Əflatun Amaşov yazır: “Vüqar Rəhimzadə olmaq” - MƏQALƏ

Əflatun Amaşov yazır: “Vüqar Rəhimzadə olmaq” -


Sabah, mayın 24-də “İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü, KİVDF Müşahidə Şurasının sədr müavini, Mətbuat Şurası İdarə heyətinin üzvü Vüqar Rəhimzadənin doğum günüdür. Dia.az-ın məlumatına görə, V.Rəhimzadənin 50 yaşı tamam olur.
Bu münasibətlə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov “Vüqar Rəhimzadə olmaq” adlı məqalə yazıb. “Report” “Azərbaycan” qəzetində dərc olunmuş həmin məqaləni təqdim edir:
Vüqar Rəhimzadə olmaq nə deməkdir? Əslində cavablar çoxdur. Ancaq mən bu yazını şərtləndirən səbəbi girişdəcə açıqlamaq istərdim. Vüqar Rəhimzadə olmaq ömrünün 50-ci ilinə üzüağ, alnıaçıq qədəm qoymaq deməkdir. 50 yaşın ən böyük həyat mükafatı məhz budur və yubilyar jurnalisti öncə bu münasibətlə təbrik edirəm.
Vüqar Rəhimzadəni lap çoxdan tanıyıram. O zaman 50 illik yubileyinə doğru gedən yolun heç tən yarısını haqlamamışdı. Tezliklə eşitdim ki, bu cavan oğlan “İki sahil” qəzetinin aparıcı simasına çevrildi-qəzetin baş redaktoru oldu. Amma məsələ bunda deyil. Həmin dövrün ab-havasında Azərbaycanı bir-birindən ayıran iki sahil xəttinin beyinlərdə doğurduğu dərin təsəvvürün fonunda hər kəs Vüqar Rəhimzadə obrazını ayrıca tanımağa başladı.
Bu obraz üçün xarakterik olan keyfiyyətlər həddən artıq çoxdur. Onların yalnız ikisi üzərində dayanmağa üstünlük verərdim: sadiqlik və prinsipiallıq. Mən Vüqar Rəhimzadəni ulu öndər Heydər Əliyevin ideyalarına sadiq, bütöv insan kimi tanımışam.
İndi çoxları özünü sadiq göstərir. Bəlkə də sadiqdirlər, ola bilər heç deyillər. Hər halda bilmək olmur. Bəzən lazım da gəlmir ki, nəyisə biləsən, yoxlayasan, aydınlaşdırasan. Bəzən isə sadiqliyin deyil, tamam fərqli dəyərlərin ön plana çəkildiyindən hiddətlənirsən. Hiddəti boğa bilmək də sadiqlik əlamətidir. Bu mənada 50 yaşlı Rəhimzadənin sadiqliyi zamanın çoxsaylı sınaqlarından çıxıb. O, ən çətin vaxtlarda yolundan dönməyib, dözüb, ruhdan düşməyib, doğru bildiklərini əzmlə müdafiə etməyi bacarıb. Daşıdığı sadiqlik keyfiyyətləri Vüqar Rəhimzadəyə prinsipiallığı qazandırıb. Başqa cür ola da bilməzdi. Axı mübarizə dövrünün sadiq adamı üçün prinsipiallıq vacib həyat normasıdır.
Bilirsiniz, burada da bir vacib məqam qeyd edilməlidir. Əlbəttə, mübarizə dövründə sadiq və prinsipial insanlara çox rast gəlinir. Tədricən sular durulur, baxırsan ki, onların özlərini ifadə tərzləri, hadisə və proseslərə yanaşmaları yuxarıda sadaladığım keyfiyyətlərini arxa plana keçirməkdədir. Bir çox hallarda belələrinin sonrakı özünütəsdiq cəhdləri ortaya eybəcər mənzərəni yansıdır. Bəlkə bu eybəcərlik müəyyən mənada şəxsiyyət natamamlığı məsələsidir. Axı kimsə sadiq və prinsipialdırsa, ancaq böyük ölçüdə ədalətsizdirsə, səmimi deyilsə, qəbul olunmayacaqdır.
Sözüm ondadır ki, Vüqar Rəhimzadənin prinsipiallığı və sədaqəti üçün ədalət və səmimilik anlayışı hər zaman ön planda olub. Bu səbəbdəndir ki, əks düşərgədə dayananlar belə onu qəbul edib, ideya və baxışlarına hər zaman hörmətlə yanaşıblar. Və buna görədir ki, Vüqar Rəhimzadə həm də ictimai-siyasi xadimdir, ümumən cəmiyyətdə çəkiyə malik dəyərli ziyalıdır.
Bəli, ideya və baxışlara sadiqliyin prinsipiallıqla çulğalaşmasının qazandırdığı status cəmiyyət üçün faydalıqdır. Cəmiyyətə faydalı insan dövlət üçün də faydalıdır. Vüqar Rəhimzadə obrazı üçün xarakterik olan keyfiyyətlərin mahiyyətindəki cəmiyyətə fayda konsepsiyası isə ümummilli lider Heydər Əliyevin qurduğu, ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam və inkişaf etdirdiyi müasir Azərbaycan dövlətçiliyi xəttinin, ideya platformasının ruhundan, məfkurəsindən qidalanır.
Vüqar Rəhimzadə əsl jurnalistdir, jurnalistikanın cəmiyyətə qazandırdığı simadır. Hazırda Azərbaycan jurnalistikası dedikdə yada beş-altı adam düşürsə, onlardan biri məhz Vüqar Rəhimzadədir. Elə bu yüksək statusuna görədir ki, Azərbaycan jurnalistləri ona qurultaylarda etimad göstərir, Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçirlər.
Bu yerdə Mətbuat Şurasının təşəkkül tapdığı 14 il öncəyə qayıtmaq istərdim. O zaman Şuranı formalaşdırmaq, Azərbaycan jurnalistlərinin I qurultayını keçirmək üçün təşkilat komitəsi yaradılmışdı. Vüqar Rəhimzadə həmin qurumun ən fəal üzvlərindən idi. Sonradan bu fəallıq MŞ-nin İdarə Heyətində təmsilçilik müstəvisində özünü göstərməyə başladı. Beləcə Vüqar Rəhimzadə ilə münasibətlərimiz ikinci və deyərdim ki, daha praktik mərhələsinə qədəm qoydu. Əgər 2003-cü ilədək, yəni Mətbuat Şurası yarananadək Vüqar nəzərimdə jurnalistikadan çıxmış ictimai-siyasi xadim kimi püxtələşmişdisə, həmin ildən sonra onu eyni zamanda jurnalistikanın nüfuzunu qorumağa köklənmiş mərd təəssübkeş olaraq görməyə başladım. Gördüm ki, bu adam sözün həqiqi mənasında peşəyə can yandırır. Şuranın toplantılarında, iclaslarında fəal iştirak etməklə, müxtəlif məsələlərlə bağlı qətiyyətli mövqeyini ifadə etməklə jurnalistikanın ali prinsiplərinin bərqərar olmasına çalışır.
Mətbuat Şurası jurnalistikamızdakı siyasi qütbləşmənin dərin olduğu zaman kəsiyində yarandı. Qurumda iqtidar və müxalifət meyilli kütləvi informasiya vasitələrinin, jurnalist təşkilatlarının nümayəndələri birləşdilər. Ancaq Şuranın mahiyyətindəki balans prinsipi bütövlükdə jurnalistikanın özünü hədəf götürmüşdü. Yəni jurnalistika qarşı duran qüvvələr arasında, bir növ, tarazlıq yaradaraq onların hər ikisinin müsbət keyfiyyətlərindən bütövlükdə ictimaiyyətin yararlanmasını təmin etməli idi. Eyni zamanda özünü də saflaşdırmalı, cəmiyyət içərisində özü barədə yaranmış mənfi ovqatı aradan qaldırmalıydı. İlk baxışdan düşünülə bilərdi ki, Vüqar Rəhimzadə kimi partiya mənsubiyyətli kateqorik adamın yazdıqları narazılıq doğurmuş hansısa müxalifətyönümlü kütləvi informasiya vasitəsinə münasibəti obyektiv prizmadan ola bilməz. Ancaq o, Şuranın İdarə Heyətinin üzvü olaraq jurnalistika meyarlarını rəhbər tutdu, prinsipiallığını məhz bu aspektdən ortaya qoydu.
MŞ tədricən cəmiyyətdə, eləcə də media cameəsində möhkəmləndi, nüfuz qazandı, özünü medianın işlək özünütənzimləmə strukturu kimi təsdiqləməyi bacardı və tam qətiyyətlə deyə bilərəm ki, bu uğurlarda böyük pay sahiblərindən biri məhz Vüqar Rəhimzadədir. Onun peşəkarlığı ilə yanaşı, prinsipiallığa söykənən yorulmazlığı və ən əsası fədakarlığı öz sözünü dedi. Hərdən təəccüblənir və düşünürəm ki, Vüqarda bu qədər enerji hardandır? Ancaq çox da düşünmürəm. Vüqar Rəhimzadənin 50 il ərzində keçdiyi yola nəzər salıram.
Yubilyar jurnalistin həyat yolu rəvan olmayıb. Orta məktəbi bitirəndən dərhal sonra əmək fəaliyyətinə başlayıb. Fəhlə kimi çalışdığı “Azərneftkimyazavodtəmir” trestində yaradıcılığa olan meylini həmin müəssisənin çoxtirajlı “Böyük kimya uğrunda” qəzetində gerçəkliyə çevirib. Əvvəl qəzetin müxbiri, sonra redaktoru olub. Çox keçməyib ki, Rəhimzadənin sədaqət yolçuluğunun 26 ili tamam olmuş “İki sahil” mərhələsi başlayıb. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olan həmkarım 2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 2005-ci ildə “Əməkdar jurnalist” fəxri adına, 2011-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə və digər çoxsaylı mükafatlara layiq görülüb.
Vüqar Rəhimzadənin gələcəkdə daha böyük uğurlara imza atacağına inanıram. Bunun üçün geniş bazası, zəngin həyat təcrübəsi, insani dəyər və keyfiyyətləri özündə birləşdirən təkmil xarakteri var. Həyatda əldə etdiklərinin hamısı gərgin əməyinin, halal zəhmətinin məhsuludur.
Yubilyar jurnalist peşə prinsiplərinə, dövlətçilik ruhuna sədaqətini səmimiyyəti, təvazökarlığı və həssaslığı ilə tamamlamağı bacaran dəyərli həmkar olmaqla yanaşı, qayğıkeş ailə başçısı və mehriban dostdur. Elə oxuduğunuz yazı da dost barədə düşüncələrimdir. Hesab edirəm ki, sözümün bu yerində düşüncələri arzularla əvəzləməyin tam zamanıdır.
Arzum isə dostumu daim sağlam, gümrah, enerjili və faydalı görməkdir. Arzum dostumun özü üçün arzuladığı ən xoş günlərinə şahidlik etmək, onun sevincini bölüşməkdir.
Əziz dost, 50 yaşın həm özün, həm sənə dəyər verən hər kəs üçün xeyirli-uğurlu olsun! Həyatın bütün zirvələrinə layiqsən! Bir daha ürəkdən təbrik edirəm!
Uca Tanrı səni qorusun!
Əflatun Amaşov,
Mətbuat Şurasının sədri,
Milli Məclisin deputatı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
987 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...