“Fuad-Kimya Servis”ə 174 minlik tender verildi – 4 il əvvəl cinayət işi açılmışdı
Bakı Baş Səhiyyə Mərkəzi qurumun tabeliyində olan tibb müəssisələri üçün təmizlik vasitələrin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Fuad-Kimya Servis” MMC olub. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 174.404 AZN təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Fuad-Kimya Servis” MMC 16 sentyabr 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev29/27, mənzil 23-də yerıəşir.
MMC-nin qanuni təmsilçisi Bağırov Bağır Ağakərim oğludur.
2019-cu ildə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 1A ünvanında yerləşən “Fuad-Kimya-Servis” MMC-yə məxsus yuyucu tozların istehsalının həyata keçirildiyi sexə baxış keçirilib. Bu zaman üzərlərinə “Calgon”, “Comet”, “ACE”, “Domestos” yuyucu tozların və mayelərin adı yazılmış və həmin malların qablaşdırılmasında istifadə olunan karton materiallar, etiketlər, üzlüklər və boş polietilen paketlər aşkar edilərək götürülüb.
Məlumatda daha sonra qeyd edilir ki, məhkəmə-ekspertizanın rəyinə görə, sexdəki kimyəvi-təmizləyici maddələr tərkibinə, keyfiyyət göstəricilərinə görə standartların tələbərinə uyğun gəlməyib. Ölçüləri, çəkiləri qablaşdırmanın üzərində qeyd edilən ölçü və çəkilərlə eynilik təşkil etməyib.
İş üzrə Anar Qasımov, Natiq Novruzov, Vidadi Əliyev və Ülvi Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilib. Onlara Cinayət Məcəlləsinin 192.2.1, 197.2, 206.3.1 və 206.3.2-ci maddələrində nəzərdə tutulan ittiham elan edilib. Barələrində Binəqədi Rayon Məhkəməsinin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Bu işin sonrakı taleyi barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.
“Dövlət satınalmaları haqqında” Qanunun 6.2.6-cı maddəsinə görə, tenderlərdə iştirak edəcək podratçılar satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri ilə əlaqədar cinayətə görə məhkum olunmamalıdır.
Bu hadisə 4 il əvvəl baş verib. Göründüyü kimi qanun “Fuad-Kimya Servis” MMC-nin tenderlərdə iştirakını qadağan edir.
463 dəfə oxundu