Tanınmış həkim od püskürdü: Sertifikat imtahanları Azərbaycanda necə keçirilir?

Tanınmış həkim od püskürdü:
"Davamlı Tibbi Təhsil məsələsini də elə azərbaycansayağı həll etməyə başladıq".

Qaynarinfo xəbər verir ki, bu sözləri tanınmış həkim Qalib Əsədov Azərbaycanda həkimlərin sertifikasiyası prosesini şərh edərkən deyib.

Onun sözlərinə, Həkimləri Təkmilləşdirmə İnstitutu sözün hər mənasında hələ 60-cı ildədir:

"Bir neçə il bundan əvvəl Səhiyyə Nazirliyi Davamlı Tibbi Təhsil haqqında olduqca mühüm sənəd hazırladı. Əslində tam doğru qərar idi və özünü həkim adlandıran kəs, daim yenilikləri oxumalı, tibb elmində baş verən dəyişikliklərdən xəbər tutmalı və müalicədə tətbiq etməlidir. Yeri gəlmişkən, onu da deyim ki, Davamlı Tibbi Təhsil tək bizdə yox, demək olar ki, bütün ölkələrdə tətbiq olunur. Amma necə? Həkim il ərzində müəyyən saat həcmində elmi konfranslarda, seminarlarda iştirak etməlidir. Əgər 5 il ərzində konfransda iştirak etməyibsə, eyni zamanda həkimlik fəaliyyəti ilə məşğul olmayıbsa, ancaq və ancaq, bu zaman imtahan verməlidir.

Bəz bizdə? Davamlı Tibbi Təhsil məsələsini də elə azərbaycansayağı həll etməyə başladıq. Sovetlərdən qalan bir Həkimləri Təkmilləşdirmə İnstitutu var. Doğrudur, mən özüm də sovetlərdən qalmışam. Amma mən heç olmasa 3-4 ildən bir xaricə gedirəm, yeni materialları öyrənirəm, dünyada baş verən tibbi hadisələrlə maraqlanıram. Bu institutda isə sözün hər mənasında hələ 60-cı ildir. Və biz həkimləri məcbur edirlər ki, hər il o İnstituta filan qədər pul ödəyək ki, "kredit" adlandırdıqları bal versinlər. Kredit olmasa, sertifikat imtahanına buraxılmayacağıq. Sertifikat imtahanının suallarını kim tərtib edib, bilmirəm, amma tam əminəm ki, 1950-ci illərin rus kitablarından tərcümə əsasında yaradılmış, olduqca primitiv və indi elmi təsdiqini tapmayan suallar. Təsəvvür edin, Beynəlxalq nüfuzlu elmi praktik konfransda iştirak edirsən, kredit yoxdur, amma Həkimləri Təkmilləşdirmə İnstitunun Balansına pul keçirirsən - 60 kredit hazırdır. Bunun nəyi Davamlı Tibbi Təhsil oldu?

Sertifikat imtahanları da həmçinin. Hər 5 ildən bir pul keçirib, müalicədə heç bir rolu olmayan, ücüncü kursda tələbə vaxtı keçdiyimiz suallara cavab verməliyik. Yeri gəlmişkən, suallar da, cavablar da əvvəlcədən var və "almaq" olur. Sadəcə yaxşı əzbərçilik lazımdır.

Belə olmaz cənablar! Ətrafda XXİ əsrdir! İnsanlar Səhiyyə sisteminin indiki durumundan narazıdır və haqları da var. Məqsəd yaxşı həkim kadrları hazırlamaqdırsa, lütfən heç uzağa getmək lazım deyil, qardaş Türkiyənin təcrübəsini tətbiq edin..."



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
974 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...