"Azərbaycan qazından imtina edə bilmərik" - Gürcü deputat

 "Azərbaycan qazından imtina edə bilmərik" -



Bu gün bəzi qüvvələr təbii qaz məsələsindən məqsədyönlü şəkildə istifadə edərək Azərbaycan-Gürcüstan dostluq münasibətlərinə xələl gətirməyə çalışırlar. Biz buna yol verməməliyik.

Bunu "Report"a müsahibəsində Gürcüstan parlamentinin maliyyə-büdcə komitəsinin sədri Tamaz Meçiauri deyib.

O qeyd edib ki, Gürcüstanın təbii qaza və elektrik enerjisinə olan tələbatı günbəgün artır: "Azərbaycandan aldığımız mavi yanacaq və Rusiyadan Ermənistana nəql olunan qaza görə kompensasiya şəkilində aldığımız yanacaq azlıq təşkil edir. SOCAR Gürcüstana böyük həcmdə mavi yanacaq versə də tələbatı tam həcmdə ödəyə bilmir. Buna görə də Gürcüstan hökuməti ölkənin təbii qaza olan tələbatını tam ödəmək üçün müxtəlif yollar axtarır, bəzi ölkələr, o cümlədən də Rusiyanın “Qazprom” şirkəti ilə danışıqlar aparır. Rusiya bizə təbii qazın nəqlinə görə kompensasiyanı nağd pul şəklində vermək istəyir, Gürcüstan isə əksinə pulun əvəzinə daha çox qaz almaq niyyətindədir. Danışıqlar aparılır və hələlik heç bir nəticə yoxdur”.

Komitə sədri vurğulayıb ki, enerji sisteminin şaxələndirilməsi, bu sahədə müəyyən siyasətin həyata keçirilməsi hər bir dövlətin, eləcə də Gürcüstanın daxili işidir. Amma bu, heç də o demək deyil ki, Gürcüstan hökuməti Azərbaycan ilə münasibətləri korlamaq istəyir: "Gürcüstan dövləti və hökuməti Azərbaycan ilə əlaqələrin daha da möhkəmlənməsində maraqlıdır. Azərbaycan bizim strateji tərəfdaşımızdır. Eyni zamanda, ən böyük qaz təminatçımızdır. Biz Azərbaycan qazından heç cürə imtina edə bilmərik. Biz Azərbaycandan həm də, elektrik enerjisi alırıq. Rusiyaya ümid edərək özümüzü yenidən enerji blokadasına sala bilmərik. Heç kim təminat verə bilməz ki, Rusiya sabah yenidən öz niyyətlərini həyata keçirmək üçün qazı və ya elektrik enerjisini kəsməyəcək. Biz onda hansı vəziyyətə düşə bilərik, bunu yaxşı başa düşürük. Lakin təəssüf edirəm ki, bəzi qüvvələr bu vəziyyətdən öz xeyirlərinə istifadə etməyə, Azərbaycan-Gürcüstan münasibətlərini korlamağa çalışırlar. Etiraf edim ki, Gürcüstan hökumətində də bəzi insanlar ya bilərəkdən, ya da bilmədən onların işinə rəvac verirlər".

Tamaz Meçiauri həmçinin vurğulayıb ki, Gürcüstanın hər hansı ölkə ilə enerji bazarları ilə bağlı apardığı danışıqlar şəffaf olmalıdır. "Cəmiyyətə düzgün məlumat çatdırılmalıdır ki, çaşqınlıq olmasın. Xüsusilə nəzərə almaq lazımdır ki, qarşıdan seçki gəlir” – deyə, Meçiauri vurğulayıb. Gürcüstanın Cənubi Kaxetiya ərazisində 5,3 trln. kubmetr həcmində təbii qaz ehtiyatlarının tapılması xəbərinə münasibət bildirən komitə sədri deyib: “Bu məsələ hələlik tam təsdiqini tapmayıb. Bundan əvvəl də Gürcüstan ərazisində karbohidrogen, xüsusən də təbii qaz ehtiyatlarının olması barədə xəbərlər yayılmışdı. Amma o zaman bu məlumatlar təsdiqini tapmamışdı. Əgər bu həqiqət olsa onda regionda vəziyyət tam dəyişəcək. O zaman Gürcüstan özü qaz ixracatçısına çevriləcək və enerji bazarında rola malik olacaq. Amma bu hələ fərziyədir. Biz axtarışların nəticəsini gözləməliyik. Bununla belə, yenə də Azərbaycan ilə münasibətlərimizi korlamamalıyıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
832 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...