Bütün apteklərdə eyni adlı dərmanlar vahid qiymətə satılır - Nazirlikdən açıqlama
“İndiyə qədər keçdiyimiz monitorinqlər zamanı qanun pozuntusu halları aşkarlanmayıb. Dərmanların üzərində qiymətlər göstərilib və bütün apteklərdə eyni adlı dərman vahid qiymətə satılır”.
Bunu APA-ya İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib. A.Əliyev bildirib ki, bu gündən etibarən İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri birgə ölkədəki apteklərdə qiyməti təsdiqlənmiş dərman vasitələrinin monitorinqini aparırlar.
Qeyd edək ki, bu gündən Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş 25 təsiredici maddə üzrə (kombinə olunmuş dərman vasitələri istisna olmaqla) 1057 dərman vasitəsinin yeni qiymətləri qüvvəyə minib.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin dərman vasitələri bazarına nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqların icrası ilə bağlı görülən işlərin davamı olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi arasında ötən ay razılaşma imzalanıb.
Razılaşmaya əsasən, dərman vasitələri apteklərə daxil olmazdan əvvəl qiymətlərin müəyyən olunmuş qaydada qablaşdırmanın üzərində göstərilməsinə və bu qiymətlərin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərə uyğunluğuna birgə nəzarət təşkil olunacaq. Yeni nəzarət sisteminin təşkili dərman vasitələri bazarında istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsinə, onların qiymətdə aldadılmasının qarşısının alınmasına, baş verə biləcək neqativ hallara qarşı birgə operativ tədbirlər görülməsinə imkan yaradacaq.
1345 dəfə oxundu