanması və yerlərinin dəyişdirilməsi nəzərdə tutulub. "20 Yanvar" istiqamətində hərəkət edərkən yerləşən piyada keçidinin təxminən 50 metr geriyə köçürülərək Həsən Əliyev küçəsində yerləşən "adacıqdan" təşkil edilməsi nəzərdə tutulub. Bu küçənin Tbilisi prospekti ilə kəsişməsi svetoforla tənzimlənəcək ki, bu da həmin ərazilərdəki konflikti aradan qaldıracaq. Bu halda svetoforların fazası yenilənib 3 fazalı şəkildə fəaliyyət göstərəcək ki, bu həm nəqliyyat vasitələrinin, həm də piyadaların davamlı hərəkətinə şərait yaradacaq. Ərazidə olan yanacaqdoldurma məntəqəsinin ("İST Petrol") giriş-çıxışlarının dəyişdirilməsi nəzərdə tutulub".
756 dəfə oxundu