İndiyədək icbari sığortadan toplanan haqların məbləği açıqlanıb
5 il ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 4 mln. 660 min 318 müqavilə qeydiyyata alınıb. İSB-dən "APA-Economics"ə verilən məlumata görə, qeyd olunan dövr ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 363 mln. 319 min 784 manat olub.
2012-ci ilin yanvar ayından 2016-cı ilin noyabr ayına qədər 83 205 sığorta tələbi üzrə 107 mln. 152 min 789 manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Həmçinin 5 il ərzində Büro tərəfindən yol nəqliyyat hadisələrində zərərçəkən şəxslərə 401 kompensasiya tələbi üzrə 1 mln. 345 min 734 manat məbləğində (2012-ci ildə 5000 manat, 2013-cü ildə 54 min 392 manat, 2014-cü ildə 253 min 276 manat, 2015-ci ildə 377 min 280 manat, 2016-cı il yanvar-noyabr ayları ərzində isə 655 min 786 manat) kompensasiya ödənişləri baş tutub.
1 noyabr 2016-cı il tarixindən etibarən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta müqavilələrinin kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılması həyata keçirilmişdir. 2016-cı ilin 1 noyabr - 15 dekabr tarixləri ərzində İSB-nin informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 96 585 elektron sığorta müqaviləsi qeydiyyata alınıb və bu dövr ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 7 mln. 794 min 924,75 manat olub.
24 iyun 2011-ci il tarixdə “İcbari sığortalar haqqında” qanun qəbul olunub və 18 oktyabr 2011-ci il tarixdən qüvvəyə minib. Qanuna edilmiş dəyişikliyə əsasən 16 dekabr 2011-ci il tarixdən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (bundan sonra AVSMMİS) müqavilələrinin İSB-nin informasiya sistemi vasitəsilə bağlanılmasına başlanılıb.
2012-ci ildə sığorta müqaviləsinin bağlanması barədə təsdiqedici və ya inkaredici məlumat almaq üçün 9707 SMS xidməti istifadəyə verilib. Qeyd edək ki, 9707 SMS xidməti vasitəsi ilə hər il informasiya sistemindən sığortalılara bağladıqları müqavilə ilə münasibətdə 2 mln. yaxın SMS göndərilir.
924 dəfə oxundu