Alimpaşa Məmmədov 40 min manat mənimsədiyini etiraf etdi

Alimpaşa Məmmədov 40 min manat mənimsədiyini etiraf etdi
Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
GUNDEMİNFO.AZ APA-ya istinadən xəbər verir ki, bü gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda 16 nəfər şahid - icra nümayəndələri, bələdiyyə sədrləri, bağça müəllimləri və s. dindirilib.
Bütün şahidlər ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq edərək qısa danışmaqla kifayətləniblər.
Bildirilib ki, iş üzrə epizodlardan biri əhalinin siyahıya alınması zamanı mənimsəmə ilə bağlıdır. Prosesdə ifadə verən icra nümayəndələrinin dediklərinə görə, siyahıya alınma zamanı toplanan pulu Şəmkir Statistika Komitəsinin müdiri Pərvin Gözəlova veriblər. Pərvin Gözəlov isə toplanmış vəsaiti rayon icra başçısının köməkçisi Qüdrət Əliyevin vasitəsilə Alimpaşa Məmmədova çatdırıb.
Alimpaşa Məmmədov özü də siyahıya alınma zamanı toplanmış pulların ona çatdığını deyib:
“Bu məsələdə birbaşa günahkar mənəm, toplanmış 40 min manatı mən mənimsəmişəm”.
Bağça müəllimi işləyən şahidlər də prosesdə eyni epizod üzrə ifadə veriblər.
Proses yanvarın 31-də davam etdiriləcək.
Qeyd edilib ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
395 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...