Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası yaradılacaq

Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası yaradılacaq


Azərbaycanda səfərdə olan Avropa İttifaqı (Aİ) – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi üzvlərindən ibarət nümayəndə heyəti ölkə Prezidenti İlham Əliyevlə, Milli Məclisin sədri Oqtay Əsədovla, Parlament Əməkdaşlıq Komitəsinin Azərbaycan tərəfdən olan nümayəndələri ilə görüşlər keçirib, ölkəmizin Xarici İşlər və İqtisadiyyat nazirliklərində olublar.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində keçirilən görüşlərdə Avropa İttifaqı - Azərbaycan, Avropa Parlamenti - Milli Məclis münasibətləri barədə açıq, səmimi, konstruktiv fikir mübadiləsi aparılıb. Tərəflər münasibətlərin bərpası üçün göstərilən səyləri yüksək dəyərləndirib, Avropa Parlamenti tərəfindən müəyyən siyasi qrupların mənafelərinə xidmət edən qərəzli sənədlərin qəbul edilməsinin münasibətlərimizə xələl gətirdiyini vurğulayıb, bunun gələcəkdə baş verməməsi üçün Avropa Parlamenti tərəfindən lazımi addımların atılmasının vacibliyini qeyd ediblər.

Tərəflər mövcud geosiyasi reallıqları, ölkəmizin regiondakı rolunu və təsir imkanlarını nəzərə alaraq, Azərbaycan nümayəndə heyətinin artıq bir ildir ki, Avropa Parlamentinin tədbirlərində iştirak etməməsini çox böyük təəssüf hissi ilə bildiriblər.

Avropalı deputatlar Milli Məclis nümayəndələrinin bundan sonra Avropa Parlamentinin bütün qurumlarında iştirak etmələri üçün lazımi şərait yaradacaqlarına vəd veriblər.

Keçirilən görüşlərdə Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ probleminin həlli haqqında fikir mübadiləsi aparılıb, Avropa Parlamenti tərəfindən Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə dəstəklənməsi yüksək qiymətləndirilib.

Milli Məclisin Avronest Parlament Assambleyasında fəaliyyətini bərpa etmək üçün tərəflər avropalı parlamentarilər tərəfindən göstərilən son cəhdləri təqdirəlayiq hesab edib, bu məqsədin reallaşması üçün təşkilatın (AP-nin) gərəkli addımlar atmasının vacibliyini vurğulayıblar.

Səfərin nəticəsi kimi Aİ - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədrləri Səyyad Kərim və Səməd Seyidov tərəfindən birgə bəyanat imzalanıb.

Bəyanatda deyilir: “21 Sentyabr 2016-cı ildə Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi Bakıda görüşüb. Avropa Parlamentinin heyəti Səyyad Kərim (Mühafizəkarlar və İslahatçılar qrupu), xanım Heydi Hautala (Yaşıllar qrupu), Alberto Sirio (Avropa Xalq Partiyası), Andreys Mimikins (Sosial-Demokratlar qrupu), xanım Ramona Manesku (Avropa Xalq Partiyası) və xanım İveta Qriquldan (Liberal-Demokratlar qrupu) ibarət olub. Milli Məclisin heyəti isə Səməd Seyidov, Fuad Muradov, Cavanşir Feyziyev, xanım Ülviyyə Ağayeva və Asim Mollazadədən ibarət olub.

Parlament Əməkdaşlıq Komitəsi 2012-ci ildən bəri görüşmürdü. Bu səfərin öncəlikdə olan məqsədi Avropa Parlamenti ilə Milli Məclis arasında əlaqələrin hazırki əsaslarını konstruktiv şəkildə gözdən keçirmək üçün gələcək dialoqun bərpa edilməsi və asanlaşdırılması və bunun Aİ-Azərbaycan münasibətlərində birbaşa əks etdirilməsi olub. Açıq dialoqun təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, iqtisadiyyat naziri Şahin Mustafayev ilə də görüşlər keçirilib.

Parlament Əməkdaşlıq Komitəsi və bütün digər əlaqələr qarşılıqlı anlaşmanın olduğu sahələrin müəyyən edilməsinə, anlaşılmazlıqların meydana gəldiyi sahələrin təhlilinə imkan yaradıb və hər iki tərəfin bölüşdüyü ortaq baxışları formalaşmasını təmin edib.

Parlament Əməkdaşlıq Komitəsi həmsədrləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən fikirlərin aydın, tənqidi və konstruktiv şəkildə ortaya qoyulmasını təqdirlə qarşılayır. Prezidentin Avropa Parlamentinin 10 sentyabr 2015-ci ildə qəbul etdiyi 2015/2840(RSP) saylı Qətnaməsi və Milli Məclisin 14 sentyabr 2015-ci il tarixli Qərarı və bunların Avropa Parlamenti ilə Milli Məclis arasındakı münasibətlərə təsirləri bağlı dediklərini xüsusilə diqqətə alırlar. Avropa Parlamentinin nümayəndə heyəti artıq bir ildir Avropa Parlamenti ilə Milli Məclis arasında heç bir dialoqun olmamasından təəssüf hissi duyduğunu ifadə edir. Hər iki tərəf normal dialoqun bərpa edilməsi üçün addımların ən sürətli şəkildə atılacağına ümid edir.

Həmsədrlər həmçinin Avropa Parlamenti ilə Milli Məclis arasındakı münasibətlərin qırılmasına gətirib çıxaracaq şəraitin gələcəkdə heç bir halda yaranmaması üçün gərəkli tədbirləri görməklə bağlı razılığa sadiq olduqlarını ifadə edir.

Biz bu gün Azərbaycanın üzləşdiyi geosiyasi reallıqları və çağırışları, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çağırışı aydın şəkildə başa düşürük və qəti şəkildə ifadə etməkdən məmnunluq duyuruq ki, Avropa Parlamentinin 20 may 2010 və 23 oktyabr 2013-cü il tarixlərində qəbul olunmuş qətnamələrində və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində də vurğulandığı kimi, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə dəstəkləyir.

Həmsədrlər Avronest Parlament Assambleyasının Milli Məclisi təşkilata qaytarmaqla bağlı son cəhdlərini və öhdəliyini yüksək qiymətləndirir. Həmsədrlər Avronest Parlament Assambleyasını Milli Məclisin qarşılıqlı hörmət, bərabətlik və qarşılıqlı anlaşma əsasında təşkilata qayıtması üçün özünün prosedur qaydaları gözdən keçirməyə və gərəkli islahatları reallaşdırmağa çağırır. Həmsədrlər nəticəyə nail olmaq üçün bütün lazımlı köməkliyi göstərməyə hazırdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
778 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...