Sabiq direktor məktəbin 83 min manatını mənimsədi
Lənkəran Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və digər maddələrdə ittiham olunan Habil Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Əliyevin sədrliyi keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi apellyasiya şikayətini qismən təmin edib, birinci instansiya məhkəməsinin hökmünü dəyişib, cəzasını 6 ilə endirib.
İttihama görə, Habil Məmmədov 01 sentyabr 2016-cı il tarixdən 14 iyun 2020-ci il tarixədək Masallı rayon T.Bayraməlibəyov adına 2 saylı Yeddioymaq kənd tam orta məktəbinin direktoru vəzifəsində işləyib. O, işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə yolu ilə təkrarən və bir qrup şəxs halında talayıb, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edib və rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı edib.
O, 82 838 manat pulu mənimsəyərək ələ keçirib.
Habil Məmmədovun barəsində Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.
355 dəfə oxundu