“Putin, öz kürsüsündə əvvəlki kimi rahat otura bilməyəcək”

“Putin, öz kürsüsündə əvvəlki kimi rahat otura bilməyəcək”
Müşahidələr göstərir ki, müxaifətçi Aleksey Navalnının 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilməsilə Rusiyada etirazların səngiməsi yox, daha da artması ehtimalı kifayət qədər yüksəkdir.

“AzPolitika.info” xəbər verir ki, bu mövzuyla bağlı Çexiyanın “Respekt” nəşri “Navalnı cəsarətlidir, amma Putinə qarşı daha çox rusiyalı çıxmalıdır” başlıqlı maraqlı məqalə dərc edib. Həmin məqalədə deyilir:

”Moskvadakı son küçə yürüşlərilə bağlı sosial şəbəkələrdə polislərin etirazçıları yerdə necə sürümələrini və onları yaxalayaraq “avtozaklara” doldurmalarını əks etdirən xeyli sayda videoçarx nümayiş etdirilir. Tutulanlar arasında Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya da var. İkinci nümayiş zamanı dörd mindən artıq adam həbs olunub ki, onların da 82-si jurnalistdir.


Bəzi analitiklər hesab edirlər ki, Rusiyanın onlarla şəhərində cərəyan edən indiki etirazlar prezident Putinin sonunun başlanğıcıdır. Məsələn, “The Financial Times” qəzetinin siyasi icmalçısı Qayden Rahmen yazır ki, Aleksey Navalnı Putin üçün real təhlükə təşkil etsə də, ona və onun həmfikirlərinə qarşı zorakılıqla cavab verən indiki rejimin yaxın zamanlarda çökəcəyini söyləmək hələ tezdir.

Şübhəsiz ki, siyasi rəhbərliyin onu həbs edəcəyini(heç də ilk dəfə deyil) anlayan Navalnı vətənə qayıtmaqla gözlənilməz cəsarət nümayiş etdirdi. Putin təkcə həyatını riskə atmaq bahasına geri çəkilməyən müxalifətçinin varlığından narahat deyil, onu həyacanlandıran digər məqam, bu müxalifətçinin nəinki iri şəhərlərdə, hətta əyalətlərdə də dəstəklənməsidir.


Küçə yürüşlərində hələ ki, Rusiyanın yaşlı əhalisinin yalnız bir faizi iştirak edir. İctimai rəy sorğusunun nəticələri göstərir ki, hətta, iqtisadi tənəzzülə, pandemiyaya qarşı mübarizədəki bacarıqsızılığa və azadlıq istəyən vətəndaşların döyülüb həbsə atılmasına baxmayaraq, əhalinin 60%-i rejimi dəstəkləyir.

Aleksey Navalnının silahdaşı Lyubov Sobol “Qərb sanksiyaları Putini zəiflədə bilərmi?” sualına cavab verərəkən deyib ki, dəyişiklik uğrunda ilk öncə rusiyalıların özləri mübarizə aparmalıdırlar. Əlbəttə, bu sanksiyaların müzakirəsi zamanı Avropa Birliyinin zəiflik göstərməsi, yekdillik nümayiş etdirməməsi dəhşətdir. Ümumiyyətlə, Lyubov Sobol haqlıdır - qələbə yalnız daxili müqavimətlə mümkündür. Bunun üçün isə, Putinə “yox” deyənlərin sayı indikindən qat-qat çox olmalıdır.



Rusiyalı müxalifətçi Leonid Qozman deyib: ”Rejim Navalnıdan qorxur və ona görə də yaranmış mövcud vəziyyətə qarşı mümükün qədər sərt rekasiya göstərir. Çünki hələ ki, başqa bir şey düşünüb tapmayıblar.

Ona görə də hələlik Putin seçkilərdə uğursuzluğa düçar olmayacaq. Amma müəyyən vaxtdan sonra rejim daxili ziddiyətlərə görə yıxılacaq. İndiki imperiya çökən zaman, əlbəttə ki, sual meydana gələcək - bəs sonra nə olsun? Hüquqi baxımdan xaos gözlənilir, amma bunun uzun sürməyəcəyinə və onun içindən demokratik konstitusiyaya söykənəcək yeni və daha azad dövlətin doğmasına ümid bəsləmək olar”

Bunun nə zaman baş verəcəyi və həmin dövrə kimi Aleksey Navalnının yaşayıb-yaşamayacağı aydın deyil. Navalnısız isə hansısa dəyişikliklərin baş tutacağı az ehtimal olunur.”

Türkiyənin “Cumhuriyet” qəzeti də bu mövzuya toxunub. Qəzetin “Navalnı qızıl gül bağçasındakı ilk tikandır” başlıqlı məqaləsində deyilir: “Prezident Vladimir Putin tərəfindən 21 il ərzində uğurla idarə olunan və müxalifətin olmadığı “tikansız qızıl güllər bağçası” ilk dəfədir ki, xöşəgəlməz mənzərəylə üzləşib. Polis tərəfindən göstərilən zorakılığa, şaxtalı qış havasına baxmayaraq, illərdir ki, Kremlin adını söyləməkdən çəkindiyi 44 yaşlı Aleksey Navalnı hakimiyyətdən narazı olanları küçəyə çıxıra bildi.

2008-ci ildən korrupsiyaya qarşı mübarizəyə başlayan Navalnı hakimiyyətyönlü KİV-lər tərəfindən “qara siyahı”ya salınıb. Navalnı “YouTube” və “Twitter” kimi populyar kanallardan istifadə etməklə, real müxalifətin olmadığı bir ölkədə müxalifət liderinə çevrildi.

Navalnının keçən ilin avqustunda “Noviçok” adlandırılan kimyəvi maddə ilə zəhərlənməsi hakimiyyəti dalana dirədi. Xarici reaksiyanın artacağından ehtiyatlanan Kreml rəhbərliyi Rusiya xüsusi xidmət orqanlarının ittiham etdiyi gənc liderin Almaniyada müalicə almasına icazə verdi.

Navalnının zəhərlənməsində Kremlin ittiham olunması ilə bağlı jurnalistlərin ünvanladığı suallara Putin kinayə ilə cavab verib: ”O, kimə lazımdır ki! Əgər zəhərləmək istəsəydilər, bu işi axıra kimi yerinə yetirərdilər”.

Ancaq o, yenə Navalnının adını çəkməyərək, “Berlindəki pasient” haqqında fikir bildirib.

Almaniyadan qayıdan Navalnının yayımladığı iki saatlıq “Putinin sarayı: ən böyük rüşvətin tarixi” adlı filmdəki əsas tezis Rusiya liderinin 1980-ci illərin sonundan başlayaraq, öz yaxın ətrafıyla birlikdə necə rüşvət və korrupsiya şəbəkəsi qurmasından ibarətdir. Amma ən maraqlı hadisə odur ki, artıq Gəlincikdəki saray barəsindəki ittihamlara Putinin özü cavab verir. Həqiqətən də Navalnının çıxışları Rusiya liderini müdafiə mövqeyinə çəkilməyə məcbur edib. Belə ki, Putin demək olar, ilk dəfədir belə mövqedə dayanır.


Hazırda həbsdə olan və “qurbanlıq” mövqeyinə düşmüş Navalnı bu video sayəsində hakimiyyət üzərində faktiki üstünlük qazanıb. İri şəhərlərdə əsasən orta sinfin nümayəndələri və demokratiya istəyən gənclər tərəfindən dəstəklənən Navalnı Rusiya cəmiyyətinin böyük əksəriyyəti üçün elə də böyük əhəmiyyət daşımır. Küçə etirazlarının bütövlüklə onun aktivinə yazılması doğru deyil. Çünki burada qurtarmaq bilməyən iqtisadi çətinliklərdən, əhalinin güzəranına kimi müxtəlif faktorlar rol oynayır.

Navalnı hakimiyyətə real alternativ ola bilərmi? Belarusda olduğu kimi, Rusiyada da xalq üsyanı alovlana bilərmi? İctimai hadisələrin necə inkişaf edəcəyi cavabı “qəhvə falı”nda tapılmamalıdır. Lakin yaxşıca qulluq göstərdiyi “qızıl gül bağçasında ilk dəfədir tikanla qarşılaşan” Vladimir Putin, öz kürsüsündə əvvəlki kimi rahat otura bilməyəcək.

Kremlin bundan sonrakı dövrdə də tutduğu indiki səhv taktikanı davam etdirib-etdirməyəcəyini hadisələrin gedişi göstərəcək. Nəzərə alaq ki, elə məhz həmin taktika sayəsində Navalnı qəhrəmana çevrilib.”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
607 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...