"Sanksiya çağırışı gülüncdür, bundan biz yox, onlar özləri əziyyət çəkər" - Əli Hüseynli

"Sanksiya çağırışı gülüncdür, bundan biz yox, onlar özləri əziyyət çəkər" -


“Avropa Parlamentinin dünənki qətnaməsi hələ ilk Avropa Oyunları ərəfəsində Qərbin Azərbaycana qarşı apardığı qərəzli siyasətin davamıdır və biz bunu öncədən proqnozlaşdırmışdıq. Sadəcə, budəfəki qətnamə Azərbaycan dövləti və Azərbaycan hakimiyyəti haqqında daha qərəzli, bəzən isə təhqiramiz ifadələrlə müşayiət olunur. Onlar əmin ola bilərlər ki, həm milli səviyyədə, həm də Avropadakı tədbirlərdə onların adekvat cavabı veriləcək”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

Ə. Hüseynli qeyd edib ki, qətnamədə guya siyasi təqiblərdə əli olan rəsmilərə, siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmaq çağırışı gülüncdür: “Azərbaycan rəsmilərinə kənardan heç kim heç nəyi qadağan edə bilməz. Əgər hər hansı bir Avropa İttifaqı ölkəsi və onların nümayəndəsi belə bir ağılsız fikrə düşərsə, onda biz o ölkələrlə ikitərəfli münasibətlərimizə yenidən baxmalı olacağıq. Bu addımlardan biz yox, onlar əziyyət çəkərlər. Amma o avropalı deputatlar ki, işğal olunmuş Azərbaycan ərazisinə qanunsuz səfərlər ediblər və dünənki qətnamədə də Azərbaycan əleyhinə səs veriblər, onların Azərbaycana yolu birdəfəlik bağlıdır. Görün vəziyyət nə yerə çatıb ki, özləri siyasi korrupsiyaya bulaşmış avropalı deputatlar Azərbaycan hakimiyyətini korrupsiyada ittiham edib, araşdırmalar aparılmasına çağırırlar. Əgər bizim hüquq-mühafizə orqanları Qərb təşkilatlarından, o cümlədən Avropa Birliyindən qrantlar almış və qətnamədə adı çəkilən “hüquq müdafiəçiləri” ilə bağlı araşdırmaları bir qədər də dərinləşdirsəydilər, bu cinayət əməllərinin bir tərəfi elə həmin avropalı rəsmilərə gedib çatardı. Həmin avropalı rəsmilər və deputatlar erməni lobbisi ilə əlbir olaraq siyasi korrupsiyaya qurşanıb və məqsədləri müstəqil siyasət yürüdən Azərbaycana zərbələr endirmək olub. Cənab prezidentin 2015-ci il 14 iyul tarixli çıxışında dediyi fikirləri bir daha xatırlatmaq istəyirəm: “Mənəvi böhran, iqtisadi böhran bu gün artıq Avropada reallıqdır və əlbəttə ki, bu, bizi düşünməyə vadar edir. Gələcək aylarda yeni əməkdaşlıq mexanizmi, formatı və konsepsiyası hazırlanmalıdır”. Verilmiş bu tövsiyənin icrasını hesab edirəm ki, indi daha da sürətləndirmək lazımdır. Avropa Parlamentinin dünənki qətnaməsi göstərdi ki, Azərbaycanın da təmsil olunduğu AVRONEST Parlament Assambleyası tam səmərəsiz bir qurumdur və onu tərk etməyin vaxtı gəlib çatıb”.

Komitə sədrinin sözlərinə görə, qətnamədə Avropa İttifaqına üzv dövlətlərə ünvanlanmış, Azərbaycandakı parlament seçkilərini müşahidə etməkdən çəkinməyə çağırış da iflasa uğrayacaq: “Bizim bir çox Avropa ölkələri və onların parlamentləri ilə ikitərəfli yaxşı əməkdaşlığımız mövcuddur. İnanırıq ki, Qərbin bu çirkin oyunlarından kənarda olan demokratik insanlar seçkiləri müşahidə etməyə qatılacaqlar. Amma heç bu da bir o qədər əhəmiyyətli deyil. Əhəmiyyətli olan Azərbaycan xalqının iradəsi, seçimi və müşahidəsidir. Azərbaycan xalqı da, Azərbaycan ictimaiyyəti də bilməlidir ki, bu cür qətnamələrlə bizə təsir etmək mümkün deyil. Əvvəllər də olduğu kimi, yenə də Qərbdən, Avropadan Azərbaycana gələcək rəsmilər prezidentimizlə görüşdə Avropa parlamentarlarının bu ağılsız qərarına görə üzrxahlıq edəcəklər və Avropa ilə strateji əməkdaşlığı davam etdirməyi xahiş edəcəklər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1063 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...