Borc problemi həllini tapdı, amma hələ də normal istilik verilmir
“Azəriqaz” İstehsalat Birliyi ilə “Azəristiliktəhcizat” Açıq Səhmdar Cəmiyyəti arasındakı borc qalmaqalı çözülüb. İstehsalat birliyi noyabrın 15-dən bütün qazanxanaları yanacaqla təmin edir. Bu barədə virtualaz.org saytına “Azəriqaz”ın mətbuat rəhbəri İbrahim Kərbalayev məlumat verib. Onun sözlərinə görə, səhmdar cəmiyyəti borcun bir hissəsini ödəyib. Qalan borc isə mərhələlərlə ödəniləcək.
Qazanxanaların yanacaqla təmin olunmasına baxmayaraq, bəzi binalarda istilik problemi hələ də həllini tapmayıb. Xüsusilə havanın kəskin soyuması klassik istilik problemini daha qabarıq üzə çıxarıb. Məsələn, Xətai rayonu, Xudu Məmmədov, 41, Nəsimi rayonu, 4-cü mikrorayon, A.İsgəndərov, 3/1, Yeni Yasamal 2, bina 4 ünvanlarına hələ də istilik verilməyib.
“Noyabrın 15-dən şikayət etmədiyimiz qurum qalmayıb, amma yenə də istilik verilmir. Deyirlər ki, qəza baş verib, təmir aparılmalıdır. Qonşular pul yığıb boruları təmir etdirirlər. Mövsüm başlamazdan əvvəl boruları yoxlamalıdırlar”, - Yeni Yasamal 2, bina 4-də yaşayan İlqar Məmmədov virtualaz.org saytına şikayət edib. Onun sözlərinə görə, son 2 ildir ki, normal istilik verilmir.
Xudu Məmmədov, 41 ünvanında yaşayan sakinlər isə istilik verildiyini, lakin təzyiqin olmamasından şikayətlənirlər. “İstilik o qədər zəifdir ki, verilib-verilməməsinin fərqi yoxdur. Binanın zirzəmisində kafe, gözəllik saloni və bir neçə ofis yerləşir. Ötən il dedilər ki, zirzəmidən binaya gələn istilik bu obyektlərə yönəldilib. Halbuki mövsüm boyu işlətmədiyimiz istiliyin pulunu ödəmişik. İndi təzyiqin aşağı olduğunu, yoxsa problemin xətlə bağlı olduğunu müəyyənləşdirə bilmirik. “Azəristiliktəhcizat”ın internetdə verilən bütün telefonlarına zəng vurub şikayət etmişik”, -sakinlər deyirlər.
Xətai rayonunda təkcə Xudu Məmmədov küçəsinin deyil, Məhəmməd Hadi küçəsinin sakinləri də istilikdən şikayətçidirlər.
A.İsgəndərov, 3/1 ünvanında yaşayan sakinlər isə deyirlər ki, “Azəristiliktəhcizat” onlardan istiliyin pulunun ödənilməsini tələb edir: “İstilik verilsin ki, pulunu da ödəyək. Qızdırıcı isinmirsə, pul niyə ödəməliyik? Onsuz da əksəriyyət evində kombi quraşdırıb”.
“Azəristiliktəhcizat” Açıq Səhmdar Cəmiyyəti isə əmin edir ki, bütün qazanxanalar fasiləsiz işləyir. İstilik olmayan bina və ya mənzillərdəki problem ya binadaxili, ya da mənzidaxili yarana bilər. “Şikayətçilərdən daxil olan zənglər araşdırılır və həmin ünvana əməkdaş göndərilir ki, problem həll olunsun”, - cəmiyyətdən deyiblər.
860 dəfə oxundu