Bakıda qarğaların sayında kəskin artım: insanlara hücum edirlər – “Düşmənini, dostunu seçə bilir...” - AÇIQLAMA

Bakıda qarğaların sayında kəskin artım: insanlara hücum edirlər –
Son zamanlar Bakının müxtəlif ərazilərində qarğaların sürü şəklində yayılması müşahidə olunur. Əvvəlki illərlə müqayisədə bu il paytaxtda qarğaların sayı həddən artıq çoxalıb. Xüsusən yaşayış binalarının əhatəsində məskən salan qarğalar həm səs-küyləri ilə insanları narahat edir, həm də uşaqlar üçün təhlükə yaratmağa başlayıb. Paytaxtın N.Nərimanov rayonu ərazisində yaşayan sakinlərin sözlərinə görə, qarğalar uşaqlarla bərabər böyüklərə də hücum edirlər.

Bununla bağlı Pravda.az-a müsahibə verən Zoologiya İnstitutunun Ornitologiya laboratoriyasının baş elmi işçisi Tahir Kərimov bildirib ki, şəhərin ornito-faunasında dəyişiklik baş verib:

“Bu, şəhərdə gedən urbanizasiya ilə əlaqədardır. Canlılara yaşamaq üçün iki əsas amil vacibdir – yem bazası və yuvalayıb nəsilvermələri üçün yerlərin olması. Bu da ancaq paytaxtdakı bəzi növlər üçün əlverişlidir. Fikir versəniz, sərçələrin, göyərçinlərin, qumruların sayı azalıb, qaranquşlar da yoxdur. Qarğaların sayı isə artıb. Birincisi, şəhərin floristik tərkibi - bitki örtüyü dəyişir. Yerli bitkilərin əvəzinə dünyanın müxtəlif yerlərindən tropik, subtropik bitkilər alıb gətirib əkirlər. Quşların yem götürmə imkanı aradan qalxıb. Qazonları biçirlər, toxumlamağa qoymurlar. Axı xırda quşların çoxu onların toxumunu yeyir. Deməli, yem bazasından məhrum olurlar. İkincisi, son vaxtlar Bakıda binalar üzlük daşı ilə örtülür. Buna görə də bir çox quş növləri üçün yuvalama yeri əldən çıxıb. Onlar şəhərdən kənara köçüblər. Şəhərdə pişiklərin sayının artması da xırda quşların itməsinə səbəb olur. Ən əsası, son iki ildə koronavirusla əlaqədar dərmanlama da sadaladığım quşların yem bazasının sıradan çıxmasına səbəb olub”.

Alim deyib ki, qarğa kosmopolit növdür, bu növ quşlar Antraktida və Arktikadan başqa dünyanın hər yerinə yayılıblar: “Çünki qarğanın əti, yumurtası yeyilmir, yem, yuva rəqibi yoxdur, hər yerdə yuvalaya bilir, hər şey yeyir - peçenyedən, konfetdən tutmuş, saqqıza qədər. Buna görə də qarğaların sayını məhdudlaşdıracaq limit amilləri yoxdur. Ərazini elə bölüşürlər ki, bir qarğa ailəsi digərinin ailəsinə maneə olmur. Paytaxtda yayılan qarğalar ala, yaxud boz qarğa növüdür. Onlar şəhərin səs-küyünə də uyğunlaşıblar, sərçələr isə əksinə. Harvard Universitetinin alimləri müəyyən ediblər ki, dünyada 9 minə yaxın quş növünün içində ən ağıllsı qarğakimilərdir. Onların beynində ibtidai şüur olan mərkəz var. Qarğa yeganə quşdur ki, güzgüdə özünü tanıyır, adamları da tanıya, düşmənini, dostunu seçə bilir. Hətta mağazalara girib ərzaq da oğurlayır, qatıq bankasının ağzını açıb içirlər. Yaxınlaşmadan öncə məsafə saxlayıb müşahidə edirlər. Dənizkənarı Milli Parkda fikir versəniz, qarğalar ən çox çayxanaların, kafelərin ətrafında insanları güdürlər. Elə olur ki, ac qarğa balaca uşağın əlindən peçenye götürüb qaçır. Düzdür, qarğalar yırtıcıdır, amma eyni zamanda xeyirli tərəfləri də var. O, sağlam quşu yox, xəstəni, zəifi yeyir. Çünki sağlam quşu tutmaq üçün enerji itirməli olacaq, nəyinə lazımdır? Qarğaların xüsusiyyətidir ki, bir dəfə cumub tuta bilmədilərsə, ikinci dəfə buna enerji itirmirlər. Qarğanın xəstə, zəif quşları sıradan çıxarması əslində insan üçün xeyirdir, çünki bu, xəstəlik ocaqlarının yaranmasının qarşısını alır. Qarğalar həm quşlar arasında sağlamlaşdırma aparırlar, həm də sağlamları saxlayıb özlərinin gələcək yem bazalarını təmin edirlər. Bütün bunlar elmi sübutlardır. Təbii ki, qarğaların ziyanlı tərəfləri də var. Xəstə ola bilərlər. Buna görə də qarğanı tutmaq, əllə toxunmaq olmaz. Hətta yerə düşmüş qarğa ölüsünü ancaq əlcəklə götürmək olar. Ölü qarğanı bədənə yaxınlaşdırmaq olmaz, çünki insana ektoparazitlər keçə bilər”, - o deyib.

T.Kərimov qarğaların insalara hücum etmələri barədə də danışıb: “Hazırda qarğaların nəsilvermə vaxtıdır. Əgər nəsilvermə dövründə yuvalarında bala varsa, təkcə qarğa yox, bütün quşlar aqressiv olur. Qarğalar yerə düşən balalarını qaldıra bilmirlər, heç kimi də yaxınlaşmağa qoymurlar. Balanı götürüb yuvasına qoymaq istəsəniz belə, imkan verməyəcəklər, hər dəfə sizi tanıyıb, hücum edəcəklər. Belə olan halda gərək mütləq başınıza şlyapa qoyasınız, maska taxasınız ki, sizi tanımayıb əl çəksinlər. Qarğaların hay-küy salmaları ən çox da yuvalamadan sonra olur. Balaları yuvadan uçub sərbəst yaşamağa gedir, bu vaxt qarğalar hay-küy salırlar, səsləri şəhəri bürüyür. Bala yuvadan uçanda sanki ağlaşırlar. Səs-küyləri bir neçə gün davam edir. Belə bir halla rastlaşsanız, bilin ki, buna görədir. Eyni vaxtda bu halla Bakıda və Macarıstanda qarşılaşmışam. Konkret olaraq qarğalar kiməsə hücum edib gözə, ələ ziyan vurmurlar. Onların məqsədi ən çox da balaca uşağın əlindən yeməyi almaqdır. Çünki bilirlər ki, uşaq daha zəifdir, qarşı gələ bilməyəcək. Yaşlı adamlara isə balaları üçün onları təhlükə hesab etdiklərinə görə hücum edə bilirlər. Onların nəsil qayğısı var, nəslini qoruyur ki, davam etsin. Bu, bütün canlılarda belədir. Məsələn, fikir versəniz, 1990-cı illərdən uzunquyruq quşu Dənizkənarı Milli Parkdakı ağaclarda yuvalayıb. Onlar da hay-küylüdür, həm də insan üçün təhlükəlidirlər. Bakıda cəmi 500 dənə uzunquyruq var. İDEA təşkilatı onlar üçün bulvardakı ağaclarda yuva qoyub. May ayında uzunquyruğun balaları başlarını yuvalardan çıxarırlar. Dünyanın müxtəlif yerlərində uzunquyruqları qırırlar, çünki xəstəlik yayırlar. Bu quşların vətəni Hindistandır...”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
381 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...