Fəzail Ağamalı "Yeni Müsavat"ın müdafiəsinə qalxdı
““Yeni Müsavat” qəzetini dövlətə satılmaqda ittiham edənlər Azərbaycanın ən savadlı və təcrübəli psixatırına müraciət etsinlər”. Bu fikirləri AzVision.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib.
Partiya sədri vurğulayıb ki, dövlətçilik mövqeyində dayanan qəzeti hakimiyyətə satılmaqda ittiham etmək xoşagələn yanaşma deyil: “Bu gün “Yeni Müsavat” qəzeti dövlətçilik mövqeyində dayanaraq özünün təhlil yazılarında və ayrı-ayrı insanlara ünvanlanmış olduğu suallarda obyektiv mövqe nümayiş etdirirsə, Azərbaycanın mövqeyini ifadə edirsə, dövlətimizə nüfuz gətirən addımları alqışlayırsa, ona zərər gətirəcək amillər üzərinə gedirsə, onu tənqid edirsə, bu qəzeti hədəfə çevirib top, tüfəng atmaq lazım deyil. Milli Şuranın haradan əmələ gəldiyi və necə fəaliyyət göstərdiyi bəllidir. Bu qurum anti-Azərbaycan kampaniyasında fəal iştirak edən, anti-milli bir qurumdur”.
Deputat daha sonra Milli Şura sədri Cəmil Həsənliyə iradlarını bildirib.
“Cəmil Həsənlinin ünvanına tarixçi alim kimi hər zaman xoş sözlər ifadə olunub. Çünki, o, tarixin ciddi məqamlarını araşdıraraq ortaya elmi əsərlər qoyub. Əgər bu gün Cəmil Həsənli anti-milli qüvvələrin içərisində Azərbaycana qarşı qarayaxmalarda, iftiralarda fəal şəkildə iştirak edirsə, bu olduğu kimi adı ilə göstərilməlidir. Məhz “Yeni Müsavat” qəzeti də bunu edir. Buna görə də onlar “Yeni Müsavatı” hədəfə almağa çalışırlar. Dövlətçilik mövqeyində dayanan qəzeti hakimiyyətə satılmaqda ittiham etmək düzgün yanaşma deyil. Onlar kim dövlətçilik mövqeyində dayanırsa, dərhal ona yarlıq vururlar ki, hakimiyyətə satılıb, ələ alınıb və. s. Bunlar əsası olmayan iftiralar, uydurmalardır.
“Yeni Müsavat” qəzetinin, baş redaktorunun keçmiş olduğu yola nəzər salanda görünür ki, o vaxtı ilə özünün ən radikal mövqeyi ilə hakimiyyətə qarşı idi. Yəni, vaxtı ilə fərqli mövqedə idi. Əgər onlar təkamül nəticəsində gedən prosesləri təhlil edərək, düzgün nəticə çıxardaraq, bir azərbaycanlı olaraq vətəndaşlıq mövqeyini obyektiv şəkildə ortalığa qoyursa, onu hakimiyyətə satılmaqda ittiham etmək avantürist yanaşmadır”.
F. Ağamalı deyib ki, bu gün hakimiyyətə müxalif olan bir çox partiyaların sədrləri də hər zaman elan ediblər ki, dövlətə qarşı müxalif deyillər: “Azərbaycanda I Avropa Oyunlarının keçirilməsinin təşəbbüskarı, təşkilatçısı, oyunları çox müvəffəqiyyətlə həyata keçirən ölkə başçısı İlham Əliyevdir. Buna görə biz prezidenti alqışlamalıyıq. Azərbayacan prezidentinin ölkəmizə nüfuz gətirən idman hərəkatının reallaşmasında atmış olduğu addım və bu sahədə göstərmiş olduğu təşkilatçılıq bacarığı dövlətimizə nüfuz gətirir. Azərbaycan dövlətinə isə müxalifət olmaq olmaz. Əgər Milli Şura dövlətə müxalifətçilik edirsə, deməli anti-milli qüvvədir”.
Qeyd edək ki, son vaxtlar Milli Şura ilə “Yeni Müsavat” qəzetinin arasında baş verən qalmaqal kəskin forma alıb. Tərəflər qarşılıqlı olaraq bir-birini hakimiyyətə satılmaqda ittiham edir. Maraqlıdır ki, Müsavat Partiyası baş verən qalmaqala soyuq münasibət bəsləyir.
1270 dəfə oxundu