"Radikal qrupların Azərbaycanda möhkəmlənməsinə imkan verməməliyik" - Mübariz Qurbanlı
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş "Fitnə" sənədli filminin növbəti təqdimatı keçirilib.
APA-nın xəbərinə görə, təqdimat DQİDK və Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə DQİDK sədri Mübariz Qurbanlı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov, partiya üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, "Fitnə" sənədli filmində dini radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəfləri işıqlandırılıb. Filmdə dini radikalizmin qurbanı olmuş insanların, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında problemin cəmiyyət və dövlət üçün nə qədər təhlükəli olduğu geniş şəkildə açıqlanıb.
Ş. Hacıyev deyib ki, film mütəmadi olaraq telekanallarda yayımlanmalıdır.
E. Əzizov qeyd edib ki, islam dini böyük inkişaf yolu keçib: "Lakin neqativ hallar da var. Biz gəncləri düzgün istiqamətləndirməliyik. Maarifləndirmə işi aparılmalıdır. Məktəblərdə dinlərin tarixi öyrədilsə, dini radikalizmə meyl yoxa çıxar. Ziyalılara müraciət edib deyirəm ki, bu işi başlı-başlına qoymaq olmaz".
Mübariz Qurbanlı bildirib ki, filmdə mütəxəssis rəylərinə yer verilib: "Mən istəyirəm ki, hamı bu filmi izləsin. Vətəndaşlar bu prosesi görməlidir. İslam dünyəvi dinlər içərisində insanlığı doğru yola yönəldən bir dindir. Vaxtilə Bağdad və Hələb şəhərləri Yaxın Şərqdə cənnət məkanlar idi. İndi isə bu şəhərlər dağıdılıb. Biz Qafqaz Müsəlmanları İdarəsi ilə birgə dini maarifləndirmə proqramları hazırlamışıq. Biz dini maarifləndirməni dayandırsaq insanlar qaragüruhçu olacaq. Biz radikal qrupların ölkəmizdə möhkəmlənməsinə imkan verməməliyik".
804 dəfə oxundu