Baydenin dünya siyasətinə sürətli müdaxiləsi: baş tutacaqmı?

Baydenin dünya siyasətinə sürətli müdaxiləsi:


Güman ki, amerikalı politoloq və yaxud da ki, siyasi analitiklərin yeni ABŞ prezidenti Co Baydenin ilk yüz gününə bəraət qazandırmaq və onu bir növ təmizə çıxarmaq üçün hansısa arqumentləri var – bəli, onlar çox da uğurlu olmayan siyasi debütü, xüsusən də yeni xarici siyasət kursunu əsaslandırmaq üçün müəyyən mülahizələr tapa bilərlər.

Əlbəttə ki, ötən il polislər tərəfindən xüsusi amansızlıqla, hətta qəddarcasına öldürülən qara dərili afro-amerikalı Floydun ailəsinə 29

milyon dolların ödəniləcəyi haqda son xəbərlər və ya iqtisadiyyatı stimullaşdıracaq bir neçə trilyonluq maliyyə paketi haqqında qərar heç sözsüz ki, böyük maraq doğurur, amma dünya Baydendən daha çox xarici siyasətlə bağlı qəti addımlar gözləyir.

Bəli, bir neçə həftə bundan əvvəl özünün növbəti bəyanatında NATO-nun baş katibi Yens Stoltenberq dedi ki, əgər Alyans vaxtında Ukraynanı Bloka üzv qəbul etsəydi Krım ilhaq olunmazdı. Güman ki, eyni sözləri qonşu Gürcüstan haqda da demək olardı–Alyansın onunla da bağlı pozitiv qərarı Gürcüstan-Rusiya müharibəsinin qarşısını ala, Abxaziyanın və Cənubi Osetiyanın Rusiyanın nəzarətinə keçməsinə mane ola bilərdi.

Amma tarix şərtli budaq cümlələrini sevmir, Fəqət, o da aydındır ki, geriyə qayıdıb səhvləri düzəltmək mümkün olmasa da, onu bu gün üçün
etmək və bugünki səhvləri aradan qaldırmaq lazımdır.

ABŞ-ın yeni administrasiyasının həll etməli olduğu xarici siyasət problemləri çoxdur – burada təkcə İran və Yaxın Şərqlə bağlı problemlə
məsələ tükənmir (İran məsələsində yalnız payızda nəsə ola bilər, çünki iyunda bu ölkədə prezident seçkisi keçiriləcək), Çin və Rusiya məsələsi,
hətta NATO-nun Donald Trampdan yığılıb qalmış problemləri də var. Qətiyyən gizlətmirik ki, bizi ilk növbdə yeni ABŞ prezidentinin bir sıra post-sovet ölkələri istiqamətindəki səyləri maraqlandırır.

Əlbəttə, burada dərhal ağıla Ukrayna, Moldova və Gürcüstan gəlir, çünki bunlar o ölkələrin ünvanıdır ki, son illərin ABŞ
administrasiyalarının səyləri daha çox bu ölkələrə yönəlibdir. Məsələn, Gürcüstanı NATO-nun qeyri-formal üzvü hesab edirlər, amma çox
təəssüf ki, belə status Tiflisin təhlükəsizliyinə tam təminat vermir. Eyni sözləri Mərkəzi Asiya ölkələri haqda da demək olar, çünki əgər ABŞ
Rusiyanı zəiflətmək istəyirsə, gərək, Belarusu və yaxud da elə Mərkəzi Asiyanı onun təsir zonasından çıxarsın.

Burada səbrsiz oxucu deyə bilər ki, axı Rusiya ilə Dağlıq Qarabağ məsələsində təzəcə dil tapdığımız bir məqamda Mərkəzi Asiyanın, hətta
Gürcüstanın problemlərinin bizə nə dəxli var?

Birincisi, trans- Xəzər dəhlizinin yaradılması ilk növbədə bizim iqtisadiyata ciddi maliyyə inyeksiyası demək olardı. Məlum olduğu
kimi, bizim neft və ya qaz ehtiyatlarımız məhduddur, amma neftin və qazın nəqli üçün geniş infrastruktura malikik.

Bəli, bir neçə həftə bundan əvvəl nəhayət ki, "buzlar əridi” və Azərbaycanla Türkmənistan Xəzərdə bəzi yataqların istismarı ilə bağlı
razılaşma imzaladı. Əgər Türkmənistan və Qazaxıstan bizim neft-qaz tranzitilə bağlı infrastrukturumuza ciddi maraq göstərsəydi, bu, bizim iqtisadiyyata, xüsusən də ki, karbohidrogen strategiyamıza çox böyük töhfə olardı.

İkincisi, əlbəttə ki, biz təkcə bu son bir neçə ayda Dağlıq Qarabağ məsələsində otuz ildə etdiklərimizdən qat-qat artıq etmişik: torpaqlarımız azad olunub və indi tranzit infrastrukturunun bərpası üzərində işlər gedir. Hələki bizim Rusiyanın sülhpərvərlik missiyasıyla bağlı ciddi iradlarımız yoxdur, amma Rusiyaya yüz faiz arxayın da ola bilmərik, çünki bəzən elə detallar olur ki, Rusiyanın sülhməramlılarına bəraət qazandırmaq çox çətin olur və yaxud da ki, olmur.

Daha düzgünü və dəqiqi belə demək olardı ki, Moskva konflikti tamamilə həll etmək də istəmir, çünki əks təqdirdə o, özünü Cənubi
Qafqazdakı ən əsas təsir rıçaqlarının birindən məhrum edərdi. Ona görə də biz Qərb dövlətlərini də tam unutmamalıyıq. İndi çox adam belə deyir ki,Bayden ermənipərəst siyasət yürüdəcək. Etiraf edək ki, biz buna çox da inamaq istəmirik. Düşünürük ki, Vaşinqtonda da başa düşürlər ki, münaqişənin "Qordiy düyününü” yalnız Moskva kəsə bilər, ona görə ki, onun arxitektoru elə Kremlin özüdür. Odur ki, yalnız onunla işləyərək pozitiv nəticə əldə etmək olar. Belə bir yanaşma bizi də prinsipcə, qane edir, amma Kreml öz üzərində azacıq da olsa, nəzarət və ya təzyiq hiss etsə, bu, yalnız işin xeyrinə olar...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
736 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...