Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri Doktor Anio Kananin Tərtər rayonunda səfərdə olub
Yaponiyanın Azərbaycandakı səfirliyi və BMT QAK-in Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri Doktor Anio Kananin Azərbaycana səfər edib. Səfər çərçivəsində o, Vətən müharibəsi zamanı dağıntılara məruz qalmış ərazilərlə tanış olmaq məqsədilə Tərtər rayonunda olub.
Doktor Anio Kanai Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən qəbul edilib. Rayon rəhbəri ona Vətən müharibəsi zamanı Tərtər rayonuna dəymiş ziyanla bağlı məlumat verib. Qeyd olunub ki, Vətən müharibəsi zamanı Tərtər şəhərinə və onun yaşayış məntəqələrinə erməni terrorçuları tərəfindən 16277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə rayonun infrastrukturuna, yüzlərlə yaşayış evlərinə, sosial obyektlərinə, o cümlədən 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil məktəbinə, İlk Peşə İxtisas Məktəbinə, Gənclər Mərkəzinə, 10 tibb, 7 mədəniyyət müəssisəsinə, 1 məscidə, inzibati binalara, nəqliyyat vasitələrinə, kənd təsərrüfatına güclü ziyan dəymiş, dağıntılar olmuşdur.
Dinc əhali 16 mülki şəhid verib, erməni vandalları tərəfindən şəhər qəbirstanlığının atəşə tutulması nəticəsində dəfndə iştirak edən 4 nəfər həlak olub.
Qonaq Ermənistan silahlı qüvvələrinin “Smerc” raketləri ilə hücumu nəticəsində Tərtər şəhəri, Elman Səfərov küçəsinin sakini Sahib İsmayılovun dağılmış, hazırda erməni vandalizminin sübutu kimi saxlanılan ev muzeyinə və onun yerinə inşa olunmuş yeni evdə yaradılan şəraitlə də tanış olub, ermənilər tərəfindən Tərtər rayonuna müxtəlif tipli reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğularından atılmış mərmilərə, Vətən müharibəsi zamani rayona dəymiş ziyanı əks etdirən fotostentlərə baxıb, sonra isə müharibə vaxtı rayonda mülki müdafiə qərargahının fəaliyyət göstərdiyi ərazidə olub, ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən “Marağa-150” abidəsinə baxıb.
Doktor Anio Kananin ətraflı məlumata və səmimi qəbula görə öz razılığını ifadə edib.
737 dəfə oxundu