Bir evi bir neçə nəfərə satan iş adamı həbsdən buraxıldı - 165 şikayətçi var

Bir evi bir neçə nəfərə satan iş adamı həbsdən buraxıldı -

Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə "Sahil-S-İnşaat” MTK-nın sahiblərindən biri olan Pənah Kərimovun ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb. Hakim vəsatəti təmin edib və Pənah Kərimov ev dustaqlaığına buraxılıb.

Bu barədə Qaynarinfo-ya "Sahil-S-İnşaat” MTK-dan şikayətçi olan vətəndaşlar bildirib. Onların sözlərinə görə, Pənah Kərimov barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi qanunsuzdur.

"Ən azı ona görə ki, qərar şikayətçilərin olmaması ilə əsaslandırılıb. Halbuki "Sahil-S-İnşaat” MTK-dan nə az, nə çox, 165 nəfər şikayətçi var”, deyə vətəndaşlar əlavə edib.

Onların sözlərinə görə, qərardan şikayət verəcəklər.

Pənah Kərimov və onun ortağı bu ilin aprelində həbs olunmuşdu. Həmin vaxt Baş Porkurorluğun bununla bağlı məlumatında deyilirdi:

"Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olan çoxsaylı müraciətlər əsasında aparılan araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin istintaqı aparılır.

Aparılan istintaq-əməliyyat tədbirləri ilə "Sahil-S İnşaat” MTK-nın sədri vəzifəsində işləmiş Taley Şamil oğlu Alaverdiyevin GG Company MMC-nin direktoru Pənah Sudeib oğlu Kərimov ilə qabaqcadan əlbir olaraq rəhbərlik etdiyi MTK tərəfindən inşa olunan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "A-B” massivində yerləşən yüksək mərtəbəli yaşayış binasında mənzil almaq üçün müraciət edən vətəndaşlara mənzillərin qanuni sahibləri olduğu halda saxta müqavilə və maliyyə arayışları tərtib edib vəzifə saxtakarlığına yol verərək çoxsaylı şəxslərin külli miqdarda pul vəsaitlərini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanna kifayət qədər sübutlar əsasında Taley Alaverdiyev və Pənah Kərimova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

Zərərçəkənlər hesab edir ki, Pənah Kərimovun ev dustaqlığına buraxılması faktiki olaraq onu məsuliyyətdən yayındırmaq cəhdidir: "Biz ehtiyat edirik ki, o, aradan çıxa bilər. Ona görə də məhkəməyə qədər bu adamın həbsdə saxlanılmasını istəyirik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
575 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...