“Ermənistan Xocalı faciəsi kimi qırğını təkrar törətməkdən çəkinməyəcək”

“Ermənistan Xocalı faciəsi kimi qırğını təkrar törətməkdən çəkinməyəcək”


Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevi Eurasianet.org portalında “Dağlıq Qarabağ: Mülki insanların əsl vəziyyəti” adlı məqalə ilə çıxış edib. Modern.az-ın məlumatına görə, Hikmət Hacıyev 25 aprel tarixində mənzil qəraragahı Nyu-Yorkda yerləşən Eurasianet.org portalında “Dağlıq Qarabağ: Mülki insanların əsl vəziyyəti” adlı məqaləsi ilə erməni yalanlarına cavab verib.

Məqalədə müəllif erməni yalanlarını ifşa edərək qoşunların təmas xəttinə yaxın ərazilərdə sıx şəkildə yalnız mülki Azərbaycan əhalisinin yaşadığını qeyd edib. O, Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində həyata keçirdiyi etnik təmizləmə nəticəsində qarşı tərəfdə mülki insanların olmadığını vurğulayaraq, Ermənistan təbliğatının qəsdən 2 aprel tarixindən başlayaraq təmas xətti boyunca yerləşən 34 Azərbaycan kənd və şəhərinin intensiv artilleriya atəşənə tutulmasından sükutla keçdiyini oxucuların diqqətinə çatdırıb. Müəllif işğal olunmuş Ağdamın Sarıcalı kəndində orta məktəb binasına atılan artilleriya mərmisi nəticəsində 220 nəfər şagirdin təsadüf nəticəsində sağ qaldığını bildirib. Tərtər sakini 16 yaşlı Təranə Həsənlinin isə Ermənistan tərəfindən atılan mərmi nəticəsində evlərinin həyətində faciəli həlak olduğunu qeyd edib. Ermənistanın son hücumları nəticəsində 4 nəfər mülki insanın öldüyü, 20-dən artıq insanın yaralandığı və mülki obyektlərə ciddi ziyan dəydiyini bildirib.

O, mülki Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək üçün 2 aprel tarixindən etibarən Azərbaycan ordusunun cavab tədbirləri gördüyünü qeyd edib. Azərbaycan tərəfinin zəruri tədbirlər görməyəcəyi halda, Ermənistanın 1992-ci il qanlı Xocalı faciəsi kimi qırğını təkrar törətməkdən çəkinməyəcəyini yazıb.

Baş vermiş hadisələrə görə öz məsuliyyətini gizlətmək üçün Ermənistanın yalan təbliğatla məşğul olduğunu yazan H.Hacıyev artıq 2 aprel tarixi səhər radələrindən sosial mediada Ermənistanın uydurduğu audio-vizual materiallarla doldurulduğunu oxucuların diqqətinə çatdırıb. Hərbi əməliyyatlar başlayan kimi sosial şəbəkələrə yalan təbliğat materiallarının yerləşdirilməsinin Ermənistanın əvvəlcədən hazırladığı planının tərkib hissəsi olduğunu deyib.

Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğunun gərginliyin yaranmasının əsas səbəbi olduğunu qeyd edən H.Hacıyev BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin tam və qeyd-şərtsiz bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib. Azərbaycan ərazilərinin hərbi işğalının həll yolu olmadığını yazan müəllif Ermənistan rəhbərliyinin bu reallığı nə qədər tez dərk edərsə, bir o qədər də tez regionda sülh və sabitliyin bərqərar olacağını vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
930 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...