Robert Sekuta: “İlham Əliyevin Vaşinqtona səfəri dönüş nöqtəsi oldu”

Robert Sekuta: “İlham Əliyevin Vaşinqtona səfəri dönüş nöqtəsi oldu”


Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta “Amerikanın Səsi”nə müsahibəsində prezident İlham Əliyevin ABŞ səfərinin yekunları, iki ölkə arasında iqtisadi əlaqələr, ABŞ investisiyaları, iqtisadi islahatlar, nüvə təhlükəsizliyi, Dağlıq Qarabağ problemi və insan haqlarından danışıb

Müsahibəni təqdim edirik:

Suallara cavab verməmişdən öncə səfir Sekuta Azərbaycan prezidentinin Amerikada keçirdiyi görüşlər və müzakirə olunan məsələlərlə bağlı məlumat verib.

Prezident İlham Əliyev bu yaxınlarda ABŞ-a çox uğurlu bir səfər edib. Bu səfərin baş tutması üçün hər iki ölkə səylə çalışıb. Bizim fikrimizcə səfər çox uğurlu olub. Bildiyiniz kimi hər iki tərəf Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində hər iki ölkənin prezidentlərinin görüşünün baş tutması üçün çox çalışıb.

Bundan əlavə, prezident Əliyev ABŞ hökumətinin digər yüksək rütbəli nümayəndələri ilə də görüşüb. Onların arasında vitse-prezident, dövlət katibi və kommersiya məsələləri üzrə katibin də adını çəkmək olar. Özünüz də şahidi olduğunuz kimi həmin görüşlərdə bizim münasibətlərimizin bir sıra aspektləri müzakirə edilib. Burada nüvə təhlükəsizliyi məsələləri barədə söhbətlər aparılıb.

Biz Azərbaycanın Nüvə Materialının Fiziki Mühafizəsi Haqqında Konvensiyaya düzəlişin ratifikasiya etməsini dəyərləndiririk, bu həmçinin vacib məsələ idi. Bundan əlavə bu bölgədə ümumi təhlükəsizlik məsələləri müzakirə mövzusu olub. Əlbəttə müzakirə mövzuları arasında iqtisadi məsələlər də olub. Bildiyiniz kimi dövlət katibi “Cənub Qaz” Dəhlizi, eyni zamanda Azərbaycanın öz iqtisadiyyatını diversifikasiya etməsi ilə bağlı atdığı addımları təqdir edib.

Bundan başqa, müzakirə edilən məsələlər arasında ABŞ investisiyalarının Azərbaycana cəlb olunması, bunun üçün yumşaq infrastruktur adlandırılan addımların atılması, ümumilikdə iqtisadiyyatın inkişafı məsələləri var. Bildiyiniz kimi neft qiymətlərinin enib-qalxması çox sayda Azərbaycanlıların maliyyə itkiləri ilə nəticələnmişdir, bu Birləşmiş Ştatların bölgələrinə də birbaşa təsir göstərir. Bu məsələ ilə bağlı bizim ölkənin təcrübəsi var. Biz bu sahədə bizim malik olduğumuz təcrübənin mübadiləsini apara bilərik və eyni zamanda Azərbaycanın təcrübəsindən də bəhrələnə bilərik, - bu qarışılıqlı əməkdaşlıqdır. Mənim sadaladığım bu və digər məsələlər Vaşinqtionda aparılan müzakirələrin mühüm hissəsi olub.

Əlbəttə insan haqları, demokratiya və iqtisadiyyatın inkişafı kontekstində qanunun aliliyi məsələləri də müzakirə edilib. O cümlədən, həm dövlət katibi, həm də vitse-prezident Azərbaycanda son dövrlərdə atılan addımları bəyəndiklərini, təqdir etdiklərini bildirib. Eyni zamanda bu cür pozitiv, müsbət addımların gələcəkdə də atılmasına ümid etdiklərini bildiriblər.

Xülasə olaraq belə deyə bilərəm ki, burada yalnız uğurlu addım atıldı, təbrik edirəm, bununla da məsələ bitmir. Bu önəmli bir dönüş nöqtəsidir, önəmli bir mərhələdir ki, burada tərəflər bu vaxta qədər atılmış addımları təhlil edir, nəzərdən keçirir, gələcəkdə birgə ata biləcəkləri addımları müzakirə edirlər. Hər iki ölkə üçün əhəmiyyətli olan bir sıra məsələləri nəzərdən keçirirlər və eyni zamanda regional baxımdan əhəmiyyətli olan məsələləri də gözdən keçirirlər.

Sözümün davamı olaraq qeyd etmək istəyirəm ki, aprelin 12-də prezident İlham Əliyev Amerika Ticarət Palatası ilə görüş keçirdi və görüşdə biz ABŞ biznesinə və eyni zamanda Azərbaycan iqtisadiyyatına birbaşa təsir göstərən məsələlərlə bağlı müzakirələr apardıq. Burada əlbəttə müzakirə mövzusu iqtisadiyyatın diversifikasiyası və inkişaf etdirilməsi ilə bağlı bizim birgə atılması gərəkən addımlar oldu. Eyni zamanda xüsusi diqqət cəlb edən o olmuşdur ki, bizim bu çox pozitiv istiqamətdən birgə davam etməyimiz və ikitərəfli əlaqələrimizi gücləndirməyimiz də qeyd edilməlidir.

-Əvvəlcə Azərbaycan prezidenti ilə Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətinin görüşü barədə təəssüratlarınızı bilmək maraqlıdır. Görüşdə diqqətinizi çəkən əsas məqamlar nə oldu?

- Əvvəla onu qeyd edim ki, bəlkə də görüşün mövzusu baxımından orada ən az əhəmiyyət kəsb edən şəxs mən idim. Bu baxımdan ki, Azərbaycan tərəfindən prezident və onun bu məsələlər üzrə köməkçisi Natiq Əmirov, ABŞ tərəfindən isə bilavasitə bu məsələlərlə məşğul olan biznesin işgüzar nümayəndələri iştirak edirdi.

Orada müşahidə etdiklərimi bölüşmək istəyirəm. Prezident Əliyev hazırda iqtisadi vəziyyət və iqtisadi böhranın Azərbaycana təsirini neçə gördüyü barədə fikirlərini bölüşdü. Onu da qeyd etmək lazımdır ki, bəli neft-qaz vacibdir, amma yalnız bu məsələyə köklənib, bu məsələdə, bu sahədə qalmaq olmaz. Oradan uzaqlaşaraq digər vacib sahələrə doğru da irəliləmək lazımdır.

Eyni zamanda prezident diqqət mərkəzində olan və gələcəkdə inkişaf etdirilməsi nəzərdə tutulan iqtisadiyyat sahələrini qeyd etdi. Azərbaycan hökuməti həmin sahələri müəyyən edib, - bunların arasında kənd təsərrüfatı, yüksək texnologiyalar, yəni İKT, eyni zamanda turizmi və “İpək Yolu” məsələsini də nəzərə alaraq, - bu kontekstdə Azərbaycanın nəqliyyat qovşağına, mərkəzinə çevrilməsi və istər şimal-cənub, istəsə də şərq-qərb istiqamətində yüklərin, turistlərin və xidmətlərin daşınması ilə ölkənin iqtisadiyyatına əlavə dəyər qatılması barədə danışıldı.

Həmçinin bayaq da qeyd etdiyimiz kimi infrastruktur adlandırılan, çox önəmli məsələlər, - qanunun aliliyi, islahatlar (xüsusilə gömrük və vergi sahəsində), korrupsiya ilə mübarizə, şəffaflığın artırılması məsələlərindən də prezident bəhs etdi. Bizim tərəfdən də Amerika Ticarət Palatasının İdarə Heyyətinin üzvləri burada nə ilə məşğul olduqlarını, hansı fəaliyyət göstərdiklərini və sahibkarlıq sahəsində imkanların, iş yerlərinin artırılması üçün hansı addımların atılmasının vacib olduğundan bəhs etdilər.

Bildiyiniz kimi, kiçik və orta sahibkarlıq işçilərin və iş yerlərinin sayının çox olması ilə diqqəti çəkir. Mən isə öz növbəmdə USAİD (ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi) vasitəsi ilə sahibkarlığın inkişaf etdirilməsi üçün və buraya əsasən xanımların, gənclərin cəlb edilməsi və bunun vasitəsi ilə iqtisadiyyatın inkişaf etdirilməsi, o cümlədən kənd təsərrüfatı sahəsində hansı işlər görürük və hansı işləri görməyi planlaşdırdığımızdan danışdım. Eyni zamanda biz Azərbaycana onun nəqliyyat qovşağına çevrilməsi sahəsində iş aparırıq.

Hər iki tərəf bu kimi fikir və təcrübə mübadilələrinin vacibliyini qeyd etdi və onu da bildirdilər ki, bu kimi görüşlər, mübadilələr çox faydalıdır.

-Siz prezidentlə görüşdə bildirdiniz ki, Amerika Azərbaycanın güclü, çiçəklənən və sabit ölkə olmasına kömək etmək istəyir. Bunun üçün tərəflər hansı addımları atmalıdır? Xüsusilə də sabitlik baxımından. Dünyada bir anlam var, sabitlik üçün makroiqtisadiyyat, makromaliyyə, demokratiya və insan hüquqları qorunmalıdır. Bu dörd amil bir yerdə olmayanda sabit ölkə sayılmır.

- Mən Azərbaycanda olandan bəri ABŞ-la Azərbaycan arasında müzakirə mövzusu sizin qeyd etdiyiniz məsələlər olub. Yəni bizim məqsədimiz Azərbaycanla güclü və yüksək pozitiv əlaqələrə malik olmaqdır. Biz istəyirik ki, Azərbaycan güclü, çiçəklənən, demokratik bir ölkə olsun və azərbaycanlılar öz ölkələri üçün istədiklərini yerinə yetirə bilsinlər. Bununla bağlı 1992-ci ildən ABŞ Azərbaycana 1,3 milyard ABŞ dolları məbləğində yardım edib.

Onu da bildirmək istəyirəm ki, biz Azərbaycana müəyyən sahələrdə öz dəstəyimizi davam etdirəcəyik. Bunların arasında təhlükəsizlik, iqtisadi inkişaf, qanunun aliliyinin gücləndirilməsi və sabitliyin digər elementləri də daxildir.

- Sonuncu Davos Forumunun əsas şüarı klassik sənaye ilə yeni texnologiyaların birləşdirilərək yeni sənaye inqilabı yaradılması olub. Azərbaycanda yeni sənaye parkları yaradılır. ABŞ investorları həmin sənaye parklarıüçün yeni texnologiyalar gətirməkdə maraqlıdırmı?

- Əlbəttə, mən bu məsələni maraqda saxlamışam. Sumqayıtda və digər yerlərdə bu məsələlərlə tanış olmuşam. Məsələ bundan ibarət deyil ki, ABŞ, yəni hökumət olaraq məsələ ilə maraqlanırmı? Əslində sualı, məsələni belə qoymaq lazımdır ki, ABŞ şirkətləri və sənaye müəssisələri bu məsələdə maraqlıdırlarmı? Mən hökumətlə ötən aylarda söhbətlər aparmışam ki, Azərbaycan çox qəliz, mürəkkəb beynəlxalq bazarda necə rəqabət aparacaq, necə qabiliyyətli olacaq? Bütün hökumətlər, o cümlədən xarici investisiyanın cəlb edilməsi, o cümlədən ABŞ özü də investisiyaların cəlb edilməsinə çalışır. Bütün bunları nəzərə alaraq daxili investisiyanı necə qoruyub saxlamaq məsələsi ortaya çıxır.

Bəli aydındır ki, şirkətlər addım atmazdan öncə bir sıra məsələləri nəzərdən keçirəcəklər. Bunların arasında bir neçəsinin adını çəkmək olar ki, daxili bazarda vəziyyət, tələbat necədir? Digər bazarlara çıxış imkanları necədir? İşçi qüvvəsinin ixtisas, bacarıq, təlim səviyyəsi necədir? Hansısa bir məsələ yaranarsa hüquq sistemi, məhkəmə sistemi necədir? Bax bunları nəzərə alaraq çox gərgin, sərt bir rəqabət gedir. Yəni vəziyyət asan deyil. Sözümün davamı olaraq bildirmək istəyirəm ki, Azərbaycana investisiya qoymaq istəyən, biznes fəaliyyəti qurmaq istəyən, maraqlı olan Amerika şirkətləri var və onlar istər avadanlıq, istər xidmətlər, bacarıq təklif edə bilərlər, gətirə bilərlər. Bütün bunlarda məqsəd azərbaycanlıların qurub və görmək istədikləri iqtisadiyyatın yaradılmasına kömək etməkdir. Səfirliyin məşğul olduğu məsələlərdən biri də Azərbaycan və ABŞ şirkətlərini və qurumlarını bir araya gətirməkdir.

-Azərbaycanda aparılan son islahatlar ABŞ investisiyalarının ölkəyə cəlbi üçün bəs edirmi? ABŞ investisiyalarının qeyri-neft sektoruna cəlbinə daha çox hansı sahədə islahatlar təkan verə bilər? Məsələn, məhkəmə islahatları, demokratiya, hüquq, qanunvericilik, gömrük və s.

- Bu bir prosesdir. İkitərəfli münasibətlərimizdə iki həftə bundan əvvəl başlayaraq biz, bu proseslərə müəyyən mərhələləri olan bir yol kimi baxırıq. Sizin verdiyiniz bu sual və sualda qeyd etdiyiniz məsələlər bizim kommersiya məsələləri üzrə katibin prezident İlham Əliyevlə görüşündə də müzakirə edilib. Onu da əlavə etmək istəyirəm ki, ABŞ-ın Azərbaycandakı Ticarət Palatası “Ağ Sənəd” adlanan bir sənədin hazırlanmasının son mərhələsindədir. Deyirəm ki, gəlin biz bu sənədin hazır olmasını gözləyək. Çünki, həmin o sənədə əsaslanaraq hesab edirəm ki, müəyyən məqamlara və ya verdiyiniz suallara ətraflı cavab ala bilərik.

- Azərbaycan prezidentinin ABŞ-a səfəri zamanı ticarət əlaqələri də müzakirə edilib. Bilmək istəyirəm ki, iki ölkə arasında ticarət əlaqələrinin inkişafı sahəsində tərəqqi əldə edilməsi üçün hansı addımlar atılmalıdır? İndi “Ağ Sənəd” hazırlanır. Bunun məğzi nədən ibarət olacaq, təkliflər paketi necə olacaq? Amerika mağazalarında bir dənə belə Azərbaycan məhsuluna rast gəlmək mümkün deyil. Sizdən öncəki səfir Riçard Morninqstar deyib ki, “mən Azərbaycandakı qədər dadlı meyvəni dünyanın heç bir ölkəsində yeməmişəm”.

- Sizin qaldırdığınız bir sıra məsələlər ABŞ Ticarət Palatasının “Ağ Sənəd”ində öz əksini tapacaq. Azərbaycan kənd təsərrüfatı məhsullarının ABŞ-da satışı ilə bağlı bir sıra nəzərə alınan məsələlər var ki, bunların arasında coğrafi yerləşmə, nəqliyyat xərcləri, məhsulun keyfiyyəti, marketinq, bazarlanma, qablaşdırma və digər məsələlər var ki, bunlar nəzərə alınmalıdır və rol oynayır.

Mən səfir kimi Azərbaycana gəlməmişdən öncə Azərbaycanın ABŞ-dakı səfiri cənab Elin Süleymanovla Azərbaycan kənd təsərrüfatı məhsullarının ABŞ-da satışı ilə bağlı müzakirələr aparmışdım. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycana daha yaxın, daha yaxşı bazarlar da var. Eyni zamanda ABŞ kənd təsərrüfatı məhsullarını keyfiyyətlə və yüksək miqdarda istehsal edən bir ölkədir. Bununla belə, mən Azərbaycanda elə kənd təsərrüfatı məhsullarına rast gəlmişəm ki, onlara ABŞ-da təsadüf olunmur. Azərbaycan sahibkarları, qurumları, şəxsləri ABŞ bazarında özlərinə bu məhsullarla necə yer tutmaq barədə düşünə bilərlər.

- Bu sahədə ABŞ Azərbaycana emal, emal sənayesi, kiçik biznesin qurulması ilə bağlı hansı yardımlar edə bilər?

- Bizim Azərbaycanla bu sahədə müəyyən proqramlarımız var. Bunların arasında fındıq istehsalının adını çəkə bilərəm. Eyni zamanda, mən özüm Meyndən olduğumdan, orada alma bağları olduğundan, şəxsi marağım olduğundan alma istehsalını da buraya əlavə etmək olar. Bizim, Kommersiya Qanunun İnkişafı Proqramı çərçivəsində, kommersiya departamentimiz Azərbaycan hökuməti ilə kommersiya üzrə qanunlar üzərində təcrübəni bölüşür. Burada hüquqi normativ baza, hüquqi məsələlər ortaya çıxır.

Bizim eyni zamanda sahibkarlığın inkişafına yönələn səylərimizə xüsusilə xanımların, gənc sahibkarların fəaliyyətinin artırılması və onlara dəstək göstərilməsi daxildir. Əslində gələcəkdə hansı sahədə böyük inkişafın ola biləcəyini proqnozlaşdirmaq bir qədər çətindir. Əgər 20 il il öncə diktafon kimi şəxsi audio avadanlığın proqram təminatının istifadə olunması nəticəsində miniatür formasına salına bilicəyi barədə məndən soruşsaydınız mən bu suala cavab verə bilməzdim. Yəni ağlıma gəlməzdi. Sözümün canı odur ki, Azərbaycanda bu sahədə iqtisadiyyatın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, yəni Azərbaycanın tərəqqisinə gətirib çıxaracaq parlaq ideyaları olan şəxslər var. Onlara bu işdə dəstək verilməlidir.

- Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obamanın dəvəti ilə Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edib. Nüvə təhlükəsizliyi sahəsində ABŞ-Azərbaycan əlaqələrinin indiki səviyyəsi qane edicidirmi? Bu sahədə perspektivdə ikitərəfli və ya çoxtərəfli yeni layihələr varmı?

- Azərbaycan Beynalxalg Atom Enerjisi Agentliyi tərəfindən Nüvə Materiallarının Fiziki Müdafiəsi haqqında Konvensiyaya edilmiş düzəlişləri ratifikasiya etməsi ilə mühüm bir addım atıb. Bildiyiniz kimi Milli Məclis xüsusi bir sessiya keçirib, bundan sonra bu düzəlişlər prezident tərəfindən təsdiqlənib və Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən təqdim edilib. Azərbaycan önəmli, vacib addım atdı. Çünki bu qanunun qüvvəyə minməsi üçün yetərli sayda ölkələrin olması lazım idi. Azərbaycan məhz öz ratfikasiyası ilə bunu təmin edib. Sammitdə qarşıya qoyulan məsələlərdən biri də terroristlərin nüvə materalını əldə etməsinin qarşısının alınmasıdır. Bu işdə də hər bir ölkə əməkdaşlıq və kömək etməlidir. Azərbaycan terrorizmlə mübarizə sahəsində vacib addımlar atır və önəmli səylər göstərir.

- Martın 31-də ABŞ-ın vitse-prezidenti Co Bayden Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu davamlı sabitlik, təhükəsizlik və regionun tərəqqisi naminəəhatəli həllinin vacibliyni vurğulayıb. Aprelin 2-də Dağlıq Qarabağda qanlı toqquşmalar başladı və bu qanlı toqquşmalar Rusiya prezidentinin hər iki prezidentlə telefon danışığından sonra atəşkəsin əldə olunması ilə nəticələndi? Münasibətinizi bilmək maraqlıdır. Niyə belə oldu? Münaqişənin gələcək həllini necə görürsünüz, necə olmalıdır?

- Səfir Ceyms Uorlik keçən həftə burada olarkan bu məsələ ilə bağlı fikirlərini bildirmişdi. Mənə gəldikdə isə bir neçə məqamı qeyd etmək istəyirəm. Bunlardan birincisi ABŞ bütöv, azad və dinc şəraitdə yaşayan Avropa ideyasını bəyan edib. Amma məcazi şəkildə desək hansısa bir parçanın üzərində dəliklər varsa, süzülmələr varsa biz o parçanın bütöv, salamat olmasından danışa bilmərik. Onu da qeyd etmək istəyirəm ki, bizim Minsk qrupunda həmsədrimiz olan səfir Uorliki də mən uzun müddətdir tanıyıram. Bilirəm ki, o həmsədrlərdən biri kimi hərtərəfli nizmlanma, bu istiqamətdə irəliləyiş əldə edilməsi üçün çox səylə çalışır. Əlbəttə, siz Sammit vaxtı Vaşinqtonda verilən və sonradan verilən bəyanatlarla da tanışsınız. Onlar Birləşmiş Ştatlar üçün münaqişənin həllinin nə dərəcədə vacib olduğunu göstərir.

İndi bizim diqqət yetirməli olduğumuz vacib məsələ tərəflərin atəşkəs rejiminə ciddi əməl etməsidir. Tərəflərin Minsk qrupu həmsədrləri ilə birgə irəliyə doğru yolun tapılması və hərtərəfli nizamlanma və həllin əldə olunmasına çalışmalarıdır. Bu ölkədə olduğum müddətdə məcburi köçkünlərlə görüşlərimdən gəldiyim qənaət və əldə etdiyim biliklər bundan ibarətdir ki, bu münaqişənin çox böyük insani zərbəsi də vardır. Çox vacib bir məsələ var. Biz, son döyüşlərdə həyatını itirən insanlarla bağlı tərəflərə, onların ailələrinə, yaxınlarına baş sağlığı vermişik. Amma, bu məsələnin problemi yaşayan insanlarla bağlı ağırlığı qalır. Çox vacibdir ki, tərəflər bir araya gəlsinlər, irəliyə doğru yol tapsınlar. Minsk qrupunun həmsədrlərinin vəzifəsi və tapşırığı məhz bu işə kömək etməkdir. Səfir Uorlik prezident Əliyevin və prezident Sarkisyanın atəşkəs rejiminə sadiq olduqları fikrini qeyd edərkən hər iki prezidentin, hər iki tərəfin bu istiqamətdə addım atmasının vacibliyini də vurğulamışdı.

- Danışıqlarda hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti fəallarının həbsdən azad edilməsi alqışlanıb, Azərbaycan bu istiqamətdə inkişafa çağırılıb. Bu istiqamətdə danışıqlar mövcuddurmu və ya perspektivdə nə gözləmək olar?

- Bu mən ölkəyə gələndən Azərbaycan hökuməti ilə apardığım danışıqların mövzularından biridir. Eyni zamanda bu, Vaşinqtonda ən yüksək səviyyədə müzakirələr mövzusu olub. Bəli, biz Azərbaycanın bu istiqamətdə atdığı addımları təqdir edirik və düşünürük ki bu addimlar davam olunmalıdır. Onu da bildirmək istəyirəm ki, ABŞ-da daxil olmaqla, demokratiya bir prosesdir. Bu proses bəzən hansısa bir ölkənin və ya tərəfin nə etdiyini nəzərdən keçirməsi və həyata keçirdiyi fəaliyyəti necə və daha yaxşı fərqli şəkildə etməsi barədə düşünməsindən ibarətdir.

Biz Azərbaycanla bu sahədə işimizi davam etdirəcəyik və bu məsələ Azərbaycanın sabitliyi baxımından vacibdir. Bildiyiniz kimi Azərbaycan mürəkkəb bir yerdə, mövqedə yerləşir. Bunu nəzərə alaraq, biz həm Azərbaycan hökuməti və azərbaycanlılarla işləyərək Azərbaycanın güclü, çiçəklənən, sabit ölkə olması və bu mürəkkəb bölgədə azərbaycanlıların görmək istədiyi bir ölkə, bir dövlətin qurulması üçün zəruri addımların atılmasında öz köməyimizi göstərəcəyik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
898 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...