İranla Azərbaycan arasında müharibə nə qədər realdır? - AKTUAL
Son zamanlar Azərbaycan-Ermənistan-İran ətrafında hərbi-siyasi gərginlik getdiqcə artmaqdadır.
Regionda baş verən son siyasi proseslər, ən əsası da Tehran və İrəvanın hərəkətləri bunu aydın şəkildə sübut edir.
Ermənistan ordusunun Azərbaycanla sərhəd ərazilərdə fəallaşması və Qarabağda erməni separatçılarının təxribatları bir kənara, onsuzda təcavüzkar dövlətin və onun əlaltılarının çirkin niyyətlərini hər zaman başa düşmüşük. Amma İranın Azərbaycanla bağlı hazırki xarici siyasəti, daha doğrusu, keçən ildən bəri ölkəmizə qarşı sərgilədiyi davranışları bir çox müəmmalı suallar doğurur.
Tehranın təxribat xarakterli bəyanatları və əməlləri İranın Cənubi Qafqazda heç də xoş niyyətli olmadığını, daha çox gərginlik yaratmağa meyilli olduğunu göstərir.
İslam Respublikasının Cənubi Qafqaz, xüsusilə Azərbaycanla bağlı hazırki siyasətinin mahiyyətini başa düşmək üçün ilk növbədə Bakı və Tehran arasında baş verən son siyasi prosesləri, eləcə də müxtəlif informasiya mənbələrində dərc olunan məlumatları xronoloji ardırıcıllıqla nəzərdən keçirmək lazımdır.
Birincisi, 2022-ci ilin sonunda İran Silahlı Qüvvələri Araz çayı boyunca, yəni erməni işğalından azad edilən sərhəd ərazilərimizin yaxınlığında genişmiqyaslı hərbi təlimlər həyata keçirdi. Təlimlər zamanı Araz çayı üzərində təhdidedici hərbi manevrlərlə nümayiş olundu. Eyni zamanda İranın hərbi-siyasi rəhbərliyinə bağlı olan media şəbəkələrində Azərbaycana və onun dövlət rəhbərinə qarşı təxribat xarakterli videomateriallar paylaşıldı. Hər kəs başa düşür ki, bu hərbi təlimlərin hədəfi Azərbaycana “gözdağı” vermək idi.
Bunun ardınca, İranın hərbi-siyasi və dini rəhbərliyində təmsil olunan rəsmilər müxtəlif formalarda Azərbaycan rəhbərliyinə təhdidedici bəyanatlar verməklə, İranın Cənubi Qafqazda beynəlxalq sərhədlərin dəyişməsi ilə razı olmayacaqlarını və Ermənistanın sərhəd ərazilərinin onlar üçün "qırmızı xətt" olduğunu bildiriblər. Halbuki, Azərbaycanın regionda nə beynəlxalq sərhədlərin dəyişməsində marağı var, nə də Ermənistanın ərazisinə daxil olmaq kimi bir niyyəti.
İkincisi, bu ilin yanvarın 27-də Tehranda Azərbaycan səfirliyinə müəmmalı hücum təşkil edildi. İranın təhlükəsizlik orqanları hadisənin məişət zəmində baş verdiyini bildirsə də, hücumun kimin tərəfindən təşkil edildiyi aydındır.
Üçüncüsü, fevralın ilk günlərində Ermənistanın İranla birgə Azərbaycana qarşı hərbi təxribat həyata keçirməyi planlaşdırdığı barədə məlumat yayıldı.
Belə ki, SEPAH-ın əsasən etnik azərbaycanlılardan təşkil olunmuş və xüsusi təlim keçmiş diversiya qrupu Ermənistan-Azərbaycan sərhədinin bilavasitə yaxınlığında, Sünik rayonunda yerləşdirilməsi gözlənilir. Məlumatda SEPAH-ın bu ərazilərdə Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi və Milli Təhlükəsizlik Xidməti ilə birgə Azərbaycan Ordusuna qarşı təxribatlar törmətmək niyyətinin olduğu da qeyd olunur.
Dördüncüsü, bu yaxınlarda “Türkiyə” qəzetində İranın Qarabağla bağlı gizli planı barədə məqalə də dərc olunub.
Qeyd olunur ki, İran Qarabağda xaos yaratmaq məqsədi ilə İraqın Sincar şəhərində PKK-nın kürd terrorçu qruplaşmalarından və şiə təriqətinə bağlı olan Həşd-Şəəbi silahlılardan ibarət hərbi birləşmə formalaşdırıb və İranlı hərbiçilər tərəfindən onlara hərbi təlimlər keçirilir. 4000 üzvdən ibarət olan silahlı dəstənin yaxın zamanda Ermənistanda yerləşdiriləcəyi və oradan isə Qarabağa göndərələcəyi bildirilir. Məqalədə, həmçinin xəbər verilir ki, İran kəşfiyyatı və SEPAH Ermənistanda yezidi kürdlərinə də hərbi təlimlər keçir.
Eyni zamanda SEPAH-a bağlı teleqram kanalı iddia edir ki, Ermənistan öz səmasını İran PUA-larına açıb. İddia olunur ki, İranın pilotsuz təyyarələri Ermənistan hökumətinin icazəsi ilə ölkə ərazisinə daxil olublar. Həmçinin SEPAH-ın təbliğat resursları da Qafqazda genişmiqyaslı müharibə ehtimalı barədə xəbərdarlıq edib. Təbliğat resurslarında iddia edilir ki, Yaxın Şərq ölkələrində təxribatlar və terror hadisələr törədən SEPAH-ın Qüds qüvvələri Azərbaycan Ordusu ilə hərbi toqquşmaya cəlb oluna bilər.
SEPAH-ın təbliğat resurslarında bu kimi məlumatları nəzərdən keçirərkən, proseslərin buna doğru getdiyini müəyyən mənada əsaslandırmaq olar.
Çünki Azərbaycanın informasiya mənbələrinin məlumatlarına görə, İran hökuməti artıq Qərbi Azərbaycan əyalətinin Poldəşt şəhərində çox sayda silah-sursat, 280-300 ədəd hərbi maşın toplayıb, o cümlədən minə yaxın əsgər yerləşdirib.
Ümumiyyətlə, İslam Respublikasının Azərbaycana qarşı təxribatları, təhdidedici və hədələrlə dolu siyasi mesajları, habelə gizli planlarının arxasında hansı məqsədlər, hədəflər dayanır?
Bunu yalnız üç əsas səbəblə izah etmək olar:
Birincisi, İkinci Qarabağ müharibəsindən sonra Türkiyənin Cənubi Qafqazda mövqeyi siyasi, iqtisadi və hərbi cəhətdən daha da möhkəmlənib. Bununla bərabər, 2021-ci ilin iyunun 15-də Bakı və Ankara arasında Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin özəyi olan "Şuşa Bəyannaməsi"nin imzalanması ilə İranın regionda təsir imkanlarına növbəti böyük zərbə vuruldu. Türkiyənin Cənubi Qafqazda açıq-aşkar varlığı İranı qıcıqlandıran əsas amillərdən biri hesab olunur.
İkincisi, Zəngəzur dəhlizinin ortalığa çıxması İran rəhbərliyinin yuxusunu nəinki qarışdırıb, hətta onları qorxuya salıb. İranda bir çox siyasi dairələr çox yaxşı başa düşürlər ki, bu dəhlizin mahiyyəti birbaşa Türkiyəni Cənubi Qafqaz, Xəzər dənizi, Mərkəzi Asiya və Çinlə iqtisadi cəhətdən birləşdirməkdir. Dəhlizin açılacağı təqdirdə Çin və Mərkəzi Asiyadan daşınacaq yüklər İran ərazisindən yox, biləvasitə Cənubi Qafqaz və Türkiyə üzərindən Avropaya göndəriləcək. Bu da İranın milyardlarca dollar itirməsinə anlamına gəlir.
Üçüncüsü, Azərbaycanın İsraillə yüksək səviyyədə münasibətləri İran tərəfindən heç zaman həzm edilməyib. Tehran hər zaman hesab edib ki, Təl-Əvivin Bakı ilə münasibətləri İrana qarşı yönəlib və İsrailin Azərbaycanda varlığı onun təhlükəsizliyinə təhdiddir. Halbuki İsrailin ölkəmizdə hərbi-siyasi varlığı ilə bağlı heç bir dəlil yoxdur.
Azərbaycan-İran-Ermənistan ətrafında baş verən son siyasi proseslər nə ilə nəticələnəcək?
Türkiyədə fəaliyyət göstərən Təbriz Araşdırmaları İnstitutunun mütəxəssisi Babək Şahidin sözlərinə görə, İran Cənubi Qafqazda Azərbaycan-Türkiyə ittifaqından, Zəngəzur dəhlizinin açılacağından və Qərbi Azərbaycan məsələsinin gündəmə gəlməsindən narahatdır.
“İran bölgədə özünü vacib aktor kimi görür. Bunun da əsas özəlliklərindən biri regional oyunlarda bir oyunçu kimi ortada olmaqdır. Azərbaycanın zəfərindən sonra İran bölgə siyasətindən uzaqlaşdırıldığını və artıq əvvəlki çəkisinin qalmadığını hiss etdi. Bu dəfə bu məsələdə ciddiyyətini göstərmək və regional aktor kimi rolunu davam etdirmək üçün lazım olan hər şeyi edəcəyini nümayiş etdirmək istəyir. İranın Azərbaycan sərhədində hərbi hazırlığı bu yöndədir. Əgər münaqişə olarsa, İran bu dəfə açıq şəkildə Ermənistanın yanında olacaq.
İran Azərbaycan-Türkiyə ittifaqına qarşı müharibəyə zəmin hazırlayır və bu məsələdə ciddiyyətini göstərməyə çalışır. Artıq hərəkətə keçmək istəyir. Hesab edirəm ki, savaş olarsa, İran ortada olmayacaq. İranın müharibədə iştirakı Suriya, İraq, Yəmən və Livanda olduğu kimi, proksi güclərə – "Haşdi Şabi"yə, PKK-ya, Qüds güclərinə, erməni terrorçularına silahlı yardım formasında ola bilər”, - deyə Babək Şahid bildirib.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan məsələyə fərqli münasibət bildirib:
“Hesab edirəm ki, İran Azərbaycanla açıq müharibəyə girə bilməz. Sadəcə olaraq, İranın Azərbaycana qarşı addımları pozuculuq, hədələyici və təhdid xarakterlidir. İranın Azərbaycanla müharibəyə aparmaq üçün heç bir əsas yoxdur. Ona görə də İran ordusunun Araz çayı sahili boyunca hərbi təlimləri yalnız təhdid mahiyyəti daşıyır.
Əlbəttə, İranın ölkəmizlə bağlı son siyasəti təkcə Ermənistanın yox, həmçinin bəzi xarici siyasi qüvvələrin, xüsusilə Rusiya və Fransanın manəfeyinə və maraqlarına uyğun gəlir. İran onsuzda Azərbaycana qarşı həm ideoloji, həm də hərbi baxımdan təxribatları və təhdidləri davam etdirəcək. Yaxın gələcəkdə də İranın çirkin niyyətlərinə şahidi olacağıq. Hətta Tehran Ermənistanla hərbi sahədə əməkdaşlığını güclədirə bilər. Ancaq Tehranın Azərbaycana qarşı müharibə aparması İran üçün çox baha başa gələ bilər. Bu İranın parçalanmasına və dağılmasına səbəb ola bilər”.
Politoloqun sözlərinə görə, İran hakimiyyətinin Türkiyədəki vəziyyətlə əlaqədar Ermənistandan Azərbaycana qarşı təxribat törətməsi istisna deyil:
“Əlbəttə, İranın açıq-aşkar şəkildə bu addımı atması qeyri-mümkündür. Amma hadisələrin gedişatı onu göstərir ki, İran Azərbaycanın dostu deyil, Ermənistanın yanında duran regional dövlətdir. Tehran Ermənistanın Azərbaycana qarşı bütün addımlarını dəstəkləyir”.
Sonda qeyd etmək istərdim ki, İran rejimi nə qədər zalım və qəddar olsa da, hətta müxtəlif regionlarda öz nökərləri vasitəsilə vəziyyəti gərginləşdirsə də, dini və məzhəb zəmində qarşıdurma yaratsa da, Azərbaycanın ərazisinə hücum etməyə cəhd etməz.
Çünki rejimin özü yaxşı başa düşür ki, Azərbaycanla müharibə İran üçün faciəli sonluqla bitər. Müharibənin baş verəcəyi təqdirdə Türkiyə və Pakistanın İranla açıq şəkildə hərbi qarşıdurmaya girəcək, o cümlədən İsrail, ABŞ və NATO-nun İrana hücum etməsi üçün fürsərt yaranacaq. Bununla yanaşı, Rusiya və Çin də İrana Azərbaycan ərazisinə girməyə imkan verməz. Həmçinin Azərbaycanla müharibə İranda milyonlarca Azərbaycan türkünün üsyanına gətirib çıxara bilər.
İran ən azından maliyyə və hərbi dəstək göstərməklə, eləcə də müxtəlif terrorçu qrupların köməyi ilə Ermənistan ordusunu Azərbaycana qarşı təxribatlar törətməyə sövq edə bilər. İranın Qarabağa terrorçular göndərməsi də istisna deyil.
804 dəfə oxundu