Mediada yazı oğurluğu fəlakətli həddə çatıb - PROBLEM
"Müəllifi olduğum yazı sizin saytda yer alıb. Ancaq nə mənim imzama, nə də "Kaspi” qəzetinə istinad edilib. Üstəlik bununla bağlı məndən icazə də alınmayıb”. Özünü "nüfuzlu” sayan portallara və bəzi qəzetlərə bu mövzuda "əməkdaşlığa” etiraz edərək dəfələrlə telefon açmışam. Bəzən yazını səhifədən çıxarmağa, bəzən imzamı və ya qəzetin adını yazdırmağa müvəffəq olsam da, bəzi hallarda problemi ümumiyyətlə həll edə bilməmişəm. Yağışdan sonra göbələk kimi artan, heç bir ofisi, jurnalist kollektivi olmayan, sensasiya və İP ovuna çıxan bu tip veb səhifələrin hamısını izləməyə imkan olmadığından müəllif hüquqlarının pozulması və plagiat hallarının artması da gün-gündən çoxalır. Vəziyyətə nəzarət isə demək olar ki, yox dərəcəsindədir... İmzalarına hörmət edən müəlliflərin narazılığı və narahatlığı isə başadüşüləndir. Xüsusən əgər söhbət jurnalistin alnının təri, gözünün nuru ilə ərsəyə gələn, az qala tədqiqat işinə bərabər sayılan araşdırmalardan, eksklüziv müsahibələrdən, publisistik məqalələrdən, orijinal tərcümələrindən və s. gedirsə... Mediada müəllif hüquqları «KİV haqqında» və "Müəllif hüquqları» haqqında qanunlarla tənzimlənirsə də, problemin kökü çox dərindir. Media aləmində müəllifin hüquqlarının qorunması məsələsi aktual olaraq qalmaqdadır.
Media mütəxəssislərinin problemin həlli yollarını çözmək üçün irəli sürdükləri variantlar da hələlik müzakirə səviyyəsindədir.
Məsələ lokal deyil, qlobaldır...
Yeni texnologiyaların bəzən müəyyən problemlər yaratdığını təəssüflə qeyd edən Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərliinternetin ortaya çıxardığı qlobal problemlər arasında ilk növbədə plagiat və müəllif hüquqlarının pozulması hallarına daha çox rast gəlindiyindən narazıdır. Plagiatın mediada yolverilməz olduğunu deyən M.Ələsgərlinin sözlərinə görə, bu, bir tərəfdən "KİV haqqında” qanunun pozulmasına səbəb olursa, digər tərəfdən jurnalistlərin etik kodeksi ilə qadağan olunan haldır. Belə ki, kodeksin 4-cü prinsipi birbaşa plagiat hallarına yol verilməsini inkar edir. Yəni informasiyanın istinadsız verilməsi və yayılması, müəllifinin qeyd edilməməsi birbaşa pislənilən haldır: "Bununla belə, bu cür hallar kifayət qədər baş verir. Problemlə bağlı Mətbuat Şurasına da dəfələrlə müraciətlər olunur. Bu məsələləri araşdırmaq, qurumun missiyalarından biridir. O mənada ki, qurumun məsələlərə baxışı etik kodeks üzərindən olur. Amma qurumun funksiyası məsələni pisləməkdən uzağa keçmir. Mahiyyət etibarı ilə yanaşanda qurumun məsələ ilə bağlı kimisə qınaması ciddi məsələdir. KİV-lərin ilk növbədə gəliri onun nüfuzundan, oxucu auditoriyası qarşısında qazandığı etimaddan asılıdır. Əgər Mətbuat Şurası KİV-də hansısa etik kodeksin pozulması haqqında məlumat verirsə, demək, orada plagiat hallarına yol verilir. Bu, əslində ictimai rəydə onların nüfuzuna zərər gəlməsi üçün mühüm amillərdən biridir. KİV-lər də bunu mütləq şəkildə nəzərə almalıdırlar”. Məsələnin təkcə ictimai qınaq forması ilə bitmədiyini deyən MŞ sədrinin müavini həmçinin problemin «KİV haqqında» qanun əsasında hüquqi tənzimlənməsinin mövcudluğunu deyir. Eyni zamanda, müəllif hüquqları digər qanunlarla da qorunur. Bu qanunları pozmağa görə hüquqi ölçülər nəzərdə tutulur: "Ölkədə müəllif hüquqlarının qorunması ilə bağlı xüsusi agentliklər var. Ancaq hələ ki, internet və media ilə bağlı müəllif hüquqlarının qorunmasında konkret nəticələri müşahidə etmirik». Mediada müəllif hüquqlarının pozulmasını qlobal problem adlandıran M.Ələsgərli Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) tərkibində «Media və müəllif hüquqları» adı altında xüsusi komissiyanın fəaliyyət göstərdiyini qeyd edir: "Qurumda müəllif hüquqlarının qorunması üçün hansı prinsiplərə əməl olunması və texnologiyaların tətbiq olunması sahəsində yeni prinsiplər hazırlayıb cəmiyyətə ötürürlər. Bu da məsələnin lokal deyil, qlobal olduğunu, dünyanın hər yerində yayıldığını göstərir. Xüsusən internetin inkişaf etdiyi bir dövrdə problem daha qabarıq meydana çıxıb. Ölkədə bununla bağlı müxtəlif vəsaitlər dərc olunub. Məsələnin aktuallığını önə çəkərək hesab edirəm ki, bu sahədə hələ əlavə vəsaitlər buraxılmalı, maarifləndirmə işləri aparılmalıdır».
Cəzasızlıq mühitinin olması
«İstənilən KİV orqanı müəllif hüquqlarına hörmətlə yanaşmalı və prinsiplərini pozmamalıdır. Müəllifin imzasına istinad mütləq olmalıdır”- deyən media eksperti, hüquqşünas Ələsgər Məmmədlihesab edir ki, əgər müəllifin yazısı olduğu kimi çap olunacaqsa, onun icazəsi alınmalıdır: "Əgər yazı olduğu kimi və ya məqalənin bir hissəsi götürülərsə, mütləq müəllifin ad və soyadına istinad olunmalıdır”. Müəllif hüquqlarının pozulması ilə bağlı həm inzibati, həm də mülki məsuliyyətin olduğunu deyən hüquqşünas bildirir ki, jurnalist belə hallarla qarşılaşdığı zaman müəllif hüquqlarının qorunması istiqamətində həmin qəzetə təkzib verdirməli, buna nail olmadıqda məhkəməyə müraciət etməlidir: "Müəllif hüquqlarının pozulması hallarının kütləviləşməsinin əsas səbəblərindən biri internet medianın genişlənməsidir. İnternet üzərindən yaymaq asan olduğundan hər hansı bir məqalə xoşlarına gəldiyi zaman onu olduğu kimi mənimsəyirlər. Yazını öz saytlarında yerləşdirmək "copy-paste” ilə çox asan başa gəlir. Yayımın rahatlaşması bu işə yol açıb. Həmçinin peşəkar jurnalist kimi araşdırıb ortaya yazı qoya bilməmək başqalarının əqli mülkiyyətini oğurlamağa yönəlir. Həmçinin bu sahədə cəzasızlıq mühitinin olması müəllif hüquqlarının pozulmasına yol açır».
Oğurluğa bərabər
Müəllif hüquqlarının pozulması hallarını, plagiatı həyatda baş verən digər cinayət hadisələrinə bərabər tutanlar da var. Oxşar oğurluq hadisələrinin son dövrlər mediada sürətlə yayıldığından gileylənən «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı intellektual məhsulun oğurlanmasını ağır cinayət hadisəsi ilə eyniləşdirir: "Ayrı-ayrı müəlliflərin yazılarının hətta cümləbəcümlə, başlığını dəyişdirmədən çap edir və öz imzalarını qoyurlar. Bu, plagiatdır, oğurluq hadisəsidir. Bu cür halların qarşısını almaq üçün müəyyən vəsaitlərdə müəllif hüquqlarının qorunması ilə bağlı qaydalar yer alıb. Həmçinin müəllif hüquqlarının qorunması ilə bağlı Agentlik fəaliyyət göstərir. Ancaq KİV-lərdə bu cür hallar baş verdikdə problem yaranır”. Baş redaktor hesab edir ki, bu sahədə jurnalistlərin hüquqlarını qoruyacaq Media Ombudsman İnstitutu olmadığından bu tip problemlr yaranır: "Bu institut müstəqil fəaliyyət göstərməlidir. Ancaq həmin institutun ayrıca fəaliyyəti qanundan çıxarılaraq insan hüquqları üzrə ombudsmana həvalə edildi. Hesab edirəm ki, media ombudsmanı müstəqil fəaliyyət göstərsə, bu cür məsələlərlə ciddi məşğul ola bilər”. A.Aşırlı məsələnin həllində həmçinin vicdan faktorunun da rol oynadığını qeyd edir. O mənada ki, başqasının zəhmətinin məhsuluna əl uzadan saytın və ya qəzetin rəhbəri vicdan hissini itirməməli, intellektual mülkiyyətin toxunulmazlığı hüququnu tanımalıdır: "Çünki jurnalist bir yazını yazarkən xeyli əziyyət çəkir. O yazını özününküləşdirmək nə qanuna, nə də vicdana sığır. Bu gün saytlar həddən artıq çoxdur, onlara nəzarət mexanizmi isə zəifdir”. Baş redaktor hesab edir ki, belə vəziyyətlə üzləşən müəllif öz hüququnu qorumaq üçün məhkəməyə müraciət etməlidir. Hərçənd bu amil jurnalistin hüququnu dərhal bərpa edən proses olmasa belə, başqa çıxış yolu yoxdur.
Mənəvi cinayət
Azvision.az saytının rəhbəri Vüsal Məmmədov mövzunu bütün ciddi media orqanları üçün böyük problem hesab edir: "Tanınan imzaların yazılarını, tanınmayan, hətta bəzən adı reketçilikdə hallanan saytlar yayımlayır. Nə müəllifin, nə də redaksiyanın razılığını almadan yazıları öz səhifələrində yayırlar. Müəlliflər isə yazılarının həmin saytlarda yer almasından narahat olur və zəng edərək öz narazılıqlarını bildirirlər. Həmin saytların rəhbərləri ilə problemi çözmək də olmur. Heç bir ofisi olmayan, qeydiyyata alınmayan bu tip saytların yerləşdikləri ünvan da bəlli deyil. Müəllif hüquqlarının pozulması bir tərəfə qalsın, bunun özü də böyük problemdir. Yazının başqa saytda yer alması üçün müəlliflə bərabər redaksiyanın da razılığı olmalıdır. İstinad isə bu razılıqlardan sonrakı mərhələdir. İstinad edəndə də yazının aşağısında mötərizə açıb saytın domenini göstərmədən yalnız tutaq ki, «azvision.az» yazmaq insanı ələ salmaqdır, istinad deyil. Özünə hörmət edən media orqanı hiperlinklə bu yazının hansı saytdan götürüldüyünü göstərir. Bunu etmirsə, mənbəsiz yazı oxucunu ələ salmaqdır”. Baş redaktor sovet dövründə də istinadsız yazıların mətbuatda yer aldığını xatırladır. Xüsusən «Mətbuatda yayılan xəbərlərə görə» kimi fikirlərə üstünlük verilib: "Ancaq qəzetlərin sayı az olduğundan oxşar plagiat hallarının miqdarı da az idi. Mətbuat Şurasının açıqladığı rəqəmlərə istinad etsək, hazırda 300-dan artıq sayt fəaliyyət göstərir. Bu baxımdan, media sahəsində yazı oğurluğu fəlakət həddə çatıb. Yazdığın, redaktə etdiyin yazını sayta qoyandan sonra sanki əlinə silah alıb keşikdə durmalısan. Burada məsələnin hüquqi tərəfindən başqa zəhmətin itirilməsinə səbəb olan mənəvi cinayət də var».
Onlayn Etik-Davranış Kodeksi
Bu gün internet mediada müəllif imzasının "itməsi”ni ən aktual problemlərdən biri hesab edən "Yeni Media Jurnalistləri” İB-nin sədri Xaqani Səfəroğlunun fikrincə, onlayn media kimi nəhəng okeanda bu prosesi tənzimləmək olduqca çətindir: "Yazı oğruluğu ilk növbədə özünə və peşəsinə hörmət etməyənlərin əməli sayılmalıdır. Çünki hər bir məqalə jurnalistin intellektual mülkiyyəti hesab olunur və qanunla qorunur. Lakin bu gün onlyan media əsrində KİV-in ənənəvi qaydalarının dağılması bu məsələni problemə çevirib”. Ekspert hesab edir ki, müəllif hüquqlarını ilk növbədə sayt rəhbərliyi qorumalıdır. Bu gün Azərbaycanda müəllif imzaları ilə bağlı yaranan problemə bir neçə baxışın olduğunu deyən İB sədri bir neçə il öncə saytlar üçün əsas problemin istinad etməklə bağlı olduğunu xatırlayır: "Saytlar başqa həmkarlarının məhsullarını heç bir mənbə göstərmədən, öz məhsulları kimi yayırdılar. Bununla bağlı aparıcı saytların güclü etirazı öz effektini verdi. Bu gün onlayn media əksər hallarda xəbəri götürdüyü sayta istinad edərək məqaləni yayımlayır. Lakin bu, bütün saytlara şamil edilə bilməz. Aqreqator portallar, müxtəlif subyektiv maraqlar üçün yaradılmış saytlar heç bir qayda-qanun gözləmədən, istinad etmədən xəbəri hələ də istinadsız paylaşırlar”. Ekspertin fikrincə, bunun qarşısını almaq üçün inzibati tədbirlərə əl atmaq effekt verməyəcək. Ən yaxşı yol media rəhbərlərinin bir araya toplaşaraq internet KİV-lər üçün onlayn etik-davranış kodeksini imzalamaqdır. X.Səfəroğlu hesab edir ki, jurnalistin müəlliflik hüququnun qorunması üçün saytlar hər hansı yazını yayımladıqları zaman imzanı göstərmələridir: "Əgər digər bir sayt həmin yazını istinadla da olsa belə, öz saytında yayımlayırsa, bu zaman hökmən imzanı göstərməlidir. Bu, həm də intellektual əməyə hörmət, internet okeanında imzanın itib-batmamasına səbəb ola bilər”.
Müəllif hüquqlarının, jurnalistin intellektual əməyinin qorunması üçün təbii ki, qanunvericilikdə bəzi dəyişikliklər etməyin vacibliyini ortaya çıxarır. Yəni, problemin həllini təkcə vicdanın ümidinə buraxmaq olmaz... \\kaspi.az\\
834 dəfə oxundu