Azərbaycanda vəhhabilərin sayı azalıb

Azərbaycanda vəhhabilərin sayı azalıb


“Bəzən bir qrup insandan eşidirik ki, küçədə “saqqallı”ların sayı artıb. Bir qrup insan isə deyir ki, əvvəlki dövrə baxanda onların sayı azalıb. Amma son illərdə aparılan monitorinqlərin nəticəsi göstərir ki, istər vəhhabilik kontingentinə, istərsə də digər qeyri-ənənəvi dini cərəyanlara mənsub olanların artım tempi azalıb”.

Bunu Trend-ə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

O bildirib ki, bu, radikalizmlə mübarizənin, maarifçilik işinin, inzibati tədbirlərin nəticəsində olub: “Bu, digər tərəfdən də zərərli dini cərəyanların iqtisadi baxımdan dəstəklənməsinə imkan verilməməsinin nəticəsidir. Yəni belə deyək ki, zərərli dini cərəyanların, bu cərəyanlara mənsub olan insanların iqtisadi imkanlarının geniş olacağı təqdirdə, onlara qoşulmaq da cəlbedici olacaq. Bizim əsas hədəflərimizdən biri də məhz onların iqtisadi dayaqlarını məhv etməkdir”.

G.İsmayılov deyib ki, qeyri-ənənəvi dini cərəyanlara qoşulanların sayını konkret statistik rəqəmlərlə ifadə etmək çətindir: “Çünki heç kim özünü radikal dini cərəyana mənsub hesab etmir. Hər kəs də öz əqidəsində haqlı olduğunu deyir. Buna görə də bu, təxmini aparılan hesablamaların nəticəsidir. Son illərin təhlilləri əsasında deyə bilərik ki, zərərli və qeyri-ənənəvi dini cərəyanlara qoşulmanın tendensiyası getdikcə azalır.

Qeyri-ənənəvi dini cərəyanlara xas xüsusiyyətlərdən biri də odur ki, onlar öz mənsublarını iqtisadi və mənəvi baxımdan dəstəkləyir. Bu fakt dünyanın hər yerində, o cümlədən Azərbaycanda da var. Amma bu cərəyanlara maliyyə vəsaiti formasında kömək göstərilməsi, yaxud hansısa dini cərəyana qoşulma üçün maddi təminatın olması ilə bağlı bizdə konkret bir fakt yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1006 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...