Mərkəzi Aran, Bakı və Sumqayıtda hemofiliyalı xəstələrin sayı artıb
"2016-cı ildə ölkədə 69 hemofiliyalı xəstə ilkin qeydiyyata alınıb. Bu da xəstələrin nisbi artımı deməkdir".
"Report" xəbər verir ki, bunu Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, aprelin ayının 1-nə olan statistikaya əsasən Mərkəzdə 1 554 nəfər xəstə qeydiyyatdadır: "Xəstələr arasında 1-5 yaş arası olanların sayı 113, 5-15 yaş arasında olanlar isə 222 nəfər təşkil edib. Bakı üzrə 738, Sumqayıtda 76 nəfər xəstə var. Ümumilikdə isə Mərkəzi Aran, Bakı və Sumqayıtda xəstələrin sayı artıb".
Direktor qeyd edib ki, bu gün dünya üzrə 400 000-dən çox hemofiliyalı xəstə var: "Xəstələr üçün ən vacib müalicə vasitəsi olan VIII/IX faktor preparatlar ölkəyə gətirilir. Azərbaycanda 20 faiz hemofiliyalı xəstələr lazımi dərman preparatları ilə təmin edilir. Hər il 50-60 nəfərdən çox hemofiliyalı xəstələrdə müxtəlif böyük və kiçik cərrahi əməliyyatlar həyata keçirilir".
Qeyd edək ki, hemofiliya müxtəlif qanaxmalarla xarakterizə olunan ağır irsi qan xəstəliyidir. Xəstəliyin səbəbi qanın laxtalanma prosesində iştirak edən VIII, IX və ya fon Villebrand faktorunun çatışmazlığıdır. Təkrar baş verən şiddətli qanaxmalar zamanı qanın oynaq və yumşaq toxumalara yığılması nəticəsində xəstənin hələ uşaq və gənc yaşlarında əlil və ya şikəst olmasına, bəzən də ölümünə səbəb olur.
752 dəfə oxundu