Son 12 ildə orta məktəb məzunlarının sayı 35 778 nəfər azalıb - DİM
Ötən il ümumtəhsil müəssisələrinin 87 330 məzunu olub.
“Report” xəbər verir ki, bu, “Abituriyent” jurnalının 12 saylı buraxılışında öz əksini tapıb.
Son 12 ildə məzunların sayı 35 778 nəfər azalıb.
Bu meyil artıq bir neçə ildir ki, müşahidə olunur. Bu da son 12 ildə məzunların sayının 29,06 faiz azalması deməkdir. Eyni zamanda, bu, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir. 2015-ci illə müqayisədə 2016-cı ildə məzunların sayı 1 036 nəfər azalıb.
Keçən il sənəd verənlərin 68,31 %-ni məhz həmin ilin məzunları təşkil edib. Müqayisə üçün bildirək ki, 2010-cu ildə ali məktəblərə sənəd verənlər arasında həmin ilin məzunlarının nisbi payı 55,63 %, 2011-ci ildə 58,39 %, 2012-ci ildə 58,84%, 2013-cü ildə 60,66 %, 2014-cü ildə 64,05 % və 2015-ci ildə 66,04 % olub.
2015-ci illə müqayisədə ötən il plan yerləri I qrupda 12,38, II qrupda 6,62, II qrupda 2,34, IV qrupda 5,45%, V qrupda 9,77 % artıb.
Qəbul planının və abituriyent ərizələrinin son iki il üzrə müqayisəli təhlili göstərir ki, bu il ali məktəblərə qəbul planının 7,48 % artması, ərizələrin sayının isə 3,94 % azalması müsabiqə vəziyyətində 10,63 % azalmaya səbəb olub. Müsabiqə vəziyyəti, V ixtisas qrupundan başqa, digər ixtisas qruplarında aşağı düşüb. Bu özünü IV və I ixtisas qruplarında daha qabarıq şəkildə büruzə verib.
2016-cı ildə I, II, III və IV ixtisas qruplarında müsabiqə vəziyyəti 2015-ci ilə nəzərən zəifləyib. Bunun əsas səbəbi bu ixtisas qruplarında qəbul planının artması və ərizə verənlərin azalmasıdır. Bundan başqa, keçən il ixtisas qrupları üzrə qəbul planı ilə ərizlərin sayı arasında qeyri-tarazlıq olub. V qrupda ərizələrin, II qrupda isə plan yerlərinin nisbi çəkisi böyük olub.
1992-2016-cı illər ərzində ali təhsil müəssisələri üzrə ən yüksək müsabiqə vəziyyəti 2008-ci ilə, ən aşağı müsabiqə vəziyyəti isə 2002-ci ilə təsadüf edir.
Keçən ilki qəbul imtahanlarında iştirak edən abituriyentlərin 60,84 %-i (52 149) ali məktəblərə qəbul olmayıb.
I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 55,4 %-i 200-dən az bal toplayıblar. Yəni, 2016-cı ildə “2” qiymət alanların faizi nisbətən azalıb, “3”, “4” və “5” qiymət alanların faizi artıb.
735 dəfə oxundu