Dövlət Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçirib - FOTOLAR
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti 2023-cü il üçün kiçikhəcmli gəmilərə texniki baxış cədvəlinə uyğun olaraq nəzarət tədbirlərini davam etdirir.
APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, martın 16-da Xidmət tərəfindən Neftçala rayonunun Mirqurbanlı, Sahiloba və Şirvanlı kəndləri ərazisində dəniz sahilində kiçikhəcmli gəmilərə texniki baxış keçirilib. Baxış zamanı gəmilərin texniki sənədləri, onların yük və sərnişin götürmə qabiliyyəti üzrə texniki tələb və normaları, mühərriklərin gücü və sayı, üzmə rayonu, suüstü bortun minimal hündürlüyü, gəminin üzə biləcəyi dalğa hündürlüyü, xilasetmə və yanğın əleyhinə vasitələr, naviqasiya və digər avadanlıqlarla təchizatı yoxlanılıb.
Qeyd edək ki, texniki baxışın keçirilməsi üçün ərazi üzrə ümumilikdə 125 qayığın sahibindən müraciət daxil olub. Texniki baxış nəticəsində norma və tələblərə cavab verən nəqliyyat vasitələrinin (qayığın) sahibinə üzməyə icazə verən texniki talon təqdim olunub, tələblərə cavab verməyən qayıqların istismarına qadağa qoyularaq istismara yararsızlıq barədə akt tərtib edilib.
Hazırda FHN tərəfindən kiçikhəcmli gəmilərin texniki vəziyyətinin qiymətləndirilməsi davam etdirilir.
545 dəfə oxundu