Arif Rəhimzadə Ədliyə Nazirliyini tənqid etdi
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzini və nazirliyi tənqid edib.
APA-nın məlumatına görə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin Milli Məclisin Regional məsələlər komitəsində müzakirəsi zamanı komitənin sədri Arif Rəhimzadə deyib ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi fəaliyyətini tək bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət həyata keçirməklə məhdudlaşdırmamalıdır.
A. Rəhimzadə bildirib ki, artıq 16 ildir bələdiyyələr yaradılıb, fəaliyyət göstərir və müəyyən problemlərlə üzləşirlər: “Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi də artıq bələdiyyələrin fəaliyyətinə başqa nöqteyi-nəzərdən yanaşmalıdır. Mərkəz bələdiyyələrin qarşısında duran vəzifələrin həllinə çalışmalıdır. Bu problemlərin bir hissəsinin həlli qanunvericiliklə bağlıdır və yaradılan işçi qrup bu məsələlərlə məşğul olacaq. Ancaq bələdiyyələrin fəaliyyətinə elə maneələr var ki, bunu Ədliyyə Nazirliyi digər nazirliklərlə qarşılıqlı şəkildə birgə aradan qaldıra bilər. Bir məqamı da qeyd etmək istəyirəm. Telekanallarda bələdiyyələrlə bağlı bir veriliş yoxdur. İndiyə qədər Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi ayda bir dəfə, iki dəfə belə bir verilişin hazırlanması üçün telekanallara müraciət edibmi? Müraciət edibsə, nəticəsi nə olub? Elə Milli Məclis də televiziyalara müraciət etməyib. Ancaq bu gün televiziyalarda o qədər lüzumsuz verilişlər var ki... Ümumiyyətlə, ayrılıqda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi deyil, Ədliyyə Nazirliyi bütövlükdə bələdiyyələrin qarşısında duran vəzifələrin yerinə yetirilməsi ilə məşğul olmalıdır. Biz hamımız bələdiyyələrə dəstək verməliyik”.
872 dəfə oxundu