Putindən sonra nə olacaq: Rusiya dağılacaq, xaos, anarxiya?.. (TƏHLİL)

Putindən sonra nə olacaq:


Politoloq Xaqani Cəfərli Rusiyada geden siyasi prosesləri şərh edib və Prezident Vladimir Putinin hakimiyyətdən getməsi ehtimallarını dəyərləndirib.

Qaynarinfo xəbər verir ki, politoloq Putindən sonra Rusiyada xaos olacağını proqnozlaşdırıb:

"Rusiya prezidenti Vladimir Putinin səhhəti ilə bağlı xəbərlərin çox həssaslıqla izlənməsi bir neçə amillə izah oluna bilər. Bu amillərin birincisi, heç şübhəsiz, Rusiyada bərqərar olmuş hakimiyyətin mahiyyəti ilə bağlıdır. Hər kəsə aydındır ki, Rusiyada bir şəxsin, prezident Putinin şəxsiyyəti üzərində bərqərar olmuş avtoritar idarəçilik mövcuddur. Son illər isə bu idarəçilik dövlətin özü ilə eyniləşib. Rusiyada dövlətlə hakimiyyətin eyniləşməsini ən bariz şəkildə Rusiyada Dövlət Dumasının sədri Vyaçeslav Volodin ifadə edib. Volodin bir neçə dəfə bəyan edib ki, nə qədər Putin var, Rusiya da olacaq, Putin yoxdursa, Rusiya da olmayacaq. Dövlət Dumasının sədri hesab edir ki, Rusiyanın üstünlüyü neft və qazla deyil, Putinin mövcudluğu ilə bağlıdır.

Putin rəsmən hökmdar elan olunmasa da, mütləq hakimiyyətə malikdir. Mütləq hakimiyyət sahibinin səhnədən getməsi isə istər-istəməz özündən sonra böyük boşluq yaradır. Tarix artıq bir dəfə buna şahid olub. Çar II Nikolay taxt-tacdan əl çəkməyə məcbur edildikdən sonra Rusiyada anarxiya yaranıb. Tarixin ikinci dəfə təkrar olma ehtimalı isə çox yüksəkdir.

Bu gün Rusiyada Putinin özü istisna olmaqla hakimiyyətin təmsilçilərindən heç biri cəmiyyətdə ciddi dəstəyə malik deyil. Hakimiyyət təmsilçisini dəstəkləməsi ehtimal olunan yaşlı nəslin cəmiyyətdə baş verən proseslərə təsiri faktiki olaraq yoxdur. Bütün dünyada olduğu kimi, Rusiya cəmiyyətində də ictimai-siyasi proseslərə ən çox təsiri olan Z nəsli arasında hətta Putinin də nüfuzu çox aşağıdır. Digər iqtidar təmsilçilərinin isə ümumiyyətlə, Z nəsli arasında heç bir dəstəyi yoxdur.
Putindən sonra anarxiyanın yaranma ehtimalını artıran əsas səbəblərdən biri də Rusiyada vahid siyasi millətin formalaşmamasıdır. Avtoritarzimin Rusiyaya ən böyük zərəri vahid siyasi millətin formalaşmasına imkan verməməsidir. Sovet İttifaqının dağılması ilə "sovet xalqı”da siyasi səhnəni tərk etməyə başladı. "Sovet xalqı”nı əvəz edəcək siyasi millətin formalaşmasına isə avtoritarizm imkan vermədi. Bu gün Rusiya cəmiyyəti fərqli maraqları və dəyərləri olan bir neçə toplumun hibridindən ibarətdir. Bu cəmiyyəti birlikdə tutacaq vahid xarici düşmən də mövcud deyil. Rusiyanın çoxsaylı subyektləri ilə mərkəzi hakimiyyət arasında ciddi ziddiyətlər mövcuddur. Ötən il Rusiyanın Şərq və Cənub əyalətlərində baş verən proseslər və onlara ölkənin digər hissəsinin münasibəti Rusiya cəmiyyətinin nə qədər amorf toplum olduğunu aşkara çıxardı.

Məlum olduğu kimi, Putindən sonra siyasi, hərbi və maliyyə elitasını birləşdirə biləcək vahid lider mövcud deyil. Digər tərəfdən Putinin ətrafında bir-biri ilə barışmaz ziddiyyətdə olan bir neçə qruplaşma mövcuddur. Son zamanlar həmin qruplaşmaların daha kəskin mübarizəsi çox aydın müşahidə olunur.
Putindən sonra hakimiyyətin iqtidar təmsilçilərindən birinə ötürülməsini istisna edən digər önəmli məqam güc strukturlarının tamamilə nüfuzdan düşməsi, cəmiyyətdə heç bir dəstəklərinin olmamasıdır. Müxalifət lideri Aleksey Navalnıya edilən sui-qəsd ətrafında baş verən ifşa prosesi isə güc strukturlarının legitimliyini tamamilə itirməsinə səbəb olub.

Putinin siyasi səhnəni tərk etməsindən sonra Rusiyada anarxiya, mərkəzdənqaçma prosesinin yaranma ehtimalını artıran əsas amillərdən biri də koronavirus pandemiyasının yaratdığı vəziyyətdir. Bütün dünyada olduğu kimi, Rusiyada da koronavirus pandemiyası zamanı tətbiq olunan məhdudiyyətlər azadlıq istəyini çox gücləndirib. Eyni zamanda pandemiya Rusiya əhalisinin daha da yoxsullaşmasına səbəb olub. Koronavirus təhlükəsinin azalması və avtoritar liderin səhnədən getməsi ilə azadlıq həsrətində olan yoxsul cəmiyyətdə partlayış baş verəcəyi qaçılmazdır.

İqtisad elmləri doktoru, Sciences Po Universitetinin professoru Sergey Quriyev Rusiyada siyasi proseslərin çıxmaza girdiyini, bu dalandan çıxmaq üçün cəmiyyətdə təsəvvürlərin olmadığın qeyd edir. Gələcəklə bağlı aydın təsəvvürləri olmayan, amorf cəmiyyətdəki stabillik sərt avtoritar sabitlikdir. Bu stablliyi yaradan amil, avtoritar lider səhnəni tərk etdiyi zaman isə xaos, anarxiya və mərkəzdənqaçma qaçılmaz kimi görünür”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
492 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...