Azərbaycanın məşhur partiyası fəaliyyətini dayandırdı

Azərbaycanın məşhur partiyası fəaliyyətini dayandırdı

Azərbaycan Naminə Alyans Partiyası (ANAP) ləğv olunmaq barədə qərar qəbul edib və bu barədə xüsusi Bəyanat yayıb.

Qaynarinfo-ya daxil olan bəyanatda öncə partiyanın necə və nə zaman yaradıldığı haqda fikirlər əksini tapıb, sonra fəaliyyət dövrü və ən nəhayət ləğv olunmasınının səbəbi haqda ətraflı məlumat verilib.

Bəyanatda deyilir:

"Ötən əsrin 80-ci illərinin sonlarında ermənilərin növbəti dəfə başladıqları "Miatsum” hərəkatı Azərbaycanın ərazi bütövlüyünə ciddi təhlükə yaratdı. Bu təhlükə Respublikamızda xalq hərəkatının başlanmasına təkan verdi, minlərlə insan aktiv şəkildə siyasi proseslərə qoşuldu. 90-cı illərdən başlayaraq ilk siyasi partiyalar yaranmağa başladı. AXC siyasi partiyaya çevrildi və 1992-ci ilin mayında hakimiyyətə gəldi. Həmin dövrdə hakimiyyətə qarşı ilk müxalifət partiyası - Azərbaycan Milli İstiqlal Partiyası yaradılmağa başladı. Abutalıb Səmədov ilk günlərdən onun yaradılmasında fəal şəkildə iştirak etdi və AMİP-in ən böyük təşkilatının - Sumqayıt şəhər təşkilatının sədri oldu. Abutalıb Səmədov 1993-cü ilin mayında yaranmış fikir ayrılıqlarına görə həmfikirləri ilə birlikdə AMİP-i tərk etdi və müstəqil siyasi partiya yaratmaq istiqamətində fəaliyyətə başladı. Milli Dirçəliş Günündə - 17 noyabr 1994-cü il tarixində təsis olunan Azərbaycan Naminə Alyans Partiyası əsas məramının dövlətimizin müstəqilliyinin möhkəmlənməsi, ərazi bütövlüyünün təmin olunması istiqamətində mübarizə aparmaq olduğunu bəyan etdi və fəaliyyət göstərdiyi müddətdə elan etdiyi bu prinsiplərə daim sadiq qaldı.

Partiyamızın rəhbərliyi və üzvləri 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında aktiv şəkildə iştirak etdilər və Ulu Öndər Heydər Əliyevə əllərindən gələn yardımı göstərdilər. Ölkəmizin siyasi həyatında öz fəallığı ilə seçilən partiyalardan biri olaraq 1995, 2000 və 2005-ci illərdə parlament, 1998 və 2003-cü il prezident seçkilərində iştirak etdik.
Ətraflı
Ad - 00:13

2003-cü il prezident seçkilərində Ulu Öndər Heydər Əliyevin - "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” - bəyanatına dəstək verərək Abutalıb Səmədov namizədliyini cənab İlham Əliyevin xeyrinə geri götürdü və tariximizdə baş verən hadisələr bunun nə qədər düzgün addım olduğunu sübut etdi. Məhz Prezident İlham Əliyevin rəhbərliyi dövründə siyasi partiyaların normal fəaliyyəti üçün hər cür şərait yaradıldı. Siyasi partiyaların nüfuzunun artması, onların dövlət tərəfindən maliyyələşməsinin təmin olunması, yüksək səviyyədə təmir olunmuş qərargahların verilməsi, üzləşdikləri problemlərin operativ aradan qaldırılması və s. məsələlərin həlli istiqamətində Prezident Administrasiyasında yaradılan müvafiq şöbə Prezident İlham Əliyevin tapşırığı ilə müstəsna xidmət göstərdi və bu fəaliyyət uğurla davam edir. Məhz Prezident İlham Əliyevin müəyyən etdiyi və ardıcıllıqla yeritdiyi siyasət nəticəsində cəmiyyətdə yeni siyasi konfiqurasiya formalaşdı, siyasi partiyalarla hakimiyyət arasında əməkdaşlıq son dərəcə yüksək səviyyəyə qaldırıldı. Məhz Prezident İlham Əliyevin böyük dövlət müdrikliyi, qətiyyəti, təşkilatçılıq bacarığı sayəsində İkinci Qarabağ müharibəsində xalqımız möhtəşəm qələbəyə nail oldu. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar, ictimai birliklər Ali Baş Komandanın ətrafında sıx birləşdilər və bu birlik tariximizin ən böyük qələbəsinin qazanılmasında müstəsna rol oynadı. Həmin günlərdə və sonrakı dövrdə baş verən hadisələr bariz şəkildə göstərdi ki, xalqımız firqələrə, qruplara parçalanmağı yanlış sayır, müstəqilliyimiz üçün son illər artan təhlükələrin qarşısını almaq üçün bütün siyasi qüvvələrin birləşməsini tələb edir”.

Bəyanatda sonra bildirilir ki, ANAP-ın "Siyasi partiyalar haqqında” yeni Qanunun qüvvəyə minməsindən sonra toplaşan növbədənkənar 5-ci qurultayı keçirilib. Qurultayda yeni Qanunun tələblərinin icra olunması vəziyyəti və yaranmış yeni şəraitdə atılacaq addımlar müzakirə edilib və ANAP-ın ləğvi barədə qərar qəbul edilib:

"Partiyanın fəaliyyəti üçün tələb olunan üzv sayının təmin olunmasının çətinliklə də olsa mümkünlüyünə baxmayaraq Respublikada formalaşmış tamamilə yeni şəraiti, siyasi fəaliyyətə başlamağımızın əsas səbəbi olan ən böyük problemimizin - ərazi bütövlüyümüzün təmin olunması - həll olunduğunu və xalqımızın bölünmək deyil, birləşmək istəyini nəzərə alaraq, "Siyasi partiyalar haqqında” Qanunun 9.2 və 14.2.5 maddələrinin və ANAP Nizamnaməsinin 5-ci bəndinin tələblərini əldə rəhbər tutaraq qurultay Partiya sədrinin təklifi ilə razılaşdı və ANAP-ın ləğv olunması barədə qərar qəbul etdi.

Ümid edirik ki, bizim tutduğumuz yol digər siyasi partiyalar və liderlər üçün nümunə olacaq və onlar da dövlətçiliyimizin inkişafının bu mühüm mərhələsində faydalı olmaq üçün ən düzgün addımı atmağa çalışacaqlar. Abutalıb Səmədov bundan sonra müstəqil siyasətçi - siyasi ekspert kimi fəaliyyətini davam etdirmək, uzun illər topladığı siyasi təcrübəni və biliklərini xalqımızın maariflənməsi üçün sərf etmək niyyətindədir. ANAP-ı quran və aktiv fəaliyyət göstərən hər kəsə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi naminə göstərdiyi xidmətlərə görə dərin təşəkkürümüzü bildirir, bundan sonrakı fəaliyyətlərində və şəxsi həyatlarında uğurlar arzulayırıq. Ötən müddət ərzində göstərdiyimiz fəaliyyətə həmişə diqqətlə yanaşan, hər cür dəstək verən Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildirir və dövlətçiliyimizin inkişafı və güclənməsi istiqamətində apardığı mübarizədə ona böyük uğurlar arzulayırıq”.

Siyasi ekspertlər hesab edir ki, partiyanın qurultayının partiyanın fəaliyyətini dayandırmaq barədə qərar qəbul etməsi hər bir partiyanın hüququdur. ANAP da bu hüquqdan istifadə edib. Nə üçün belə bir qərar qəbul etdiyini isə kifayət qədər məntiqli arqumentlərlə əsaslandırıb. Odur ki, nizamnaməsində, proqramlarında nəzərdə tutulmuş strateji vəzifələrə nail olmuş partiyanın öz təşəbbüsü ilə bağlanması məntiqli və başa düşülən hadisədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
383 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...