Hava proqnozlarının özünü doğrultmaması ilə bağlı RƏSMİ AÇIQLAMA

Hava proqnozlarının özünü doğrultmaması ilə bağlı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bəzi hallarda proqnozların özünü doğrultmaması ilə bağlı fikirlərə münasibət bildirib.

Xidmət rəisinin sözlərinə görə, beynəlxalq praktikada qəbul olunmuş göstəricilərin özünü doğrultma səviyyəsinin 94-96 faiz olması proqnozlaşdırma prosesinin mürəkkəbliyi ilə izah olunur:

“Xidmətin Bakı şəhəri üzrə proqnozunun özünü doğrultması 94,2 %, ölkənin regionları üzrə isə 91,8-94 % təşkil edir.

Hava proqnozu barədə dəqiqliklə məlumat verilməsi kifayət qədər mürəkkəb məsələdir. Belə ki, elə ərazilər mövcuddur ki, bu prosesə nəzərə alınması mümkün olmayan gözlənilməz müdaxilələr ola bilər. Hər bir proqnoz üzrə bu və ya digər dərəcədə ehtimal mövcuddur.

Son onilliklərdə dünya meteorologiya elmi hava proqnozu üzrə rəqəmsal texnologiyaların inkişafı sahəsində nəzərəçarpacaq dərəcədə uğurlar əldə etmişdir. Buna baxmayaraq, hava proqnozu hazırlanarkən səhvə yol verməmək mümkün deyil. Nə üçün?
İlk növbədə, atmosferin mövcud vəziyyəti barədə bizim biliklərimizin dəqiq və kifayət qədər olmaması ilə izah edilir.

Havanı proqnozlaşdırmaq üçün ilk növbədə həmin vaxtda atmosferdə hansı proseslərin baş verdiyini bilmək lazımdır”.

U.Tağıyeva qeyd edib ki, iki günlük hava proqnozunun verilməsi üçün isə bir neçə min kilometrlik məsafələrdə olan ərazilərdəki faktiki hava şəraiti haqqında məlumat olmalıdır:

“Bir həftəlik hava proqnozunun hazırlanması üçün isə bütün Yer kürrəsində, o cümlədən quru və okean sahələrinin üzərindəki müxtəlif iqlim qurşaqlarında faktiki hava şəraiti barədə məlumatlar olmalıdır.

İkincisi isə, proqnozların hazırlanması üçün istifadədə olan metod və modellərin tam mükəmməl olduğunu hesab etmək olmaz. Bu da proqnozun doğrultma faizində özünü göstərmiş olur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
939 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...