Mənəviyyatı və əxlaqı olmayanlar efirdən əxlaq və mənəviyyat dərsi verirlər” — deputatdan ŞOK AÇIQLAMA

Mənəviyyatı və əxlaqı olmayanlar efirdən əxlaq və mənəviyyat dərsi verirlər” —

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev yerli telekanallarda yayımlanan bayağı verilişləri sərt tənqid edib.

Q.Həsənquliyev “Ölkə.Az”-a açıqlamasında yerli telekanallarda yalnız xəbərləri izlədiyini bildirib:

“Sözün düzü, mənim Azərbaycan telekanallarına çox az vaxt ayırmaq imkanım olur. Vaxtım olanda da adətən xəbərlər proqramlarına baxıram. Ona görə də səmimi deyirəm ki, hansı telekanalda hansı verilişin yayımlanmasından məlumatım yoxdur. Ancaq mətbuatdan oxuyuram ki, bəzi hallarda səviyyəsiz, bayağı artistlər və təsadüfi adamlar verilişlərə çağırılırlar”.

Deputat deyib ki, bəzən heç bir mənəvi və əxlaqı imkan verməyən adamlar efirlərə çıxıb əxlaqdan, mənəviyyatdan danışırlar, xalqa dərs keçirlər:

“Təbii ki, bütün bunlar da yolverilməz və üzücüdür. Düşünürəm ki, bu cür halların aradan qaldırılması istiqamətində işlər görülməlidir”.

Q.Həsənquliyev təklif edib ki, bu cür şou verilişlərin əvəzinə insanları maarifləndirən, milli-mənəvi dəyərləri aşılayan verilişlər, qızlarımızın təhsili ilə bağlı diskussiyalar olmalıdır:

“Bir nəfər çıxıb efirdə danışanda heç kəs ona qulaq asmaq istəmir. Avropa, Türkiyə və Rusiya telekanallarına baxın, görün orada nə qədər canlı diskussiyalar olur. Həmin ölkələrin telekanallarında auditoriyalara insanlar yığılır və canlı müzakirələr gedir. Azərbaycanda isə ancaq bayağı verilişlərin auditoriyası olur, orada da bayağı hərəkətlər edilir. O gün təsadüfən Azərbaycan telekanallarından birində verilişə baxırdım. Baxırsan ki, hansısa bayağı adamlar efirə tortla gəlirlər. Ancaq həmin şəxslərin üz-gözünə yaxdığı krem tortun üzərindəki kremdən çox olur. Bu cür adamlar Azərbaycan insanının zövqünü, mənəviyyatını korlayır. Bəzən mətbuatdan da tez-tez oxuyuram, efirlərdə küçə adamlarının işlətdiyi ifadələr səsləndirilir. Ancaq biz bu cür verilişlərin əvəzinə, cəmiyyəti narahat edən müzakirələr aparsaq, insanlar həmin diskussiyalara qatılsa, bu həm cəmiyyətə faydalı olar, həm telekanallara baxanların sayını artırar, həm də dövlət bundan istifadə edib öz təbliğatını aparar. İndi Azərbaycan telekanallarına bu qədər vəsait ayrılır, xərc çəkilir, ancaq baxan yoxdur. Əgər yerli telekanallara heç kim baxmırsa, o zaman çəkilən bütün xərclər də mənasızdır. Burada şou verilişlər qazanır ki, onlar da cəmiyyətimiz üçün çox zərərlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
941 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...