“Çalışacağıq, jurnalistin ailəsinə müəyyən kompensasiya ödənilsin” – Əflatun Amaşov
“Mətbuat Şurası jurnalist Səxavət Məmmədlinin yol qəzası zamanı faciəvi surətdə həlak olmasını diqqətdə saxlayır. İstintaqın yekunlaşmasını gözləyirik. Şura məsələnin obyektiv işıqlandırılması, eləcə də onun ailəsinə kompensasiya verilməsini gündəmə gətirəcək”.
Bunu hafta.az-a açıqlamasında Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib. Şura sədrinin sözlərinə görə, “Həftə içi” qəzetinin Şirvan bölgəsi üzrə müxbiri Səxavət Məmmədlinin vəfatı ilə əlaqədar olaraq Mətbuat Şurası rəsmi başsağlığı hazırlayır. Eyni zamanda, biz hadisənin obyektiv işıqlandırılmasının tərəfdarıyıq:
“Bu məsələ müəyyən müzakirələrdən keçməlidir. Müəyyən araşdırmalar aparılmalıdır. Çünki söhbət tək jurnalistin vəfatından yox, vətəndaşın başına gələn faciədən gedir. Əgər jurnalist öz xidməti vəzifəsini yerinə yetirərkən faciəvi hadisə ilə üzləşərsə, o zaman məsələ başqa cür qoyulur. Ancaq bu yol qəzasıdır. Ayrı-ayrı vətəndaşlarla da bu cür problemlər yaşana bilir. Qanunvericilikdə nəzərdə tutulmuş formada məsələ öz həllini tapmalıdır”.
Millət vəkili qeyd edib ki, Mətbuat Şurası birmənalı qaydada məsələnin obyektiv işıqlandırılmasını istəyir:
“Birinci, bu məsələdə ölən tərəf var. O, jurnalist olmaqla yanaşı, həm də vətəndaşdır. Allah rəhmət etsin, bu baxımdan da məsələni diqqətdə saxlamağımız ikiqat vacibdir. Zərərçəkən tərəfin hüquqlarının tam bərpası üçün əlimizdən gələni edəcəyik ki, onun ailəsinə müəyyən kompensasiya ödənilsin. Qanunvericiliyin şərtləri daxilində, hüquqi prosedur hansı şəkildə imkan verirsə, buna çalışacağıq. Bu istiqamətdə fəaliyyətimizi qurmuşuq. Dünən axşamdan bəri müvafiq qurumlarla bu istiqamətdə danışıqlar gedir. Dövlət Yol Polisi, Şirvan şəhər rəhbərliyi, eləcə də istintaq orqanları ilə müəyyən danışıqlar aparılıb”.
Qeyd edək ki, "Həftə içi" qəzetinin əməkdaşı, bölgə müxbiri Məmmədli Səxavət Musa oğlu ötən gün axşam saatlarında Şirvan şəhərində baş vermiş yol qəzasında dünyasını dəyişib.
Hadisə Şirvan şəhəri Heydər Əliyev prospektində yaşanıb. SOCAR-a məxsus, 90 JS 409 dövlət nömrə nişanlı avtobus yolu keçən zaman əməkdaşımızı vurub. Xəstəxanaya çatdırılan S. Məmmədli orada dünyasını dəyişib. Qeyd edək ki, 1956-cı il təvəllüdlü S. Məmmədli uzun illər ölkənin bir çox tanınmış mətbuat orqanlarında jurnalist kimi fəaliyyət göstərib. Bu illər ərzində çoxsaylı diplom və mükafatlara layiq görülüb.
958 dəfə oxundu