SOCAR-ın 414 milyon dollarlıq binası - FOTOLAR
SOCAR-ın yeni inzibati binasının ("SOCAR Tower") tikintisinə 414 milyon dollar xərclənib.
AzVision.az-ın məlumatına görə, hündürlüyü 200 metr olan bina 40 mərtəbədən ibarətdir. Onun 2 mərtəbəsi yerin altındadır. 3 mərtəbəsi təsərrüfat xarakteri daşıyır.
Binanın ümumi sahəsi 100 min kvadrat metrə yaxındır ki, bundan da zirzəmi və təsərrüfat sahəsi təxminən 52 min kvadrat metr, ofis hissəsinin sahəsi isə 40,5 min kvadrat metrdir.
Bu bina 2200 nəfərin eyni zamanda çalışması üçün nəzərdə tutulub. Layihəyə görə binaya 220 nəfərdən ibarət texniki heyət xidmət göstərəcək. Binanın təməli 2010-cu il oktyabrın 12-də Azərbaycan Prezidentinin iştirakı ilə qoyulub. Yeni inzibati binasının açılışı isə 2016-cı ildə olub.
SOCAR-ın yeni binası Cənubi Koreyanın “Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən təqdim olunan “külək-alov” konsepsiyası əsasında inşa olunub. 2010-cu ilin martında tikinti üzrə xidmətlərin göstərilməsi üçün açıq müsabiqə elan edilib və dünyanın səkkiz nüfuzlu tikinti şirkəti arasında Türkiyənin “TEKFEN İnşaat və Təchizat” şirkəti qalib gəlib və həmin şirkətlə SOCAR arasında müqavilə imzalanıb. Bina ən müasir avadanlıqlarla təchiz edilib.
Əvvəl “Tekfen” şirkətinin saytında SOCAR yeni binasının tikintisinə 328 milyon dollar xərclənəcəyi göstərilsə də, sonradan bu rəqəm 414 mln. 237,659 min dollara qalxıb. 2017-ci ilin sentyabrın 15-nə “SOCAR Tower”də işlərin 99,2%-i başa çatıb. “Tekfen” bildirir ki, hazırda binada 3 mln. 286,310 min manat məbləğində dəyərləndirilən iş qalıb.
1845 dəfə oxundu