Şikayətçi evindəki qonağa görə sosial yardım ala bilmədiyini deyir

Şikayətçi evindəki qonağa görə sosial yardım ala bilmədiyini deyir

Xaçmaz rayonunun Xudat şəhər sakini Seydbalayev Ruslan Toplum TV-nin qaynar xəttinə yazaraq ünvanlı sosial yardım ala bilmədiyini qeyd edir. Şikayətçi dəfələrlə müraciət etsə də, müxtəlif bəhanələrlə ona imtina cavabı verildiyini deyir.

“Özüm dövlət işində işləyirəm və 280 manat maaş alıram. 8 və 2 yaşlarında iki övladım var. Vəziyyətimiz olduqca ağırdır, ev şəraitim acınacaqlı haldadır. Ünvanlı sosial yardım ala bilmək üçün 2020-ci ildə bir dəfə müraciət etdim və 4 ay bu yardımı aldım. Sonra səbəbsiz yerə kəsildi. Həmin ilin sentyabrında yenidən müraciət etdik. O zaman yoldaşım hamilə idi. Yoxlama isə 2021-ci ilin yanvar ayında, yəni müraciətimizdən 4 ay sonra gəldi. Həmin vaxt isə artıq ikinci övladım dünyaya gəlmişdi. Bizə dedilər ki, uşaq sistemdə qeyd edilməyib. Başa saldıq ki, o zaman uşaq hələ dünyaya gəlməmişdi. Ancaq buna baxmayaraq, yenə imtina cavabı verdilər. Sentyabr ayından bugünə kimi 4 dəfə müraciət etmişəm. Yenə də imtina cavabı gəlib”.

R. Seydbalayev ünvanlı sosial yardım üçün həyat yoldaşı Günel Seydbalayevanın adından müraciət etdiklərini deyir.

Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Toplum TV-ə bildirdi ki, imtinaya səbəb müayinə zamanı ərizə-bəyannamədə qeyd olunmayan ev sahibinin də həmin ünvanda ailə ilə birgə yaşadığının aşkarlanması olub:

“Xaçmaz rayon sakini Günel Seydbalayevanın bu ilin noyabrın 21-də etdiyi müraciətə əsasən ailənin yaşadığı ünvanda maddi-məişət şəraitinin müayinəsi həyata keçirilib. Müayinə zamanı ərizə-bəyannamədə qeyd olunmayan ev sahibinin də həmin ünvanda ailə ilə birgə yaşadığı aşkarlanıb. Eyni hal bu ilin oktyabrın 17-də edilən müraciət zamanı da aşkarlanıb. Hər iki müraciətə bu səbəbdən imtina verilib. Həmçinin Günel Seydbalayevanın 20 sentyabr 2022-ci il tarixli müraciətində isə ev telefonunun ərizə-bəyannamədə təsdiqini tapmaması imtina cavabının verilməsinə səbəb olub”.

Şikayətçi R. Seydbalayeva isə evdə olan şəxsin onların ailəsinə heç bir aidiyyətinin olmadığını, onalara qonaq gəldiyini deyir. G. Seydbalayevanın adına olan telefon nomrəsinin isə müraciətlərində qeyd etdiklərini iddia edir.

Toplum TV



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
449 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...