Tural Abbaslı Müsavatdan istefa verib
Gənc siyasətçi öz partiyasını yaradacaq...
Müsavat Partiyasının üzvü Tural Abbaslı mayın 5-də partiyadan istefa verib. Musavat.com xəbər verir ki, T.Abbaslı istefa barədə bəyanatı ilk olaraq mətbuata göndərib.
Müsavat Partiyasının Divanına göndərilən ərizədə T.Abbaslı 16 il partiyada fəaliyyət göstərdiyinə diqqət çəkib. “Mən 2000-ci ildən Müsavat Partiyasının üzvüyəm. Üzv olduğum 16 il ərzində partiya strukturunun müxtəlif vəzifələrində Müsavat və müsavatçılıq ideologiyası uğrunda layiqincə xidmət göstərdiyimi düşünürəm. Biz ailəlikcə müsavatçı olmuşuq. Hər zaman müsavatçılıq ideologiyasının ölkəmizdə qalib ideologiya olacağına, mövcud durumu dəyişərək demokratik cəmiyyət quracağına inanmışıq. Təəssüf ki, bu inancımız Müsavat Partiyasının son qurultayından sonra sarsılmağa başladı. Qurultaydan sonra partiyada aparılan siyasətin, müsavatçılıq ideologiyası ilə üst-üstə düşmədiyi, partiyadaxili mühitin müsbətə doğru dəyişdirilməsi üçün lazımi istək və iradənin olmadığının qənaətinə gəldim. Enerjimin daxili çəkişmələrə və intriqalara sərf etməyin faydasız olduğunu düşünərək, partiya ilə yolumu ayırmaq qərarına gəldim. Həqiqi müsavatçılara gələcək mübarizələrdə uğurlar arzulayaraq, Müsavat Partiyasından istefa verdiyimi bəyan edirəm!”,- deyə T.Abbaslı vurğulayıb.
Qeyd edək ki, T.Abbaslı artıq istefa bəyanatını partiyaya mayın 6-da təqdim edəcək. Müsavatın Gənclər Təşkilatının sədri, həmçinin Divan üzvü Tural Abbaslı 2014-cü ildə partiyanın qurultayında başqanlığa namizəd də olmuşdu. Üç namizəddən biri olan T.Abbaslı seçilmədikdən sonra “Ağ blok” yaradıb. Bu ilin mayında “Ağ blok”un partiyaya çevrilməsi və qurultayın keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, Müsavat Partiyasının qurultayda namizədliyini irəli sürən dörd namizəddən ikisi partiyadan qovulub.
860 dəfə oxundu