Avtobus sürücüsü yol polisinin kameraları qarşısında görün nələr edir - VİDEO
120 nömrəli avtobusun sürücüsü qarşı yola çıxaraq insanların həyatını təhlükəyə atıb
Bakıda daha bir avtobus sürücüsü kobud qayda pozuntusuna yol verərək insanların həyatını təhlükəyə atıb. Görüntülər Avtosfer.az-ın kamerasına düşüb. Sentyabrın 23-də, saat 16.07 radələrində 120 nömrə marşrut üzrə hərəkət edən «İsuzu» markalı, 10 UE 443 dövlət nömrə nişanlı avtobusun sürücüsü Bibiheybət məscidinin qarşısında təhlükəli hərəkətlər edib.
Əvvəlcə manevr qaydalarını pozaraq yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin yoluna çıxan sürücü daha sonra qoşa xəttin tələbini pozub. O, əks istiqamətli yola çıxıb və qarşıdan gələn nəqliyyat vasitələrinə qəza şəraiti yaradıb. Bu əməlləri ilə həm də sərnişinlərin həyatını təhlükəyə atıb.
Qeyd edək ki, bu əməlinə görə sürücünü İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən - 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə 100 manat, 4 bal cərimə gözləyir.
Qeyd edək ki, həmin ərazidən bir neçə marşut üzrə hərəkət edən avtobuslar hər gün eyni qayda pozuntusuna yol verir. Onlar 20-ci sahə yaşayış məntəqəsinə daxil olmaq üçün bu cür təhlükəli qayda pozuntusuna yol verirlər. Bütün bunlar isə yol polisinin müşahidə kameralarının qarşısında baş verir…
1112 dəfə oxundu