“Parlament müxalifəti” 90 saylı dairədən imtina etdi
Prezident İlham Əliyevin sərəncamı ilə 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin edilib. Modern.az parlamentdə təmsil olunan partiyalardan həmin dairədən namizədlərinin olub-olmayacağını öyrənməyə çalışıb.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Elçin Mirzəbəyli bildirib ki, bu barədə onlarda müzakirə aparılmayıb. Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli də həmin seçki dairəsindən namizədlərinin olub-olmayacağını dəqiq bilmir. “Hələlik belə fikrimiz yoxdur. Amma rayon təşkilatının belə bir fikri olarsa qiymətləndirərik”.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə Ağdaş rayonunda təşkilatlarının olmadığı üçün heç kimi namizəd irəli sürməyəcəklərini bildirib. Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı da namizədlərinin olmadığını vurğulayıb. Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı seçkilərdə iştirak etmək fikirlərinin olmadığını qeyd eidb.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev də seçkilərə qatılmayacaqlarını bildirib. O qeyd edib ki, onlar seçkilərdə iştirak ediblər və yenidən həmin dairədən namizəd irəli sürməyə ehtiyac yoxdur. Ötən il noyabrın 1-də keçirilən parlament seçkilərindən sonra 90 saylı Ağdaş seçki dairəsindən AGBank-ın rəhbəri Çingiz Əsədullayev yenidən Milli Məclisə deputat seçilmişdi. Lakin noyabrın 17-də Mərkəzi Seçki Komissiyası tərəfindən həmin dairənin nəticələri ləğv edildi.
1577 dəfə oxundu