Elçin Şıxlı: “Nə iş təklif edirlər, nə də pul“
Ötən ilin avqustun 27-də bağlanan “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı hazırda tərcümə ilə məşğul olur
Bu barədə Azvision.az-a məlumat verən E.Şıxlı qəzetlərinin yenidən fəaliyyətə başlayacağına ümid etmədiyini deyib.
25 ildir baş redaktor olan Şıxlı indiyə kimi heç bir yerdən iş təklifi almadığını da gizlətməyib: “25 il qəzetə rəhbərlik etmişəm Heç kim deyə bilməz ki, gəl mənim yanımda baş redaktor işlə. İşləsəydim elə öz qəzetimdə işləyərdim. Hər hansı vəzifəyə də təklif gəlməyib”. “Ayna” və “Zerkolo” qəzetlərinin yenidən işıq üzü görməsi üçün hər hansı maliyyə təklifinə gəlincə, E.Şıxlı bu barədə ona müraciət edilmədiyini deyib. “Belə bir təklif olunmayıb. Hazırda yalnız yaradıcılıqla məşğul oluram”.
O, hazırda XIX əsr ingilis ədəbiyyatının klassiklərindən olan Oskar Valdın “Sehirli Hekayələr” kitabını ingiliscədən Azərbaycan dilinə tərcümə etdiyini bildirib: “1980-ci illərdə tələbə olarkən Oskar Valdın “Sehirli Nağıllar”ını ingilis dilindən tərcümə edib, kitab şəklində buraxdırmışdım. Amma bu, hekayələrin və nağılların hamısı deyildi. İndi geridə qalan, çatışmayan hekayələri ingiliscədən Azərbaycan dilinə çevirdim. Artıq kitab nəşriyyatdadır, hələ işıq üzü görməyib. Bundan əlavə hazırda “Media terminlərinin izahlı lüğəti” üzərində işlərimi davam etdirirəm. Onu bitirəndən sonra Ernest Heminqueynin “Hekayələr” kitabının tərcüməsinə başlamaq fikrindəyəm”.
1494 dəfə oxundu