Davudoğlunun Ukrayna səfəri: Türkiyə və Ukraynanı birləşdirən ortaq maraqlar - TƏHLİL

Davudoğlunun Ukrayna səfəri: Türkiyə və Ukraynanı birləşdirən ortaq maraqlar -


Türkiyənin baş naziri Əhməd Davudoğlu Ukraynaya rəsmi səfər edib. Rusiya-Türkiyə münasibətlərinin pozulması fonunda bu səfər rutin xarici səfərlərdən biri olmaqdan çıxaraq önəm qazanıb.

Rusiya ilə ciddi problem yaşayan Türkiyə son vaxtlar Krım və Donbas məsələlərində daha konkret mövqe tutmağa, Ukraynanı birmənalı dəstəkləməyə başlayıb. Yeni geosiyasi reallıqların diktəsi ilə Türkiyə-Ukrayna əlaqələrində keyfiyyət dəyişikliyi baş verir, xüsusən Ukrayna üçün yeni imkanlar açılır. Artıq Türkiyə hökuməti öz bazarında Rusiya metallurgiya şirkətlərini Ukrayna şirkətləri ilə rəqabətdə əlverişsiz duruma salacaq qərarlar qəbul edib. Türkiyənin ötən il bu sahədə Rusiyadan idxalı 413 milyon dollar təşkil edib ki, bu məbləğ Avropa və Amerika bazarlarını itirmiş Rusiya metallurqları üçün ciddi rəqəmdir. İndi Türkiyə bazarında Rusiya şirkətlərini ukraynalıların əvəz etməsi şansı yaranıb.

Ukrayna-Türkiyə əməkdaşlığında digər yeni istiqamət hərbi sənayedir. Hər iki ölkənin hərbi sənaye kompleksləri yüksəlişdədir və bu sahədə çox geniş əməkdaşlıq perspektivləri var. Tank və zirehli texnika istehsalı, raket texnologiyaları, hərbi və mülki aviasiya, kosmik sənaye, radar-kommunikasiya sistemləri sahələrində birgə layihələrin həyata keçirilməsi planlaşdırılır. Qısamüddətli perspektivdə Türkiyə Ukraynaya bu ölkənin hələlik Qərbdən ala bilmədiyi letal xarakterli silah sistemləri verə bilər.

Ukrayna ilə əməkdaşlığın inkişafı istər Rusiyanın iqtisadi sanksiyalarına, istərsə də Moskvanın Suriyada Türkiyənin maraqları əleyhinə fəaliyyətini gücləndirməsinə cavab vermək baxımından Ankara üçün də yeni imkanlar deməkdir. İqtisadi sahədə ilk kontr-sanksiya kimi metallurgiya sahəsini qeyd etdik. Bunun davamı da gələ bilər. Türkiyə Rusiyadan böyük həcmdə taxıl məhsulları və günəbaxan yağları idxal edir ki, Ukrayna bu sahədə də asanlıqla Rusiyanı əvəz edə bilər. Türkiyənin Rusiyanın Suriyada kürd qruplaşması PYD-yə aktiv dəstəyinə cavab kimi Donbas məsələsində Ukraynaya diplomatik dəstəyini gücləndirməsi mümkündür. ATƏT-in Donbasdakı monitorinq qrupuna türk diplomat Ərtoğrul Apakan rəhbərlik edir və bu qrupun atəşkəs pozuntuları barədə raportları ATƏT, Avropa İttifaqı və ABŞ-ın problemə dair mövqeyinə təsir göstərən amillərdən biridir. Separatçılar tərəfindən yol verilən atəşkəs pozuntularını intensivliyi və Minsk razılaşmalarına zidd digər fəaliyyətlərin artması Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların ləğv edilib-edilməyəcəyi barədə məsələnin müzakirəsi zamanı Aİ tərəfindən nəzərə alınır. Bu baxımdan Türkiyə ilə Ukrayna arasındakı yaxınlıq Ə. Apakanın raportlarına da öz təsirini göstərə bilər. Təsadüfi deyil ki, Ə. Davudoğlunun Ukraynaya səfər proqramına Ə. Apakanla görüş də daxildir.

Ankara Ukraynanın mümkün qədər tez müddətdə iqtisadi yüksəlişində maraqlıdır və bu ölkəyə 50 milyon dollar həcmində güzəştli kredit ayırıb. İki ölkə arasında azad ticarət zonasının yaradılması haqqında saziş layihəsi hazırlanır. Gələcəkdə Ukraynanın iqtisadi inkişafından Türkiyə də faydalanacaq, xüsusən turizm sahəsində. Maddi rifah halı yaxşılaşacaq ukraynalılar turizm mövsümlərində daha çox Türkiyəyə üz tutacaqlar ki, bu da Türkiyə turizm sənayesi üçün əlavə bazar deməkdir.

Təhlükəsizlik sahəsində Türkiyə və Ukraynaya qarşı yönəlmiş ortaq təhdidin haradan qaynaqlandığı bəllidir. Rusiyanın Abxaziyadan sonra Krımı da ələ keçirərək Qara dənizdə öz akvatoriyasını genişləndirməsi Ukrayna və Türkiyəni (həm də NATO-nu) bu təhlükəyə qarşı balanslaşdırma tədbirləri görmək məcburiyyəti qarşısında qoyub.

İki ölkəni birləşdirən ən önəmli faktor isə Krım və Krım türkləri (tatarları) problemidir. Krım tatarları Ukrayna ilə Türkiyə arasında təbii və çox möhkəm körpüdür. Ukrayna prezidentinin müşaviri Mustafa Cəmiloğlunun Türkiyəyə hər səfərində prezident Ərdoğan və baş nazir Davudoğlu ilə hər hansı rəsmiyyətə ehtiyac olmadan sərbəst şəkildə görüşməsi təkcə onun şəxsiyyəti ilə əlaqəli bir məsələ deyil, bu, həm də Türkiyə dövlətinin Krım məsələsinə münasibətinin göstəricisidir. Krımın Rusiya tərəfindən ilhaqı ən az Ukrayna qədər Türkiyə üçün də qəbuledilməzdir. Ankara Krımın geri qaytarılması üçün Ukraynanın diplomatik səylərinə dəstəyini artıracaq. Bunu Davudoğlunun Kiyevdəki bəyanatları da təsdiqləyir.

Şahin Cəfərli, APA Analitik Mərkəzi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1045 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...