Səfir: “İşğala son qoyulsa, atəşkəsə də ehtiyac qalmayacaq”
"Heç kimin könlündən müharibə keçməz, müharibəni heç kəs arzulamır. Atəşkəsin əldə olunması doğru bir yoldur. Lakin bir problem var ki, bu da Azərbaycan torpaqlarının işğal altında olmasıdır. Atəşkəs müharibənin olmaması üçün şübhəsiz ki, sevindirici bir haldır. Ancaq bu, problemi aradan qaldırmır”.
Bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib. Səfirin sözlərinə görə, problemin özünü həll etmək, yəni işğalı dayandırmaq lazımdır. “Onun da parametrləri bəllidir”, - deyə o vurğulayıb.
Problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkün olduğunu deyən İ. Coşqun qeyd edib ki, bu halda atəşkəsə də ehtiyac qalmayacaq. Onun sözlərinə görə, Azərbaycan torpaqları işğaldan azad edilsə, hər bir ölkə özünün tanınmış sərhədləri daxilində sülh içində yaşaya biləcək: “Bu normallaşma prosesində əsas işimizə dönə biləcəyik. Əsas işimiz də bölgənin, xalqlarımızın rifahı, işbirliyi, ticarətin inkişafıdır. Bunlara nail olmaq üçün vəziyyətin normallaşması lazımdır. Normallaşma üçün də işğala son verilməlidir. İşğala son qoyulsa, atəşkəsə də ehtiyac qalmayacaq”.
894 dəfə oxundu