“Bakıda 800 minə yaxın maşın var, gün ərzində 300 minə yaxın maşın da şəhərə daxil olur” - BDYPİ rəsmisi
“Bakıda 800 minə yaxın nəqliyyat vasitəsi var. Minik avtomobillərinin çoxluğundan əlavə yük maşınları da tıxacların yaranmasına səbəb olur”.
Bu fikirləri Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev “Space” TV-nin efirində yayımlanan “Siqnal” verilişində çıxışı zamanı deyib.
O bildirib ki, bundan əlavə, bölgələrdən də paytaxta kifayət qədər nəqliyyat axını müşahidə edilir:
“Paytaxta yaxın ərazilərdən gün ərzində 300 minə yaxın nəqliyyat vasitəsi şəhərə daxil olur. Təbii ki, bu da müəyyən sıxlıqların yaranmasına təsir edən amillərdən biridir”.
Nazirlər Kabinetinin yük avtomobillərinin şəhərə daxil olmasına dair qərarını xüsusilə qeyd edən şöbə rəisi bildirib ki, ümumi kütləsi beş tondan artıq olan yük avtomobillərinin paytaxta giriş-çıxış saatları müəyyən edilib:
“Həmin nəqliyyat vasitələrinin təyin edilən saatlar xaricində şəhərə giriş-çıxışı qadağandır. Bununla bağlı dövlət yol polisi tədbirlərini gücləndirib. Eyni zamanda sürücülərin üzərinə də məsuliyyət düşür. Nasaz nəqliyyat vasitələri ilə yola çıxmamağı tövsiyə edirik. Bir sürücünün avtomobilə laqeyd yanaşması, bu səbəbdən nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində qalması bütün hərəkət iştirakçılarının saatlarla yolda qalmasına səbəb olur. Bu kimi hallar daha çox Bakı-Quba yolunda müşahidə olunur. Bu da həmin yolda hərəkət intensivliyi çox olduğu üçün ərazidə ciddi sıxlığın yaranması ilə nəticələnir”.
1866 dəfə oxundu