Azərbaycan prezidenti: “Bu ilin birinci rübündə 37 min yeni iş yeri açılıb”
“Bu ilin birinci rübündə 37 min yeni iş yeri yaradılıb, bundan sonra da insanların rifah halının yaxşılaşması istiqamətində əlavə addımlar atılacaq”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlət başçısı bildirib ki, bu ilin birinci rübündə ümumi daxili məhsulun aşağı düşməsinə baxmayaraq, il ərzində bu sahədə artım proqnozlaşdırılır: “Bütün maliyyə-iqtisadi sektorunun mütərəqqi prinsiplər əsasında inkişaf etməsi əhəmiyyətlidir. Regional inkişaf proqramının icrası, investisiyaların qoyulması, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı tədbirlər görülür. “Cənub Qaz Dəhlizi” layihəsinin icrası cədvəl üzrə gedir və bu strateji layihənin vaxtında icra olunacaq”.
Bu ayın sonunda Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçiriləcəyini, Azərbaycanın multikulturalizm və sivilizasiyalar arasında dialoqun aparılmasında mühüm rol oynadığını bildirən prezident İlham Əliyev ölkəmizdəki müsbət dinamikanın qarşıdakı dövrdə də davam etdiriləcəyinə əminliyini ifadə edib: “İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyini şərtləndirir. Ölkədə biznes mühiti yaxşılaşdırılır, sahibkarlara yardımlar davam etdirilir, investisiyaların təşviqi, bank sektorunun möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər görülür”.
885 dəfə oxundu