MTN Miryusif Mahmudovu hadisədən bir ay əvvəldən izləyib...
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasında baş vermiş dəhşətli yanğınla bağlı həbs olunmuş “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və İdarə Heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə əlavə şahid qismində “Global Construction" şirkətinin mühafizəçiləri və şirkətin təsisçisi Miryusif Mahmudovun sürücüsü dindiriliblər.
Şahid Rasim Qəhrəmanov ifadəsində bildirib ki, Miryusif Mahmudovun şəxsi sürücüsü olub: "Binada yanğın baş verən günü Miryusif Mahmudovla yolda idik. Həmin vaxt Miryusif müəllimə zəng gəldi və yanğının baş verdiyi bildirildi. Biz də ora getdik. Miryusif müəllim bir qədər sonra gələrək maşına əyləşdi, halı pis idi, dərman içdi. Sonra evə yollandıq. Telefona yenidən zəng gələndən sonra Miryusif müəllim dedi ki, ofisə sür, ora MTN əməkdaşları gəlib. Mən də maşını ora sürdüm. Ofisin qabağında naməlum şəxslər var idi. Bir qədər sonra Miryusif müəllim və daha iki nəfər maşına əyləşdi. Maşını Miryusif müəllimin göstərişi ilə MTN-in qabağına sürdüm. Orada Miryusif müəllim düşəndə dedi ki, gözləmə, uşqaların məktəbdən çıxan vaxtıdır, onlarl götür. Mən də oradan getdim. Axşam saat 5 radələtində Miryusif müəllim zəng vurdu və Ağır Cinayətlər Üzrə İstintaq İdarəsinin qabağına gəlməyimi istədi. Saat 10-a kimi orada Miryusif müəllimi gözlədim".
Digər şahid Elbrus Sultanov bildirib ki, “Qlobal Stone” MMC-nin ofisində mühafizəçi işləyib. O bildirib ki, ofisə girişdə nəzarətçi olub. Onun sözlərinə görə, yanğın baş verən günü ofisə 4 nəfər gəlib: "Onlardan kim olduqlarını soruşdum. Vəsiqə göstərərək MTN əməkdaşı olduqlarını bildiriblər. Ön qapıdan içəri keçən 4 nəfər idi, digərləri kənarda dayanmışdı. Ümumilikdə gələnlər 12 nəfər olardı. Onlar ofisdən sənədləri apardılar, sonra axşam tərəfi Baş Prokurorluğun əməkdaşları gəldi, ofisdə axtarış aparıldı".
Miryusif Mahmudov bildirib ki, hadisədən bir ay əvvəl həm telefonu dinlənilib, həm də özü izlənilib: "İzlənməyimi sürücüm də bilib. Sürücümə deyirdim ki, bizi izləyəni dolaşdır, izləyə bilməsin". Rasim Qəhrəmanov bildirib ki, onları maşınla izləyənlər qara maşında olublar. Şahid Zaur Əbilov bildirib ki, “Qlobal Stone” MMC-də menecer işləyib. Onun sözlərinə görə, şirkətin baş direktoru İlqar Vəliyevi tanıyıb. Onun sözlərinə görə, təsisçilər şirkətə işçi götürülməsinə, maliyyə məsələlərinə qarışmayıblar. O, qeyd edib ki, təsisçilər şirkətin iş planlarına da müdaxilə etməyiblər.
Şahid daha sonra bildirib ki, yanğın hadisəsi baş verən günü MTN əməkdaşları gəlib: "Onları ofisdə İlqar müəllim qarşıladı. Yarım saat sonra Miryusif müəllim gəldi, 15 dəqiqə sonra bayıra çıxdılar. İlqar müəllim bildirdi ki, şirkətin baş direktoruyam, məni aparın. İlqar müəllimi aparmadılar, dedilər ki, bizə Miryusif müəllim lazımdı. Bunlardan saat yarım sonra prokurorluq əməkdaşları gəldi, yoxlama apardılar".
Daha sonra şahid Samir Əsgərov bildirib ki, “Qlobal Stone” MMC-də mühafizəçi işləyib. O, qeyd edib ki, yanğın hadisəsi baş verən gün ofisə gəlib: "Məni ofisin girişində qarşılayanlar bildirdilər ki, MTN əməkdaşıyıq, ofisə giriş bağlıdı". Proses noyabrın 22-də davam edəcək.
910 dəfə oxundu