Putinin müşavirindən Ermənistana xəbərdarlıq: “...Azərbaycan ərazilərini savaşla qaytaracaq”
Sergey Markov: “Qarabağ problemi “Kazan formulu” əsasında həll ediləcək”
“Ermənistanla sərhədlərin və kommunikasiyaların açılması qarşılığında Azərbaycan ərazilərinin boşaldılması Dağlıq Qarabağ konfliktinin həllində ən çox ehtimal edilən ilk addımdır”.
Musavat.com-un məlumatına görə, bunu Moskvadakı Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq, Rusiya Federasiyası İctimai Palatasının üzvü, prezident Putinin səlahiyyətli şəxslərindən (danışmanlarından) sayılan Sergey Markov “Vestnik Kavkaza” nəşrinə müsahibəsində Rusiyanın son sülh təşəbbüsünü bir daha şərh edərkən deyib.
Onun sözlərinə görə, “Kazan formulu” da elə budur: “Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarır, qarşılığında isə Azərbaycan Ermənistanın iqtisadi blokadasını götürür. İki ölkə arasında iqtisadi və humanitar əməkdaşlıq, insanların yerdəyişməsi bütünlüklə bərpa olmalıdır. Bundan əlavə, azad edilən rayonlar hərbsizləşdirilməlidir – hansı ki, Ermənistana sərfdir. Həmçinin, güc tətbiq edilməyəcəyi haqda müqavilə olmalı, zəmanət qismində sərhədlər boyu sülhməramlılar dayanmalıdır. “Kazan formulu” daha böyük ehtimalla reallaşacaq”.
Politoloqun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun amerikalı və fransalı həmsədrləri bu formula düzəliş eləməyə çalışacaqlar ki, dinc nizamlanmada təkcə Rusiya iştirakçı olmasın: “Məsələ yalnız bu formulun bir sıra konkret parametrlərini razılaşdırmaqla bağlıdır. Birinci – neçə rayon qaytarılmalıdır. Ermənistan Dağlıq Qarabağı onunla birləşdirən Laçın rayonunu saxlamaq şərtilə 5 rayon təklif edir. Azərbaycan isə 6 rayon, üstəgəl, Laçının bir hissəsində təkid edir. Praktik problemlərdın biri budur”.
Ekspert daha sonra deyib: “Bundan əlavə, hər iki tərəf razıdır ki, Dağlıq Qarabağın statusuna dair danışıqlar başlamalıdır: “Ancaq bununla bağlı sənədin preamblua hissəsində gələcəkdə referendum keçiriləcəyi ilə bağlı qeyd olmalıdır. Detallarla bağlı diskussiya olacaq. Azərbaycan tələb edir ki, orada Dağlıq Qarabağ da daxil, Azərbaycanın ərazi bütövlüyünü nəzərdə tutan Madrid prinsipləri yazılsın. Ermənistan isə deyir ki, “Əgər bəri başdan Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi nəzərdə tutulursa, referendumun nə anlamı var?” Ermənistan nə qədər ki, Dağlıq Qarabağda erməni əhalisi üstünlükdədir, maksimum tez zamanda referendum keçirilməsini istəyir. Yəni ki, “beyinlərdə müharibə”. Azərbaycan isə öncə köçkünlərin qayıdışı məsələsinin çözülməsi məsələsini qoyur ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni əhalisi referendumda bu və ya başqa qərarı birgə qəbul eləsinlər. İkinci praktik problem budur”.
Politoloq ümumən, Qarabağ ixtilafının siyasi həlli yolunda əsas maneənin İrəvanın ona sərfəli status-kvodan imtina eləmək istəməməsi ilə bağlı olduğunu deyib.
“Kazan formulu” təkcə ona görə baş tutmayıb ki, sülh prosesinə müxtəlif baxışlar mövcuddur, həm də o səbəbə alınmayıb ki, Ermənistan ümumiyyətlə, bu kompromislər üçün elə də “əldən getməyib”, buna həvəs göstərməyib. İrəvan sadəcə, hər şeyin indiki kimi qalmasını istəyib. Ancaq son döyüş əməliyyatları həm Ermənistan, həm Rusiya, həm Fransa və ABŞ rəhbərliyinə, həm də digər beynəlxalq təşkilatların nümayəndələrinə təsir edib və göstərib ki, bu cür boş oturmaq sonsuz davam edə bilməz. Əgər cari danışıqlar da uğursuz olsa, növbəti eskalasiya qaçılmaz olacaq və o zaman yəqin ki, işğal altındakı müəyyən ərazilər Azərbaycanın nəzarətinə qayıdacaq”, - deyə Markov işğalçı tərəfə xəbərdarlıq edib.
“Yox, danışıqlar uğurlu olsa, regionda gərginlik azalacaq, onun iqtisadi resursları böyüyəcək” – politoloq qeyd edib.
“Bu, həmçinin, Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə daha intensiv əməkdaşlığına zəmin yaradacaq. Sadalananlara yanaşı, nizamlama insanların daha intensiv yerdəyişməsinə stimul verəcək və bölgədə Rusiyanın təsirinin müəyyən dərəcədə artmasına gərirəcək” – politoloq əmindir.
Putinin danışmanının dəyərləndirməsinə görə, Qərbin aktual danışıqlarda konstruktiv rolu prosesə müdaxilə etməməkdən ibarət ola bilər: “Bildiyimiz kimi, ABŞ başqa təşəbbüslərə qarşı dözümlü deyil. Odur ki, Amerika tərəfdən prosesi tormozlayan təkliflərin olması mümkündür. Bu xüsusda Vaşinqtonun konstruktivliyi yalnız o olardı ki, “Kazan formulu”nun reallaşması yolunda təkərlər arasına ağac salmasın”.
“ABŞ və Fransadan fərqli olaraq, Rusiyada güclü erməni diasporu ilə yanaşı, güclü Azərbaycan diasporu da var – hansı ki, bir-birini tarazlayır. Bu da Rusiyaya imkan verir ki, Qarabağ məsələsində daha balanslı mövqe tutsun. ABŞ-ın prosesə müdaxiləsi ilk növbədə Amerikadakı erməni lobbisinin müdaxiləsi şəkilində olacaq - hansı lobbi ki, məsələdə Ermənistandakı toplum və hakimiyyətdəki “Qarabağ klanı”ndan da radikal mövqe sərgiləyir” - əlavə edib rusiyalı politoloq.
909 dəfə oxundu